Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:18

'İcra hakimiyyətləri bina üzərində oyun qurdular'


Tikinti
Tikinti

«Fətəli xan Xoyski küçəsində yeni bina tikilirdi. Nərimanov rayon İcra Hakimiyyəti ilə Bakı şəhər İcra Hakimiyyəti o bina üzərində oyun qurdu. Tikinti gedən ərazidə lövhə asmışdılar ki, guya binanı sosial vəziyyəti çətin olan ailələrə və gözdən əlillərə tikirlər. Mən və mənim kimi xeyli vətəndaş da icra hakimiyyətinə müraciət etdik ki, həmin binadan ev versinlər. Adamlardan əvvəl 5-10, sonra da 40, 50, hətta 100 min manatadək pul almağa başladılar. Bir gün də xəbər tutduq ki, bina yalnız gözdən əlillər üçün nəzərdə tutulub və elə gözdən əlillərə də verildi».

3-OTAQLI MƏNZİLDƏN ÖTRÜ 50 MİN MANAT

Mübariz Hacıyev AzadlıqRadiosuna danışır ki, 2 il öncə Nərimanov rayon İcra Hakimiyyətinə 50 min manat ödəyib ki, sosial vəziyyəti yaxşı olmayan ailə kimi Fətəli Xan Xoyski küçəsində inşa olunan binadan ona da 3-otaqlı mənzil verilsin. Ancaq bir müddət sonra mənzillərin yalnız gözdən əlillərə paylandığını görəndə, aldadıldığını başa düşüb: «Sənədlərimizi aldılar, guya sənədləşdirmə apardılar. İcra hakimiyyəti özü bizi yaşadığımız yerdən qeydiyyatdan çıxarıb bir günün içərisində Əlillər Cəmiyyətinin Fətəli Xan Xoyski küçəsindəki yataqxanasına qeydiyyata saldı ki, mənzil almağımız daha rahat olsun. Özləri şəxsiyyət vəsiqələrimizi yığdılar, aparıb dəyişib, yeni ünvan yazıb gətirdilər. Sonra da başçının sərəncamını təqdim etdilər, dedilər, «gedin, gözləyin, bina hazır olan kimi mənzilləriniz paylanacaq». Biz sonradan xəbər tutmuşuq ki, sən demə, bizi gözdən əlil kimi qeydə alıblar. Halbuki, bunu heç bizə deməmişdilər. Nə saxtakarlıq ediblərsə, özləri ediblər».

60 NƏFƏRDƏN 8 MİLYON?

Mübariz Hacıyevin deməsinə görə, azı 60 adamdan azı 8 milyon manat yığılıb. Bu günə qədər də pullar sahiblərinə qaytarılmır. Vətəndaşlar Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciət ediblər:

«Şikayətlərimiz təzədən Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə göndərilir ki, araşdırılsın. Başa düşmürəm, mən prokurora yazıram ki, filan qurumun başçısı saxta sənədlər verməklə pulumuzu alıb və bizi aldadıb, ölçü götürülsün, həmin qurumun rəhbəri cəzalandırılsın. Bunlarsa şikayətimi qaytarıb həmin quruma göndərirlər. Qurum nə vaxtdan öz cinayətini araşdıran olub? Əgər icra hakimiyyətinin cinayətini elə icra hakimiyyəti özü araşdıracaqsa, istintaq orqanları nəyə görədir?».

«ƏSASSIZDIR»

Nərimanov rayon İcra Hakimiyyəti də vətəndaşlara maraqlı cavablar yazıb göndərir: «... Sizin sənədlər saxtadır. Araşdırma aparılıb və dedikləriniz təsdiqini tapmayıb. Şikayətiniz varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz».

Nərimanov rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, vətəndaşların şikayəti əsassızdır: «Onlar hüquq-mühafizə orqanlarına da müraciət ediblər, araşdırılıb və təsdiqini tapmayıb. Əslində, hüquq-mühafizə orqanı həmin vətəndaşların öz əməllərini araşdırmalıdır ki, saxta sənədlər düzəldiblər».

Qurumdan bildirilib ki, icra hakimiyyəti özü hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.

XS
SM
MD
LG