Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:45

Maaş kartının 'dava'sını çəkən usta işsiz qalıb


Fəhlə. Foto illüstrasiya
Fəhlə. Foto illüstrasiya

«Fəhlələr işlərini itirməmək üçün başlarına açılan oyunlara dözüb susmağa üstünlük verirlər. Mənim kimi səbri tükənib etiraz edənlərə isə şirkət rəhbərliyi qapını göstərir. Heç quldarlıq dövründə də insana münasibət belə olmayıb».

Sakit Əliyev AzadlıqRadiosuna danışır ki, Dövlət Neft Şirkətinin (SOCAR) karbamid, sonra da polimer zavodlarının tikintisində qəlib- beton ustası işləyib. Deyir, özünün və başqa fəhlələrin maaş kartının əllərindən alınmasına, istənilən vaxt maaşlarının başqaları tərəfindən kartdan çəkilməsinə, maaşların gecikdirilməsinə, iş saatının ödənişsiz 16 saata çatdırılmasına etiraz etdiyi üçün işdən qovulub:

ETİRAZA GÖRƏ İŞDƏN QOVULUB

«2016-cı ilin aprelindən karbamid zavodunda işləmişəm. Ötən ilin dekabrında oradan polimer zavoduna göndərilmişəm. Hər iki zavodda fəhlə təbəqəsinə xirtdəyədək qanunsuzluq, hörmətsizlik gördüm. Bu il aprelin 3-də səhər briqadir gəlib bildirdi ki, «bundan sonra 15 saat işləyəcəksiz». Mən də etiraz etdim, tələb etdim ki, fevraldan yığılıb qalan maaşımızı versinlər, üstəlik də fəhləni 15 saat işlətməzlər. İş icraçıları mənə irad tutdular ki, guya fəhlələri qızışdırıram. Dedim, «gecikmiş maaşını tələb etmək, 15 saat işləməyə etiraz etmək nə vaxtdan təxribat hesab olunub?». Həmin gündən də elan etdilər ki, «işdən azadsan». Şirkətə giriş kartımı da bağladılar».

***Buna da bax-Xadimə: 'Yarımştat - 50 manat maaşla məni işdən çıxarmaq istəyirlər'

S.Əliyev deyir, işdən qovulmasının daha bir səbəbi heç vaxt öz cibində gəzdirmədiyi maaş kartını tələb etməsi olub: «Karbamid zavodunda kartımız özümüzdəydi. Ancaq polimer zavodunda maaşı iki nəfər «Bank Avrasiya»dan kartla çıxarıb gətirib işçilərə paylayırlar. Təqribən 450 işçidən yalnız 20-30 nəfərin kartı özündədir, onlar da ofisdə çalışanlardır. Fəhlə heyətinin əli hələ maaş kartına dəyməyib. Mən də tələb etdim ki, maaş kartımı özümə qaytarsınlar. Axı mənim maaş kartım niyə başqasının cibində olmalıdır? Düzdür, kartımı qaytardılar, ancaq sonra da işdən qovdular. İndi o kart da əhəmiyyətini itirib».

MÜRACİƏTLƏRƏ CAVAB YOXDUR

Martın 14-də o, maaşların gecikdirilməsi və iddia etdiyi kimi, başqa özbaşınalıqlara görə birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: «Haralara müraciət etmişəmsə, qəbzləri əlimdədir. Heç birindən cavab da almadım, əvəzində şirkətdə mənə təzyiqlər artdı».

***Buna da bax-Bakılı işsizin hekayəti

SOCAR-dan «Qaynar xətt»ə bildirilib ki, Sumqayıtda və Zeynalabdin Tağıyev qəsəbəsində tikilən karbamid və polimer zavodlarının fəhlə briqadaları podratçı şirkətlə müqavilə bağlayıb çalışırlar. SOCAR fəhlələrin maaşını hər ay vaxtında podratçı şirkətə ödəyir.

Podratçı şirkət «Astexnoservis» MMC-dir. Şirkətdən «Qaynar xətt»ə bildirilib ki, zavodun tikinti layihəsində çalışan fəhlələrin maaş kartlarına müdaxilə, iş saatının artırılması, maaşların gecikməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil.

MÜQAVİLƏNİN SURƏTİ ONA VERİLMƏYİB

S.Əliyev iddia edir ki, şirkət əvvəl onunla qısamüddətli, ötən ilin avqustunda isə 3 illik əmək müqaviləsi bağlayıb. Lakin müqavilənin surəti ona verilməyib. Şirkətdən keçmiş ustayla bağlanmış müqaviləylə bağlı dəqiqləşdirmələr aparıb məlumat verəcəklərini bildirdilər.

Hüquqşünas Vaqif Alıyev deyir, məsələni çətinləşdirən səbəb S.Əliyevlə bağlanmış müqavilənin surətinin şikayətçidə olmamasıdır: «Əvvəla, Sakit Əliyev Əmək Müfəttişliyinə müraciət etməlidir. Hazırda o, məsələni hüquq müstəvisinə çıxarmaqdan məhrumdur. Çünki əlində nə müqavilə, nə də işdən çıxarılmaq haqqında əmr var. İddia müddəti bitdikdən sonra isə məhkəməyə müraciətdə də gecikəcək».

Hüquqşünas deyir, ilk növbədə bağlanmış müqavilənin və işdən çıxarılma haqqında əmrin surətlərini əldə etmək lazımdır. Daha sonra növbəti hüquqi addımlar atılmalıdır.

XS
SM
MD
LG