Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:11

'Anamın sırğalarını da pulun üstünə qoyub MTN-çilərə verdim...'


MTN
MTN

Həbsdəki MTN generallarının işi üzrə zərərçəkmişlərdən olan Arif Həsənov hesab edir ki, onlardan bəzilərinə verilən cəzalar yüngüldür. Onun nümayəndəsi noyabrın 15-də sabiq MTN-çilərin məhkəməsində bu barədə məsələ qaldırıb.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi zərərçəkən özəlliklə MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Zaur MəmmədovNatiq Alıyevin hərəsinə verilmiş 10 illik həbs cəzasının ağırlaşdırılmasını istəyir.

Zərərçəkən həm də 400 minlik mülki iddia qaldırıb və bu vəsaiti həmin idarənin rəis müavini olmuş polkovnik Füzuli Əliyev və işçiləri Z.Məmmədovla N.Alıyevin birlikdə ödəməsini tələb edir.

«Yalvar-yaxarla 150 minə düşdülər»

F.Əliyevin vəkili İlyas Kərimov isə deyir ki, müvəkkili də daxil, sabiq MTN-çilərə qarşı ittihamlar əsassızdır, bir çox hallarda uydurmadır.

Məsələn, zərərçəkən İlqar Əliyev deyir ki, qızıl-brilyant ticarətiylə məşğul olub, Belçikadan Dubayda işləyən hindistanlı şərikinə daş-qaş göndərirdi. Günlərin birində Gürcüstandan gələndə metronun «20 Yanvar» stansiyasının yaxınlığında MTN əməkdaşları maşınlarla onun qarşısını kəsib, zorla başqa bir avtomobilə mindirib nazirliyə aparıblar. Həmin vaxt avtomobildə F.Əliyev, N.Əlıyev və Z.Məmmədovun olduğunu xatırlayır. MTN-də üç gün saxlandığını, bır sıra şəxslərə brilyant gətirməsi barədə yalan izahat yazmağa məcbur edildiyini deyən İ.Əliyevin sözlərinə görə, öncə ondan 500 min dollar tələb ediblər. Üç gün yalvar-yaxardan sonra 150 minə düşüb, pulu gətirməkdən ötrü buraxıblar. O da MTN-dən çıxandan sonra atasında olan qızıl-brilyantı qısa müddətdə satıb, 90 min dollar düzəldib, üstünə də 60 minin əvəzi kimi, anasının hər tayı 3 karat brilyant qaşlı olan bir cüt sırğasını da qoyub aparıb çatdırıb.

«Bir günün içində 90 minlik qızıl-brilyantı necə satdı?»

F.Əliyevin vəkili isə bildirir ki, zərərçəkmişin söylədikləri yalandır. Onunla bağlı yoxlama aparılarkən MTN-çilər müəyyən etmişdi ki, dolanışığını təmin etməkdən ötrü Belçika və başqa yerlərdə zərgərlərə qaş seçimində kömək edir:

«Bu adamın nə lisenziyası olub, nə VÖEN-i. Sahibkar da olmayıb. Hətta müəyyən etmişdilər ki, bu adam spirtli içki aludəçisidir. Onunla bağlı heç bir əməliyyat keçirilməyib. Sadəcə, xaricdən gələndə bəzi məsələləri soruşmaq üçün nazirliyə dəvət olunub. Gah deyir ki, 16 min özümdə vardı, qalanını atam qızıllarını satıb düzəltdi. O biri ifadəsində 16 min söhbəti yoxdur, guya, hamısını atası düzəldib. Atası vəfat edib, o da yaxşı bilir ki, onunla bağlı ifadəni yoxlamaq imkanı olmadığından belə danışır. Anası Ulduzə Əliyeva isə ifadəsində bildirmişdi ki, həmin vaxt həyat yoldaşı ağır xəstə idi, oğlunun MTN-də saxlanmasını ondan gizlədirdilər. Ağır xəstə olan adam bir günün içində 90 minlik qızıl-brilyantı necə satdı?».

U.Əliyeva da ifadəsində oğlunun onun sırğasını aparıb onu həbs edənlərə verdiyini söyləyib.

Vəkil iddia edir ki, MTN-çilərin işində zərərçəkmiş qismində tanınan şəxslərin əksəriyyəti qanunsuz valyuta əməliyyatları, qanunsuz nağdlaşdırma ilə məşğul olublar. Onların bir çoxu da birinci instansiya məhkəməsində bu işə baxılanda gəlib deyiblər ki, sabiq MTN-çilərə qarşı heç bir şikayət və tələbləri yoxdur:

«O adamlar saxta sənəd satan firmaların fəaliyyətiylə, «obnaliçka» ilə fəal mübarizə aparıldığı vaxtlarda çağrılıb izahatları alınıb. Bu mübarizəyə dair göstəriş rəhbərlik səviyyəsində verilmişdi. Özləri də etiraf edir ki, heç yerə şikayət eləməyiblər. MTN əməkdaşlarının həbsindən sonra onları prokurorluğa çağrıblar».

MTN-çilərin məhkəməsi noyabrın 22-də davam edəcək.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.

Generallardan Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş Natəvan Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrupun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, Teymur Quliyev 12 il, Z.Məmmədov və N.Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general N.Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad Atayev və Elşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlakların müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.Şirəliyev və E.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

N.Mürvətova və E.Əzizov hökmdən şikayət verməyib. E.Əliyev isə artıq azadlığa çıxdığına görə şikayətini geri götürüb.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.

XS
SM
MD
LG