Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:13

Bir ildir məktəbə getməyən uşağın babasının şikayəti


Məktəbli (Foto arxiv)
Məktəbli (Foto arxiv)

Masallı rayonunun Ərkivan qəsəbə sakini Zahir Əmənov deyir ki, onun 10-yaşlı nəvəsi nə yazmaq bilir, nə də oxumaq. Onun deməsinə görə, nəvəsinin yaddaşında problemi var.

"Bir ildir məktəbə getmir"

Z.Əmənov əlavə edir ki, uşağa diaqnoz qoymaq üçün neçə aydır ki, tibb müəssisələrini gəzirlər: "Ərkivan 1 saylı məktəbdə oxuyurdu. Heç nə yadında qalmırdı. Məktəbdən çıxartdıq. Bir ildir məktəbə getmir. Onunla danışanda baxa-baxa qalır. Yaddaşında problem var".

Babanın vurğulamasına görə, müxtəlif səhiyyə müəssisələrində olublar, nəvəsi müayinələrdən keçib: "Dedilər ki, xəstəliyi müəyyənləşməlidir. Rayonda xəstəliyi müəyyən edə bilmədilər. Apardıq Bakıya. Təsdiq etdilər ki, bunda yaddaş qüsuru var. Fikirləşdik ki, xəstəliyi müəyyənləşibsə, onun pensiya təyinatında problem olmayacaq. Amma gözlədiyimiz kimi olmadı".

"Hər dəfə gedirik, deyirlər, növbə var"

O deyir ki, müraciət etdikləri səhiyyə ocaqlarında adamı get-gələ salırlar: "Bakıdan qayıdandan sonra dedilər ki, uşağı Lənkəran şəhər Regional Psixiatriya Xəstəxanasına aparmaq lazımdır. Orada da xəstəliyi təsdiqini tapdı. Müayinədən keçdi... Yenidən Masallıya göndərdilər. Masallıda komissiya yekdilliklə rəy verdi ki, bunda xəstəlik var. Yenidən getdik Lənkərana. Lənkəran bunu ya qaytarmalı idi, ya da təsdiq etməli idi. Bizə cavab verməlidirlər. Hər dəfə gedirik, deyirlər, növbə var".

Z.Əmənov xatırladır ki, Masallıdan Lənkərana 30 kilometrə yaxın yoldur: "Heç olmasa, desinlər ki, növbədə neçənciyik. Haçan bu növbə çatacaq? Bu uşaq əlifbanı bilmir, adını yaza bilmir. Müəllim ayrılmalıdır, pensiya təyin edilməlidir. Tam qapalı şəraitdə işləyirlər. Yeri gələndə deyirlər ki, uşağı qabağa salsaq, başqaları nə deyər? Başqaları kimdir? Növbəni müəyyənləşdirsinlər, biz də həmin vaxtda gələk".

Baş həkim: "Heç kimin haqqı pozulmur"

Lənkəran şəhər Regional Psixiatriya Xəstəxanasının baş həkimi Ramil Hüseynzadə də onlara müraciət edən xəstələrin sayının çox olduğunu, buna görə növbə yarandığını deyir: "Mən o adamın sənədinə baxmamışam. Altı rayondan gələn sənədlər işlənməlidir. İnanılmaz iş var burada. Hələ dekabr və yanvar aylarının sənədləri işlənilib. Heç kimin haqqı pozulmur. Növbə var. Uşaqların sənədlərinə birinci növbədə baxılır".

Baş həkimin vurğulamasına görə, onlara bütün müraciət edənlərə cavab veriləcək: "Bura gəlməyə ehtiyac yoxdur. Biz onlayn qaydada sənədləri işləyirik. Pensiya məsələsinin təhsillə əlaqəsi yoxdur. Təqaüd almadan da müəllim müəyyənləşdirilə bilər. Hər bir xəstənin diaqnozu var, ona uyğun olaraq işlənilir, növbə sistemidir".

Şikayət ilə bağlı yerli təhsil şöbəsi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG