Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:08

ATƏT nümayəndəsi:"Media qanununun nəzərdən keçirilməsi üçün işimizi davam edəcəyik"


Bakıda yeni media qanununa etiraz aksiyası (Arxiv fotosu)
Bakıda yeni media qanununa etiraz aksiyası (Arxiv fotosu)

Yeni qanun müstəqil, hakimiyyəti tənqid edən, məmurlarla bağlı korrupsiya araşdırmaları aparan youtube kanallarının, saytların bağlanmasına səbəb ola bilərmi? Media orqanının reysteri vətəndaşı nədən məhrum edir?

Qanunda göstərilir ki, online media orqanı davamlı fəaliyyət göstərməlidir. Onun fəaliyyətinin davamlılığı isə bir ayda 20 gün ərzində hər gün 20 material dərc etməsi ilə ölçülür.

Sevinc Vaqifqızı deyir, baş redaktoru olduğu abzas.net saytı əsasən korrupsiya araşdırmalarına köklənib, son bir ildə hər ay 1 araşdırma dərc edib, günə də 5-ə yaxın məlumat.

Baş redaktorun sözlərinə görə belə olan halda onların reyestrə alnması elə də real görünmür.

Sevinc Vaqifqızı deyir, qanun onların və onlar kimi digər müstəqil media qurumlarının fəaliyyəti ilə bağlı məhdudiyyət yaradır. Beləcə doğru ingormasiyaya çatmaq istəyən vətəndaşın informasiya almaq hüququnu əlindən alır.

Yeni media qanununu prezident İlham Əliyev 2022-ci ilin əvvəllərində təsdiqləyib. Bu qanunun jurnalistlərin işini çətinə salmasını beynəlxalq qurumlar da dəfələrlə dilə gətirib.

ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin məsləhətçisi Ton van den Brandt AzadlıqRadiosuna açıqlamasında deyib ki, onlar Azərbaycanda media qanununun fəaliyyətini yaxından izləyirlər, qanunun bir sıra müddəaları narahatedicidir:

“Bunlar media azadlığına məhdudiyyətlər və qadağalar, eləcə də jurnalistlərin işinə əngəllər gətirir. Çalışdığım qurumun rəsmiləri 2022-ci ilin mayında Bakıda olublar. Azərbaycan rəsmilərini qanunu yenidən nəzərdən keçirməyə çağırıblar və öz təkliflərini veriblər. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Türkiyədəkindən yaxşıdır

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə deyir ki, narahatçılığa əsas yoxdur, sadəcə qanunun bəzi müddəaları ilə bağlı yanlış şərhetmələr var.

O bildirir ki, reyester üçün sadə şərtlər mövcuddur. Media reyesterində irəli sürülən əsas tələb KİV subyektinin rekvizitinin – yəni ünvanı, gündəlik informasiya dövriyəsi və s.olmasıdır.

Ələsgərli deyir ki, heç kimin informasiya almaq hüququ da məhdudlaşdırılmır, dərc edilən materialın xəbər və ya araşdırma və ya digər janr olmasının da heç bir fərqi yoxdur, təki media qanununun tələbləri pozulmasın.

Onun sözlərinə görə materialın dərc edilməsi tələbi əslində minimal həddir, burda regional medianın da imkanları nəzərə alınıb. Əgər təkcə paytaxt nəzərə alınsaydı, Türkiyədəki kimi 100-dən çox tələb qoyulardı. Üstəlik tənqid edənlər nəzərdən qaçırır ki, burda güzəştlər də var:

“Başqa mənbədən məhsulu götürüb 30 faizini saxlamaqla öz məhsulunuz kimi təqdim edə bilərsiniz. Regional media üçün də inkişaf planı hazırlanıb. KİV qurumu kimi öz öhdəliyini yerinə yetirə bilmirsə social şəbəkələr üzərindən də fəaliyyət göstərə bilər”.

Müşfiq Ələsgərli deyir ki, belə bir tələbin olmasından məqsəd media sahəsini səliqəyə salmaq, reket jurnalistikasının qarşısını almaqdır.

O istisna etmir ki, gələcəkdə qanuna yenidən baxıla bilər.

Günə 20 material tələbi ağırdır

Media haqqında yeni qanuna əsasən, 2022-ci il oktyabrın 14-dən Media Reyestri fəaliyyətə başlayıb. Qeydiyyat üçün müraciət edən saytlardan bir çoxu artıq müsbət cavab alsalar da, bəzilərinə Medianın İnkişafı Agentliyi imtina cavabı verib.

Rəsmi açıqlamaya görə reyesterə başlanan iki ay müddətində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur. Onların 150-nə müsbət cavab verilib.

Media eksperti Xalid Ağalı deyir ki, onda olan məlumata görə artıq 20-dən çox media qurumu reyesterə alınmadığı üçün məhkəməyə müraciət edib.

Ekspert bildirir ki, ümumilikdə media reyysteri aparılması ilə bağlı tələblər çətindir, müstəqil mediada çalışanlara əngəllər yaradır.

Xalid Ağalı da hesab edir ki, media qurumlarının günə 20 material dərc etməsi tələbi problem yaradır. Ekspert bildirir ki, kiçik heyəti olan redaksiylar var və onlar 20 xəbər istehsalı gücündə deyillər və bu sahədən çəkilmək istədiklərini deyirlər.

“Hökumət öz nəzarətçisini özü seçir”

Xalid Ağalı deyir ki, əsas problemlər elə reyestrin formalaşmasından sonra - yəni reyestrə alma başlanandan 6 ay sonra daha da üzə çıxacaq.

Qanuna görə, fəaliyyətdə olan KİV-lər reyestr işə başladığı gündən altı ay ərzində Medianın İnkişafı Agentliyə müraciət etməlidirlər. Rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndiriləcək.

Xalid Ağalı bildirir ki, məhkəmələrin həmin media ilə bağlı hansı qərara gələ biləcəyi məsələsi də hələ tam aydın deyil.

Prezident İlham Əliyev Yeni "media qanunu"nu 2022-ci il fevralın 8-də təsdiqləyib.

Rəsmilər bu qanunun qəbulunu media sahəsində yeni yaranan meyllərin tənzimlənməsi, bu sahədə də istlahatların davamı kimi dəyərləndirsələr də, müstəqil ekspertlər, eləcə də beynəlxalq təşkilatlar hesab edirlər ki, jurnalistika hökumətin fəaliyyətinə ictimai nəzarətdir. Amma bu qanunla hökumət öz işinə nəzarətçiləri özü seçir.

XS
SM
MD
LG