Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:37

Yağış bir yaşayış massivinin sakinlərini dilə gətirdi


Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod sakinləri
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod sakinləri. Arxiv videosu

«Haradasa 10 il əvvəl İlham Əliyev «birinci sahə» yaşayış massivinə gəlmişdi. Deyəsən, orda yolun açılışını edirdi. Asfalt yoldan keçdi getdi, bizim küçələrə tərəf boylanmadı. Bizim küçədə yaşayan bir xanım ona elə həmin tədbirdə məktub ötürdü. Hacıbala müəllim (BŞİH başçısı Hacıbala Abutalıbov) xanıma söz verdi ki, «gələn il bu vaxt sizin də yollarınız çəkiləcək». 10 ildən çox keçir».

Bunu AzadlıqRadiosuna Maştağa qəsəbəsi, «subtropik gülçülük sovxozunun ikinci sahəsi» deyilən ərazidə yaşayan Cəmilə Nəsibova deyir.

«NƏCİS QUYULARI DAŞIR»

Mayın 11-dən 12-nə keçən gecə yağan yağış bu ərazidə yaşayanları dilə gətirib. Küçələri, həyətləri su basıb, nəcis quyularındakı çirkab sular daşaraq su quyularına qarışıb.

Cəmilə xanımın sözlərinə görə, vaxtilə gülçülük sovxozunda işləyib. Sovxoz dağılandan sonra əmlak bölüşdürüləndə ona da pay düşüb, öz torpaq payında ev tikib. Ancaq çox peşmandır:

«Bu torpaqlar sovxozun olub, sonra da adamlara verilib. Ancaq torpaq paylananda nəzərə alan olmayıb ki, sabah bu adamlar burada ev tikib yaşayanda bunlara yol, su, qaz, işıq, kanalizasiya lazım olacaq. Yağış yağanda sular həyətlərdəki nəcis quyularına yığılır, o quyular da daşır, həyətdəki içməli su quyusuna tökülür. Adamlar da oradan su çəkib içirlər və məişətdə istifadə edirlər. Xəstəliyə tutulanlar var».

«TANK BOYDA MAŞINLARLA KEÇİRLƏR»

Yaşayış massivinin sakini Tural Şəmiyev deyir, ərazidə asfalt yol yoxdur. İnsanlar məmurların villalarına uzanan şüşə kimi asfalt yollardan keçib öz məhəllələrindəki torpaqlı, daş-kəsəkli yola girirlər:

Apardı sular Bakını
Gözlə
Embed

No media source currently available

0:00 0:02:22 0:00

«Gecə yağış yağıb, səhər yollarda iri gölməçələr yaranıb, həyətlər suyla dolub, yenə nəcis quyuları daşıb, pis qoxu küçələri bürüyüb. Sağda, solda məmurların villaları var. Hərə öz villasına asfalt yol çəkdirib. Hər gün tank boyda maşınlarıyla bu palçıqlı yolumuzun böyründən keçib gedirlər. Özlərini də görməməzliyə vururlar».

Ərazidə məktəb və uşaq bağçası yoxdur. Məktəblilər piyada xeyli yol qət edib Maştağadakı məktəblərə gedib gəlirlər. Qışda yolları palçıq, su tutduğundan davamiyyətləri pozulur. Yaşayış massivində məktəb və uşaq bağçalarının açılması üçün sakinlərin aidiyyəti qurumlara müraciətləri isə havada qalıb.

«SOSİAL PROBLEMLƏR VAR»

Sakin Tural Şəmiyev davam edir:

«Yer ayırmışdılar ki, guya məktəb tikəcəklər. Bir də gördük, oranı da satıblar, evlər tikilir. Uşaqlarımız Maştağayadək ayaqlarına sellofan bağlayıb gedirlər. Dəfələrlə çəkiliş aparılıb, bütün problemlərimizi saymışıq, biri də həllini tapmayıb. Su yoxdur, kanalizasiya yoxdur, bunlar bir tərəfə, yüzlərlə ailənin yaşadığı ərazidə evlərin ünvanı da yoxdur. Təcili yardım gəlir, evi tapa bilmir, geri qayıdır. Halbuki, burada yüzlərlə ailə yaşayırsa, hökumət özü ünvanlaşdırma aparmaqda maraqlı olmalıdır».

Bəs Bakının 10-12 kilometrliyində olan bu yaşayış massivinin sosial problemləri nə vaxt həllini tapacaq? Sabunçu rayon İcra Hakimiyyətindən AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirilib ki, yeni yaşayış massivində son illərdə işıq, qaz çəkilişləri aparılıb. Məktəb tikintisi də nəzərdə tutulub. Su təchizatı ilə bağlı «Azərsu» ASC-yə məktubla müraciət olunub. Məhəllədaxili yolların çəkilişi ilə bələdiyyə məşğul olmalıdır:

«Sosial problemlər var, yeni yaşayış massividir, belə problemlərin olması da mümkündür. Qısa zamanda bu problemlərin tamamilə həlli nağıl kimi görünə bilər. Bir neçə layihələr var, zamanla həyata keçiriləcək».

XS
SM
MD
LG