Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:43

MTN-çi polkovnik Quantanamoya gedən yeganə azərbaycanlı imiş?


Quantanamo həbsxanası.
Quantanamo həbsxanası.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) öz sələfi olan MTN-dəki general və digər yüksək vəzifəli şəxslərdən bir milyon manat istəyir. Fevralın 28-də MTN generallarının işi üzrə zərərçəkmiş qismində tanınan DTX nümayəndəsi məhkəməyə bu məsələ ilə bağlı mülki iddia təqdim edib.

MTN generalları – nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov və Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovanın, eləcə də onların tabeliyində işləmiş Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxır.

Buna da bax:​ Eldar Mahmudovun da dindirilməsi tələb olundu

DTX-dan MTN generallarına bir milyonluq iddia

MTN işindəki əsas epizodlardan biri agentura şəbəkəsinə ayrılan pulların mənimsənilməsi ilə bağlıdır. DTX da büdcədən ayrılan və mənimsənildiyi iddia olunan həmin vəsaitin ödənilməsini tələb edir. Bir milyonluq mülki iddia məhz belə əsaslandırılıb.

MTN-in vəzifəli şəxsləri tərəfindən hədələndiyini, qanunsuz həbs olunduğunu iddia edən yüzdən artıq adam da zərərçəkən qismində tanınıb. Onlardan 25-i fevralın 28-də məhkəməyə mülki iddia təqdim ediblər.

Məhkəmədə Sübahir Qurbanovun vəkili Azər Tağıyev hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər olduğunu deyib. Generalın təcili müayinə və müalicəyə ehtiyacı olduğunu söyləyən vəkil onunla bağlı məhkəmə tibbi-ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıb.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

“Ermənilərlə iş görən adam indi mənim üzümə durur”

Sübahir Qurbanovun müavini olmuş polkovnik Füzuli Əliyevin vəkili İlyas Kərimov bir sıra sənədin DTX-dan alınıb, iş materiallarına əlavə olunması haqda vəsatət qaldırıb. Vəkil deyir ki, Füzuli Əliyevin xidməti kabinetində axtarış zamanı götürüldüyündən, əslində, o sənədlər elə cinayət işinin materiallarında olmalıydı. Amma istintaq orqanı sənədləri DTX-ya verib.

Füzuli Əliyev vəkilinin vəsatətinə münasibət bildirərkən deyib ki, söhbət həm də iş üzrə zərərçəkmişlərdən olan Elman Muradovun rəhbərlik etdiyi "Arazplast" MMC-nin Ermənistanla əməkdaşlığına dair sənədlərdən gedir. Təqsirləndirilən polkovnikin sözlərinə görə, şirkətin Ermənistanla əməkdaşlığı haqda məlumatı araşdırmağa başlarkən, xeyli təzyiqlə üzləşib. Füzuli Əliyev Elman Muradovun qardaşının yüksək vəzifədə işlədiyini desə də, konkret ad çəkməyib.

Buna da bax:​ Generalların qudalığı “La Parfumery”nin sahibini xilas etdi

“Ermənilərlə iş görən adam indi mənim üzümə durur”, - Füzuli Əliyevin sözləridir.

O, Quantanamo həbsxanasına gedib, orada saxlanılan məhbusu dindirmiş yeganə azərbaycanlı olduğunu məhkəmənin diqqətinə çatdırıb: “Amma bu gün özüm mühakimə olunuram”.

“Erməni olduğunu biləndə, ona mal satmaqdan imtina etdim”

İstintaqa ifadəsində Elman Muradovun özü də MTN-ə çağrılarkən ermənilərlə işbirliyində suçlandığını söyləyib. O, erməni məsələsinin necə ortaya çıxmasını belə açıqlayıb: "Türkiyədə bizim "Elbor" zavodunda "polietilen fitinq" malları buraxılır. Alıcılarla daimi əlaqədən ötrü Türkiyə nömrəsini də həmişə açıq saxlayıram. 2015-ci ilin əvvəllərində - Azərbaycanda olarkən, Türkiyə nömrəmə tanımadığım nömrədən zəng gəldi. Rus dilində danışan adam "polietilen fitinq" malları almaq istədiyini dedi. O adam özünü tanıtmadığına və Türkiyə nömrəsindən zəng vurduğuna görə, onun makedoniyalı olduğunu sandım. Amma söhbət zamanı erməni olduğunu anladım və ona mal satmaqdan imtina etdim. Bundan sonra bir neçə dəfə zəng etsə də, hər dəfə rədd cavabı verdim".

Buna da bax:​ "MTN-də elə vurdular ki, implant dişlərim sındı"

Elman Muradovun sözlərinə görə, iki gün MTN-də saxlanandan sonra şöbə rəisi Füzuli Əliyev yanına gəlib, ondan sərbəst buraxılması və biznesinə maneçilik törədilməməsi üçün bir milyon manat istəyib. Razılaşmayanda – 500 minə düşüb, axırda 250 minə razılaşıblar. Ertəsi gün onu buraxıblar. Buraxanda da hazırda təqsirləndirilən şəxslərdən olan Natiq Alıyev o zaman təmir-tikintisi davam edən 2 min kvadratmetrlik evinin bütün isitmə və soyutma, eləcə də elektrik işlərini onun boynuna qoyub: "Mən oradan çıxmaq üçün hər şeyə razı idim. Şirkətin ofisindəki seyfdən götürülən 80 min manat da onlarda qaldı".

Hazırda məhkəmədə ittiham aktının elan edilir. Təxminən 600 səhifəlik ittihamnamədən fevralın 28-də yalnız general Sübahir Qurbanova aid hissə səsləndirilib.

Məhkəmə martın 2-də davam edəcək.

Buna da bax: MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Xatırlatma

Hakim önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz və günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.

«MTN işi» üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunan keçmiş MTN-çilərin 21 milyon manatlıq daşınmaz əmlak, avtomobil və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG