Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

Sinovac xəstəliyin ağırlaşmasından yaxşı qoruyurmuş


Türkiyədən Qırğızıstana Sinovac vaksini göndərilib
Türkiyədən Qırğızıstana Sinovac vaksini göndərilib

Malayziya hökumətinin araşdırması üzə çıxarıb ki, Sinovac vurdurmuş 7.2 milyon nəfərin 0.011%-nin COVID-19-a yoluxandan sonra reanimasiya şöbəsində müalicəyə ehtiyacı yaranıb

Çinin Sinovac (SVA.O) şirkətinin COVID-19-a qarşı vaksini xəstəliyin ağırlaşmasına qarşı yüksək effekt göstərir. Real dataya əsaslanan bu böyük tədqiqatın nəticələri Malayziyada açıqlanıb. Eyni zamanda rəqib Pfizer/BioNTech və AstraZeneca vaksinləri daha yaxşı qoruma ortaya qoyduğu da vurğulanır.

“Reuters” sözügedən araşdırmanın Çin şirkətinə böyük dəstək olduğunu yazır. Axı onun COVID-19-a qarşı vaksininin effekti getdikcə daha çox sual doğururdu, İndoneziya və Tailandda Sinovac-la peyvəndlənmiş tibb işçiləri arasında yoluxmalar barədə xəbərlər gəlirdi.

Malayziya hökumətinin araşdırması üzə çıxarıb ki, Sinovac vurdurmuş 7.2 milyon nəfərin 0.011%-nin COVID-19-a yoluxandan sonra reanimasiya şöbəsində müalicəyə ehtiyacı yaranıb.

Digər vaksinlərlə müqayisə

Müqayisə üçün, Pfizer (PFE.N)/BioNTech (22UAy.DE) şirkətlərinin peyvəndi vurulmuş 6.5 milyon nəfərin 0.002, AstraZeneca (AZN.L) dozası ilə peyvəndlənmiş 744 min 958 min nəfərin isə 0.001 faizinə intensiv müalicə gərəkib.

Araşdırmanı aparmış Klinik Tədqiqatlar İnstitutunun direktoru Kalayarasu Peariasami deyib ki, vaksinlər, brendindən asılı olmayaraq, reanimasiyaya yerləşdirilmə riskini 83%, ölüm riskini isə 88% azaldıb. Bu araşdırma isə 1.26 milyon nəfər üzərində aparılıb.

“Reanimasiyaya yerləşdirilmə göstəricisi çox aşağıdır”, – deyən həkim tam peyvəndlənmiş şəxslərin yalnız 0.0066%-nin reanimasiyaya ehtiyacı yarandığını qeyd edib.

Tam vaksinlənmiş şəxslər üzrə ölüm göstəricisi 0.01% olub. Onların çoxunun yaşı 60-dan yuxarı, yan xəstəlikləri olan şəxslər imiş.

Demoqrafik fərqlər

Üç vaksini qəbul edənlərin demoqrafik göstəricilərində də fərqlər var. AstraZeneca vurduranların çoxu “orta-yetkinlik yaşı”nda, Pfizer və Sinovac dozaları qəbul edənlər isə “daha çox həssas təbəqələrin təmsilçiləri” imiş.

Malayziya iyulda bəyan edib ki, Sinovac vaksini ehtiyatı qurtaran kimi onun vurulmasını dayandıracaq, çünki vaksinasiya proqramı üçün yetərincə digər vaksinləri var.

Sinovac-dan Çin, İndoneziya, Tailand və Braziliya daxil bir çox ölkələrdə geniş istifadə olunub. Şirkətin bu ayın əvvəlində bildirməsinə görə, Çini və xaricə 1.8 milyard doza vaksinlə təchiz edib.

Malayziya 32 milyonluq əhalisinin 58.7%-nin tam, 68.8%-nin azı bir dozayla peyvənd olunduğunu bildirir.

XS
SM
MD
LG