Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:24

Miyatoviç yeni media qanununu dəyişdirməyə çağırır


Dunya Miyatoviç
Dunya Miyatoviç

"Yeni qəbul edilmiş qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir".

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi media qanununu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Komissar məktubunda parlamentin 2021-ci il dekabrın 30-da qanunu geniş və mənalı müzakirələr aparmadan qəbul etdiyini yazır, qanunun beynəlxalq ifadə və media azadlıqları dair standartlarına uyğun gəlməsi sarıdan ciddi narahatlıq olduğunu yazır.

“Azad, müstəqil, senzurasız media və plüralizm prinsiplərinin ziddinə olaraq, qanunun media sahəsini və jurnalistika peşəsinə aşırı tənzimlədiyi görünür”, – Komissar yazır.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir”, – məktubda deyilir.

Komissar qanunu ifadə və media azadlıqlarına dair beynəlxalq və Avropa standartlarına uyğunlaşdırmağın gərəkdiyini qeyd edir.

E.Nəsirov
E.Nəsirov

YAP-çı deputatdan Dunya Myatoviçin məktubuna münasibət

"Avropa Şurası hər bir vətəndaşa eyni mövqedən yanaşmalı olsa da, çox təəssüflər ki, bir çox hallarda biz bu təşkilatın fəaliyyətində ikili standartların şahidi oluruq".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov "Turan"a Avropa Şurasının İnsan hüquqları komissarı Dunya Myatoviçin məktubuna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, eyni məsələ ilə bağlı bir dövlətə bir, digər dövlətə isə başqa münasibət göstərilir. Deputatın vurğulamasına görə, Azərbaycanda "Media haqqında" Qanun çox ciddi ictimai müzakirələrdən keçib: "Mən özüm bu müzakirələrdə iştirak etmişəm. Parlamentin komitələrində Azərbaycanın ən nüfuzlu jurnalistlərin iştirakı ilə, Media İnkişaf Agentliyinin təmsilçiliyi ilə çox əhatəli müzakirələr oldu. Çoxsaylı qeydlər oldu, həmin qeydlər nəzərə alındı. Son nəticədə Azərbaycan mediasının bütün tanınmış simalarının rəyi bu oldu ki, yeni qanun Azərbaycanda medianın inkişafı üçün münbit şərait yaradacaq".

"Senzuradan söhbət gedə bilməz"

O vurğulayıb ki, burada heç bir halda jurnalistlərin hüquq və azadlıqlarının pozulmasından, senzuradan söhbət gedə bilməz: "Senzura hələ Ulu öndər Heydər Əliyev tərəfindən ləğv edilmişdi".

Onun fikrincə, Avropa Şurasında müəyyən antiazərbaycan siyasi dairələr var və onlar selektiv yanaşmalar əsasında fəaliyyət göstərirlər: "Onlar Azərbaycanda müsbət dəyişiklikləri götürməyən qruplaşmalara informasiya mənbəyi kimi yanaşırlar. Heç görmüsüz ki, onlar bu və ya digər hesabat hazırlayarkən Azərbaycanın müxtəlif palitrasına diqqət yetirsinlər, müxtəlif təbəqələrin və siyasi düşüncələrin nümayəndələrdən münasibət alsınlar? Onlar plüralizmdən çox danışır, amma Azərbaycanla bağlı informasiya plüralizmi siyasətini həyata keçirmirlər".

Xatırlatma

Dekabrda bir qrup jurnalist parlamentin qarşısında layihəyə etirazını bildirib.

Aksiya iştirakçıları hesab edirdilər ki, bütünlükdə bu layihə müstəqil medianın susdurulmasına və bu sahənin tam hökumətin nəzarətinə keçməsinə imkan verəcək. Qanunda jurnalistlərin Media Reyestrinə daxil edilməsi nəzərdə tutulur, reyestrə düşə bilməyənlərin bəzi maneələrlə üzləşəcəyi gözlənir.

Hakimiyyət təmsilçiləri isə indiyədək bir sıra tənqidi məqamların sonradan nəzərə alındığını, qanunun Avropa Şurasının Venesiya Komissiyasına göndərilməsinə lüzum olmadığını bildiriblər.

Prezident İlham Əliyev qanunu hələ ki imzalamayıb.

XS
SM
MD
LG