Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Mehriban Əliyeva: 'Biz çox götür-qoy etdik...'


M.Əliyeva və İ.Əliyev
M.Əliyeva və İ.Əliyev

Azərbaycan prezidentinin xanımı, keçən həftə birinci vitse-prezident vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva yerli mətbuata danışmasa da, Rusiyanın «Rossiya 1» telekanalına müsahibə verib. «Vesti Nedeli» həftəlik xəbər proqramında M.Əliyeva təyinatının şəxsən prezidentin qərarı olduğunu söyləyib. «Əlbəttə, uzun illərdir onun təkcə xanımı deyil, həm də silahdaşıyam, yəqin ki, bunun da onun qərarında rolu oldu», – deyib.

Youtube Kanalımıza abunə olun və hər gün yeni videolar izləyin:

M.Əliyeva prezidentin təklifini öncə götür-qoy etdiklərini, hər şeydən çox bu işin öhdəsindən gəlib-gəlməyəcəyiylə bağlı şübhələri olduğunu bildirib. «Amma bir şeyə əminəm ki, dövlətin maraqlarıyla həyat yoldaşımın mənə məsləhətləri, yaxud deyəcəkləri tam üst-üstə düşəcək. Yəni, onun timsalında mənə birmənalı şəkildə yardım edəcək, dayaq olacaq, mənə düzgün yol göstərəcək insanı görürəm».

«BU TARAZLIĞI QORUYA BİLMİŞƏM»

M.Əliyeva vitse-prezident kimi diqqəti, əsasən, sosial məsələlərin, aztəminatlı ailələrin problemlərinin həllinə yönəldəcəyini vurğulayıb. «Əsl mərhəmət real iş, konkret addımlar tələb edir. Ən qorxulu şey mərhəmətsizlik və laqeydlikdir. Bu olmamalıdır. İstər ictimai xadim, istərsə də dövlət məmuru öncə sadəcə insanlığını qorumalıdır», – o deyib.

Buna da bax-Richard Kauzlarich: 'Azərbaycan 40-cı illərin Argentinasını xatırladır'

Müsahibəni hazırlayan jurnalist M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun indiyə qədər elə xeyriyyəçiliklə məşğul olduğunu qeyd edib.

M.Əliyeva vəzifə başında tarazlığı qorumağa, öhdəliklərini yerinə yetirməyə çalışacağını da söyləyib. «Amma mən hər şeydən öncə, əlbəttə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim 5 nəvəm var. Ancaq ölkəmə ayırdığım diqqətin ikinci plana keçməsini qətiyyən istəmərəm. Heç istəmirəm. İndiyə kimi bu tarazlığı qoruya bilmişəm... Məsələn, mən yemək hazırlamağı çox sevirəm, yemək bişirəndə istirahət edirəm. Dadlı yemək hazırlamaq, axı, yaradıcı işdir. Bu işi sevirəm, görürəm, bacarıram...». Ölkənin ilk vitse-prezidenti M.Əliyeva belə deyib.

«GƏRƏKSİZ MƏŞĞULİYYƏTDİR»

Müxalifətin prezidentin təyinatına reaksiyasına gəlincə, M.Əliyeva sağlam və konstruktiv tənqidi dinləməyə hazır olduğunu söyləyib. «Hakimiyyətə müxalif olmaq olar, amma ölkəyə müxalif olmaq gərəksizdir, çox qorxuludur», – Birinci xanım deyib. O bu tənqidlərin, tənqidə əsasın olmaması üçün əlindən gələni edəcəyini bildirib.

Buna da bax-'Məmləkət atasının malıydı. Arvadının adına rəsmiləşdirdi'

«Bəs ölkənin prezidenti olmaq, ölkəyə rəhbərlik etmək haqda nə vaxtsa fikirləşmisinizmi» sualına cavabında isə M.Əliyeva bu barədə düşünmədiyini bildirib. «Mən Azərbaycanın, Azərbaycan xalqının maraqlarını qoruyacağam. Azərbaycan üçün xeyirlisi budur. İndi belədir. Gələcəkdə nə olacağını düşünmək, gərəksiz məşğuliyyətdir», – deyib.

«BU, ÇOX PİS TENDENSİYADIR»

Proqramda Azərbaycanda rus dilinə ehtiramdan da danışılıb. M.Əliyeva isə hətta evdə həm azərbaycanca, həm də rusca danışdıqlarını etiraf edib. «Bu, bizim xalqımızın sərvətlərindən biridir. Rus dilini çıxdaş etmək olmaz. Təəssüf ki, bəzi keçmiş Sovet ölkələrində durum fərqlidir. Bu, çox pis tendensiyadır və mən həmin ölkə rəhbərlərinin bunu anlamamasına təəccüblənirəm», – M.Əliyeva rus dili haqda danışanda belə deyib.

«Ağlayırsınızmı» sualına cavabında isə M.Əliyeva «Nadir hallarda, həm də yalnız təklikdə», – deyə cavab verib, ən çox 27 yaşı olanda – anası, professor Aidə İmanquluyevanın ölümündən sonra ağladığını söyləyib.

XATIRLATMA

Fevralın 21-də prezident İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin edib. Bununla da o, ölkədə ən çox səlahiyyəti olan ikinci və toxunulmaz şəxsə çevrilib. Prezident ölkədə və ya vəzifə başında olmadıqda, onu birinci vitse-prezident əvəz edə biləcək.

Bu qərar müxalifət tərəfindən narazılıqla qarşılanıb, bunu «bir ailənin hegemonluğu», «orta əsrlərə qayıdış» kimi dəyərləndirənlər var.

XS
SM
MD
LG