Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Kişinyov görüşü başa çatdı. İştirakçılar nə deyir


Kişinyovda beştərəfli görüş
Kişinyovda beştərəfli görüş

Makronun dedikləri

Fransa prezidenti Emmanuel Makron Kişinyovda keçirilmiş beştərəfli görüşdən sonra deyib ki, Paris bundan sonra da Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına səylər göstərəcək:

“Biz bugün Avropa Şurasının rəhbəri Şarl Mişel və Almaniya kansleri Olaf Şoltsla birlikdə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşdük ki, iki tərəf arasında tənzimləməni davam etdirək və Ermənistan və Azərbaycan arasında dinc münasibətlərə kömək edək”.

Fransa prezidenti deyib ki, tənzimləmə çərçivəsində əhalinin təhlükəsizliyinin və etnik azlıqların hüquqlarının təmin edilməsinə nail olmaq zəruridir.

Paşinyan görüşü faydalı hesab edir

Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda keçirilən beştərəfli görüşdən sonra deyib ki, bu müzakirəni faydalı hesab edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bu fikirləri danışıqlardan sonra Moldovadakı erməni icması ilə görüşdə deyib:

“Bugün daha bir ilkin detal var, ona görə ilkin deyirəm ki, biz hələ gərək Azərbaycanın mənim bəyanatıma reaksiyasını yoxlayaq. Deyəsən, tərəflər qeyd etdilər ki, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının 1975-ci il xəritələri əsasında aparılmasına etiraz etmirlər. Bu, Ermənistanın ərazi bütövlüyünün 29,8 min kvadrat kilometr, Azərbaycanın ərazi bütövlüyünün isə 86,6 min kvadrat kilometr sahədə tanınmasına doğru daha bir addım deməkdir”.

Paşinyan bildirib ki, görüş zamanı bir sıra başqa məsələlər də müzakirə olunub:

“Biz eləcə də əsirlər və itkin düşənlər, humanitar məsələləri müzakirə etdik. Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı dialoqa dair təfərrüatlı müzakirəmiz oldu. Burada bizim avropalı partnyorlarımız müəyyən mövqe ifadə etdilər”.

Ermənistan baş naziri bunu da deyib ki, iyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin daha bir görüşü olacaq.

Onun sözlərinə görə, iyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun üçtərəfli görüşü keçirilməlidir.

Kişinyovda beştərəfli görüş başa çatıb

Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa Şurasının, Fransa və Almaniya rəhbərlərinin iştirakilə görüş başa çatıb.

Tərəflərin görüşün nəticələri barədə ayrıca və ya birgə bəyanat verib-verməyəcəyi hələ ki, məlum deyil.

Ermənistan hökumətinin xəbərində deyilir ki, beştərəfli görüşdən əvvəl, Şarl Mişel, Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Şarl Mişel: ‘Biz indicə çox yaxşı görüş keçirdik’

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iyunun 1-də beştərəfli görüşdən sonra mətbuata açıqlama verib.

O iyunun 1-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və özünün iştirakilə görüş keçirildiyini deyib.

AZƏRTAC-ın xəbərinə görə, Şarl Mişel açıqlamasında deyib ki, onlar çox yaxşı görüş keçiriblər:

“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu.”

Onun sözlərinə görə, bu o deməkdir ki, onlar çox gərgin çalışırlar:

“Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik. Həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu “Avropa siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik.”

Onun vurğulamasına görə, onlar Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əllərindən gələni edəcəklər.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında sülh sazişi imzalanmayıb.

Bu sonuncu görüş Avropa Siyasi İcmasının sammitindən sonra gerçəkləşib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Avropa Siyasi İcmasının Kişinyovda keçirilən sammitinin iştirakçıları
Avropa Siyasi İcmasının Kişinyovda keçirilən sammitinin iştirakçıları

Kişinyovda Avropa sammiti başlandı

Moldova paytaxtı Kişinyovda Avropa Siyasi İcmasının 47 dövlət və hökumət başçısının və Avropa İttifaqı rəsmilərinin iştirakilə keçirilən sammiti başlanıb.

Sözü gedən icmaya Avropa İttifaqının 27 üzv ölkəsi, habelə daha 17 Avropa ölkəsi daxildir.

İyunun 1-də sammiti Moldovanın qərbyönümlü prezidenti Mayya Sandu açıb.

NATO təyyarələrinin nəzarəti altında

Qərb mediası diqqəti belə bir məqama çəkir ki, Avropa Siyasi İcmasının sammiti Rusiyanın öz ənənəvi nüfuz dairəsi hesab etdiyi bir ölkədə, həm də Rusiyanın iştirakı olmadan keçirilir.

Xəbər verilir ki, Moldova sammit dövründə özünün hava məkanını bağlayıb və NATO təyyarələri yaxın əraziləri daim monitorinq edirlər.

Politico yazır ki, əksər liderlər səfər müddətini minimuma endirmək mülahizəsi ilə gecəni Kişinyovda qalmamağı planlaşdırıblar.

Beştərəfli görüşə hazırlıq

Bu sammitin əsnasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüş keçirməlidirlər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sammitə qatılıblar.

Onların ayrı-ayrı dövlət və hökumət rəhbərləri ilə görüşləri başlanıb.

Əliyev Zelenski ilə görüşüb

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərə görə, Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına görə, təşəkkürünü bildirib.

Söhbət zamanı Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi qeyd olunub.

Xatırlatma

Ötən il fevralın 24-də Rusiya heç bir səbəb olmadan Ukraynaya təcavüz edib. Bundan sonra bu ölkəyə Qərb ölkələrinin sanksiyaları ( 2014-cü ildə Ukrayna ərazisi olan Krımın ilhaqından sonra Rusiya sanksyalarla üzləşmişdi) genişlənib.

Azərbaycan sanksyalara qoşulmasa da Ukraynanın ərazi bütövlüyünü tanıyır.

XS
SM
MD
LG