Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:28

Yerevan Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinə qarşıdır


Azərbaycan hərbçiləri Laçın yolunda
Azərbaycan hərbçiləri Laçın yolunda

Ermənistan Laçın dəhlizində mövcud razılaşmaların “güc tətbiqi və buna dair təhdidlərlə” dəyişdirilməsini istisna edir, bu siyasətə qarşı çıxır.

Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan dünən – fevralın 22-də Luksemburqun xarici işlər naziri Jan Asselbornla birgə mətbuat konfransında deyib. Məlumatı AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yayıb.

“Bizim üçün qətiyyən qəbuledilən həll yolu deyil”

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərdən sonra deyib ki, “Zəngəzur dəhlizi”nin (Azərbaycan Ermənistanın Sünik vilayətindən Naxçıvana çəkilməsini istədiyi yolu belə adlandırır – red.) başlanğıcı və sonunda, eləcə də Ermənistanla Laçın arasında nəzarət-buraxılış məntəqələri qoyulacaq. Azatutyun Radiosunun bu bəyanatla bağlı sualını Mirzoyan belə cavablandırıb:

“Ermənistan sərhədində və Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqələri yerləşdirilməsi ideyası səslənib. Ancaq bizim cavabımız birmənalıdır və biz açıq şəkildə, Laçın dəhlizi blokadaya alınandan dərhal sonra bu mövqeyi bildirmişik və bu mövqe dəyişməz qalır.

Laçın dəhlizində şərtlər razılaşdırılıb, həm də Azərbaycan prezidenti tərəfindən imzalanıb. 9 noyabr sənədi barədə danışıram. Laçın dəhliziylə bağlı şərtlərə yenidən baxılması, güc tətbiqi və ondan yenidən istifadəylə bağlı təhdidlər bizim üçün qətiyyən qəbuledilən həll yolu deyil, ola da bilməz”, – Mirzoyan vurğulayıb.

O, Laçın dəhlizinin Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə yol olduğunu, Qarabağdakı ermənilərin “təcrid” edildiyini vurğulayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Özünü “ekofəallar” adlandıran bir qrup azərbaycanlı ötən ilin dekabrından bu yolda aksiya keçirir, Qarabağda filiz mədənlərinin qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Rəsmi Bakı blokada ittihamlarını rədd edir, yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir.

Azərbaycan XİN-in bəyanatı

Azərbaycan XİN isə Mirzoyanın fikirlərini qətiyyətlə pislədiyini, onun həmişəki kimi, “sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olduğunu” deyib.

“Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil”, – Azərbaycan XİN-in bəyanatında deyilir.

Azərbaycan və Ermənistan liderləri fevralın 18-də Münhendə ABŞ-nin Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) vasitəçiliyi bir araya gəliblər. Münhen görüşü Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrdan bəri ilk üzbəüz görüşü idi.

Rusiya, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına vasitəçilik fəaliyyəti göstərir.

XS
SM
MD
LG