Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:56

KTMT də sərhədə missiya göndərməyə hazırdır


Ararat Mirzoyan və Sergey Lavrov
Ararat Mirzoyan və Sergey Lavrov

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Azərbaycanla sərhədinə müşahidəçilər göndərməyə hazırdır. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dünən – oktyabrın 12-də ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Qazaxıstan paytaxtı Astanada keçirilən görüşdə tərəflər ötənaykı sərhəd toqquşmalarından sonra Qərb güclərinin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında yüksək səviyyəli danışıqları müzakirə ediblər. Toqquşmalarda azı 280 hərbçi həlak olub.

“Şayiə və spekulyasiyalar...”

Lavrov 2020-ci ilin Qarabağ müharibəsindən sonra Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların sürətli icrasına çağırıb.

44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıblar.

Müharibədən sonra əldə olunmuş üçtərəfli razılaşmalar, əsasən, regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur.

“Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub. Kütləvi informasiya vasitələri şayiə və spekulyasiya ilə doludur”, – Lavrov deyib.

Oktyabrın 6-da Praqada Azərbaycan-Ermənistan sammiti keçirilib. Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra deyib ki, sülh sazişi ilin sonunadək imzalana bilər.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Rusiyanın mövqeyi

Tərəflər həmçinin sərhədə Avropa İttifaqı (Aİ) missiyasının göndərilməsinə razılıq veriblər. Bu həftə yayılmış xəbərlərə görə, missiyanın 50 üzvü olacaq. Sərhəddəki vəziyyətin monitorinqini aparacaq missiya bu aydan başlayaraq iki ay ərzində gerçəkləşəcək.

Mirzoyan ABŞ və Aİ-nin son vaxtlar gücləndirdiyi, Rusiyanın tənqid etdiyi diplomatik fəaliyyətindən danışıb.

“Vasitəçilik cəhdləri təklif edən tərəflər çoxdur və Rusiyanın bu məsələlərdə mövqeyini bilmək bizim üçün çox vacibdir. Rusiyanın dəstəyini hiss etmək və Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaqdan ötrü üçtərəfli razılaşmalar ruhunda irəliləmək istəyirik”, – o deyib.

Mirzoyanın sözlərinə görə, Yerevan özəlliklə 13-14 sentyabr sərhəd toqquşmaları ilə bağlı Moskvadan “aydın mövqe” gözləyir.

KTMT köməyə gəlmədi

Ermənistan həmin toqquşmalar zamanı Azərbaycanın sərhəd boyunca müxtəlif mövqeləri tutduğunu deyir. Azərbaycan isə müdaxilə ittihamlarını rədd edir, sərhədlərin delimitasiya olunmadığını əsas gətirir.

Yerevan irimiqyaslı döyüşlər başlayan kimi Rusiya və KTMT-yə hərbi yardım üçün müraciət edib. Ancaq Moskva hərbi müdaxilə qərarı vermədi, Ermənistana faktaraşdırıcı missiyalar göndərdi.

Yerevan da öz növbəsində müttəfiqlərin dəstək verməməsini pisləyib, ABŞ və Aİ-nin Azərbaycanı qüvvələrini Ermənistan ərazisindən çıxarmaqla bağlı bəyanatlarını isə alqışlayıb.

Aİ-nin sərhədə missiya göndərmək planlarını Rusiya XİN dərhal pisləyib, bunu Qərbin Ermənistan-Azərbaycan sülh prosesinə “soxulmaq” və Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdi kimi qiymətləndirib.

Mirzoyan missiya fikrini alqışlayır

Lavrov dünənki görüşdə deyib ki, KTMT də Ermənistana monitorinq missiyası göndərməyə hazırdır. Onun sözlərinə görə, blokun faktaraşdırıcı missiyaları da bunu tövsiyə edib. Lavrov deyib ki, bundan ötrü qurumun Kollektiv Təhlükəsizlik Şurasının qərarı olmalıdır, şuranın hazırkı sədri Ermənistandır.

Mirzoyan isə ölkəsinin KTMT missiyasının yerləşdirilməsini alqışladığını söyləyib.

Lavrovla Mirzoyan Qazaxıstan paytaxtında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla da görüşməlidirlər.

Rusiya Prezidenti Vladimir Putinin müşaviri isə dünən deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevi görüşdürmək istəyir. Yuri Uşakovun dediyinə görə, Putin Astanada Əliyevlə görüşəndə üçtərəfli sammit təklifi irəli sürəcək.

2020-ci il müharibəsində atəşkəs, sonrakı ikitərəfli təmaslar əsasən Rusiyanın vasitəçiliyi ilə gerçəkləşib. Ancaq Qərb də vasitəçilik cəhdləri göstərib, bu səylər özəlliklə, bu ilin əvvəlində Rusiya Ukraynaya hərbi təcavüzə başlayandan intensivləşib.

XS
SM
MD
LG