Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:17

Mebel dükanlarında endirim var, müştəri yox...


►“Mebel ölkədə istehsal edilsə də, xammalın alınması üçün külli miqdarda valyuta xaricə çıxarılır."

“Üçünü bir arada ucuz al”, üstəlik bir döşək hədiyyə, hamısı 2955 manata.

Bu, paytaxtın Yasamal rayonunda bir mebel mağazasının reklam bannerindəki təklifdir.

Ancaq, deyəsən, yataq, qonaq dəstlərini və künc divanı təxminən 3 min manata təklifi elə də cəlbedici görünmür, mağazada müştəri yoxdur.

Bir neçə yüz kvadrat metrlik mağazada dizaynı göz oxşayan, bir evin yaraşığı mebellər müştəri gözləyir. Satıcı xanım bizi müştəri sanıb istəyimizi öyrənməyə çalışır:

“Əgər klassik mebel istəyirsinizsə, burdakıların hamısı klassikdir. Əlbəttə, Türkiyə mebel firmalarının istehsalıdır. Bu yataq dəstinimi bəyəndiz? 10 manatadır, alsaz, qiymətdə 1000 manata qədər düşərik”.

“Klassik mebel” dedikdə ağac materialından hazırlanmış mebel nəzərdə tutulur. Bu mağazada klassik qonaq dəstini 8-11 min manata almaq olar. “Qiymətlər niyə belə bahadir” soruşanda satıcı bizə qiymətin ikinci devalvasiyadan əvvəlki olduğunu dedi:

“Dolları manata 1.05-lə çevirmişik, indiki məzənnə ilə yox. İndiki ilə çevirsək, qiymət 15 min manat olar”.

Xanım əlavə edir ki, anbarlarında mal olduqlarından qiyməti qaldırmayıblar, amma Türkiyədən alacaqları növbəti mal indikindən daha baha olacaq.

“Klassik mebel”in qiymətlərinin gözümüzü böyütdüyünü görən satıcı xanım “bəlkə siz modern mebellə maraqlanırsız” deyə soruşdu. Modern mebel, əsasən, ucuz materialdan hazırlanır, ona görə də qiyməti klassikdən dəfələrlə ucuzdur. Məsələn, elə yuxarıda bəhs etdiyimiz kampaniyaya modern mebel daxildir.

“Adı Naxçıvan, xammalı Türkiyə”

Qonşu mebel mağazasında əsasən Naxçıvanda yığılan mebellər satılır. Adını Şəhla söyləyən satıcı deyir ki, qiymətləri qaldırmayıblar:

“Bizim fabrik xammalı Türkiyədən gətirir, Naxçıvanda sex var, orda məşhur brendlərin modelində istehsal edir”.

Bu mağazada modern yataq dəsti 1700 manatdan, qonaq dəsti 3 mindən başlayır. Keyfiyyətini deyə bilmərik, ancaq dizayn göz oxşayır.

Başqa yerli mebel satan mağazada isə qiymətlər 30 faiz aşağı salınıb. Mağazanın adını söyləmək istəməyən satıcısı deyir ki, manatın devalvasiyasından sonra alıcıların ayağı kəsilib:

“Biz qiyməti artırmamışıq, əksinə, üstəlik, endirim edirik. İndi məqsəd şirkəti ayaqda saxlamaqdı, qazancdan çox bu dəqiqə bunu düşünürlər ki, pis-yaxşı alver olsun, fabrik dayanmasın”.

Bahalıya gücü çatmır, ucuzu bəyənmir…

Mebel mağazalarını gəzdiyimiz bir- iki saat ərzində yalnız bir-iki müştərinin içəri girib baxdığını və sonra heç nə soruşmadan çıxdığını müşahidə elədik. Onlardan biri, Bakı sakini Əntiqə Bayramova bu yaxınlarda gəlin köçəcək qızı üçün cehizlik mebelə baxır: “Çox bahadır, gücüm çatmır”, deyir. O, təxminən 10 min manatlıq mebel düşünür: “Yataq, qonaq dəstləri, divan-kresloya bu qədər ancaq verə bilərəm. Ucuz var, amma keyfiyyətinə əminliyim yoxdur. Alım, bir-iki ildən sonra da siniq-salxaq olsun”.

Əntiqə Bayramova “üçünü birinin qiymətinə” təklifinə şübhəylə yanaşır: “Keyfiyyətli mebel o qiymətə olmaz” deyir, əlavə edir ki, gücü çatmasa, keyfiyyətlisini tapmasa, almayacaq:

“Qızım məni başa düşər. Mən keyfiyyətli, onun uzun illər istifadə edə biləcəyi mebel almaq istəyirəm, onlar da çox bahadır, bəlkə də yalnız yataq dəsti aldım, bir də divan-kreslo”.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Xammal xaricdən gətirildikcə, mebel sənayesi inkişaf edə bilməz”

Manatın devalvasiyasından sonra mebellərin bahalanacağı istisna deyil, ekspertlər hesab edirlər: “Çünki xammal xaricdən gətirilir”, iqtisadçı Natiq Cəfərli deyir. O əlavə edir ki, Azərbaycanda mebel istehsalı, üstəlik, ixracı müsbət hal olsa da, bu sənaye idxal xammaldan asılıdır:

“Ağac materialları Rusiyadan, parçası Çindən, pambığı İran və Türkiyədən, başqa aksessuarları Türkiyədən gətirilir. Yəni mebel ölkədə istehsal edilsə də, xammalın alınması üçün külli miqdarda valyuta xaricə çıxarılır. Əgər gələcəkdə xammalın, heç olmasa, bir hissəsi özümüzdə istehsal edilsə, təbii ki, mebel sənayesi inkişaf edə bilər”.

Natiq Cəfərli xatırladır ki, Türkiyədə mebel sənayesi ilə 500-ə yaxın şirkət məşğuldur və onların birgə xarici dövriyyəsi 10 milyard dollara yaxındır:

“Xaricdə Türkiyə ilə ayaqlaşmaq çətindir, amma qonşu dövlətlərə mebel ixracını genişləndirə bilərik. Burda qiymət və keyfiyyətdə rəqabətə davam gətirmək şərtdir”.

“Xammal üçün potensial var”

İqtisadçı mebel sənayesi üçün Azərbaycanda xammal bazasının yaradılması istiqamətlərini göstərir:

“Mebel sənayesində istifadə edilən ağac xüsusi qulluq tələb etməyən bir növdür, buna sənayelik ağac deyirlər, boş ərazilərdə əkib yetişdirmək mümkündür”.

Natiq Cəfərli parça istehsalı üçün xammal rolunu oynaya bilən pambıq istehsalının ölkədə azaldığını diqqətə çatdırır, ancaq onu da əlavə edir ki, Azərbaycanın pambıqçılıq ənənəsi olub və bu yaddaş pambıqçılığı yenidən dirçəldə bilər.

Buna da bax: "Sədərək"də ölən alver

XS
SM
MD
LG