Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:51

Kartof əkmək istədi, toyuq-cücəsini də itirdi


İllüstrasiya
İllüstrasiya

►“Kreditlər ancaq məmurların yaxınlarına verilir.

Lerikli Azər Əkbərov kartofçuluqla məşğul olmaq fikrinə düşməklə özünü işə salıb – 6 hektar sahəyə kartof toxumu səpdirmək üçün dəridən-qabıqdan çıxıb, toyuq-cücəsini də satıb, ancaq heç nə əldə edə bilməyib.

Axırıncı qəpiyinə qədər sahəyə xərcləyən kəndli indi unu dükandan nisyə alır. Niyə bu vəziyyətə düşüb, ambudərəli sakin özü danışır:

“Bura dağ kəndidir. Bu kənddə, əsasən, kartofçuluqla dolanırlar. Ailə vəziyyətim ağır olduğu üçün atam, anam, qardaşım – hamı öz torpaq payını mənə bağışlayıb ki, əkim, satım, dolanım. Ancaq illərdir, ölü torpaq kimi qalmışdı. Su yox, texnika yox, gübrə yox, toxum yox… Yanvarın axırı prezidentimiz icra başçılarını yığdı, tapşırıq verdi ki, “kəndliyə, fermerə, sahibkara kömək edin”. Elə inandırıcı danışdı ki, dedim, “şükür, axır ki, illərlə istifadəsiz qalan pay torpaqlarımız canlanacaq, xeyir-bərəkətini görəcəyik”. Eləmədim tənbəllik, girdim borca, sahəsi 6 hektar 17 sot olan torpağıma 2 min metr məsafədən polietilen boruyla su çəkdirdim. 100-ə yaxın toyuq-cücəni satıb traktor tutdum, sotu 2 manatdan torpağı şumlatdırdım”.

“BAŞÇI DEDİ, BANK ÜSTÜNDƏ OTURMUŞAM?”

Kəndli sahəni istifadə üçün yararlı vəziyyətə gətirəndən sonra qalıb toxum səpmək:

“6 hektar sahəyə azı 200 kilo kartof almaq lazımdır, gübrə lazımdır. Buna da pul yoxdur. Getdim icra hakimiyyətinə, dedim, “borc-xərc sahəni birtəhər düzüb-qoşmuşam. Mənə kömək edin, əkim, becərim, inkişaf elətdirim, ailəmi dolandırım”. Başçı dedi, “bura niyə gəlmisən? Bura səninçün bankdır? Mən bank üstündə oturmuşam?””

İş orasındadır, kəndli icra hakimiyyətinə getməmişdən əvvəl banklara da baş çəkib. Ancaq banklar qapılarını onun üzünə bağlayıblar:

“Bütün sənədlərimi təqdim elədim, bir neçə bankı gəzdim. Dedilər “yoxee, a kişi, subsidiyadı, kreditdi, bunlar ancaq öz adamlarına verilir, özünü yorma”. Baxıram ki, bunların dedikləri gerçəkliyə daha yaxındır, nəinki prezidentin danışıqları… Doğrudan da, kreditlər, subsidiyalar ancaq məmurların yaxınlarına verilir. Bu rayonda təsərrüfatını genişləndirən də onlardır, banklardan iri pullar çıxaran da. Mənimkimiləri isə durar iş görməyə, ortada axırıncı toyuq-cücəsini itirər”.

Bankları, qurumları gəzib-dolaşıb “yox” cavabı alandan sonra əllərini-qollarını sallayıb qayıdıb evinə. Evdə də bir çətən ac…

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İKİ DİRƏYİN ÜSTÜNDƏ YAŞAYAN AİLƏ

“Evimiz-eşiyimiz də yox idi. Bir kənd adamı rəhmətə getdi, onun evinə girdik. İkimərtəbəli, qədimi evdir, birinci mərtəbəsi dağılıb, evin bir hissəsi dirəklərin üstündə dayanıb, biz də yığışmışıq həmin otağa. Yoldaşımdır, üç övladımdır, üçü də azyaşlıdılar. Böyüyünün 17 yaşı var, 10 ildir ki, yataq xəstəsidir. Hər ay dava-dərmana azı 200 manat xərcləyirik. Dərmanpulu dilənməyə qapı qalmayıb. Bu gün utana-utana mağazadan 20 kilo nisyə un almışam ki, heç nə olmasa da, yavan cörəyimiz olsun”.

Belə bir vaxtda qaz idarəsinin işçiləri 80 manat borca görə qazı da kəsiblər. Azər Əkbərov deyir, şaxta iliyi kəsən dağ kəndində odun olmayan yerdə qazın da kəsilməsi uşaqların vəziyyətini lap ağırlaşdırıb.

– İş üçün məşğulluq mərkəzlərinə müraciət etmisinizmi? Bəlkə sizə münasib iş təklif olunar?

– 1 ilə yaxındır, həyat yoldaşım da, özüm də rayon məşğulluq mərkəzində qeydiyyatdayıq. Elə həftə olmur ki, gedib işlə maraqlanmayım. Özləri də etiraf edirlər ki, hamısı boş söhbətlərdir, iş nə gəzir… Olanda da öz qohum-əqrəbalarını yerləşdirirlər. 10 gün əvvəl kənd məktəbində xadimə yeri boşaldı, qaça-qaça getdim icra hakimiyyətinə, xahiş elədim ki, o işi yoldaşıma versinlər. Məni arxayın elədilər, 2-3 gün sonra eşitdim ki, həmin işə 70 baş mal-qarası, azı 100 baş qoyunu olan adamın yoldaşını götürüblər.

İCRA HAKİMİYYƏTİ: ALLAH KÖMƏYİ OLSUN

Lerik rayon icra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, Azər Əkbərovun durumu barədə məlumatlıdılar:

“Dəfələrlə bura gəlib, kömək istəyib, sonuncu dəfə gələndə dedi, “kömək eləyin, kartof əkim”. Ona hara müraciət etmək lazımdırsa, izah olundu. Qurumun elə bir imkanı və vəzifəsi yoxdur ki, kəndli üçün toxum, gübrə alsın. Allah köməyi olsun”.

Azər Əkbərov AzadlıqRadiosuna deyir ki, əgər hökumət ona sahəni əkməyə yardım etməsə, həyat yoldaşı ilə birlikdə aclıq aksiyasına başlayacaq.

Buna da bax...

Fəhlələr "Azİmport"dan pullarını ala bilmirlər
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

XS
SM
MD
LG