Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:24

Azərbaycan yenə Qarabağa torpaq yolla yüklər keçirildiyini deyir


Sülhməramlılar Qarabağda (Arxiv fotosu)
Sülhməramlılar Qarabağda (Arxiv fotosu)

Azərbaycan Müdafiə Nazirliyi martın 21-də bildirib ki, "Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarını müşayiət etməsi növbəti dəfə müşahidə olunub”

Açıqlamaya görə, bu Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində müşahidə edilib:

“Rusiya sülhməramlı kontingentinə məxsus 1 ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti … qeydə alınıb.”

Nazirlik bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır.

Hələlik, bu açıqlamaya Rusiya Müdafiə Nazirliyi və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Azərbaycan bundan əvvəl mart ayının əvvəllərində də bir neçə dəfə eyni ittiham ilə çıxış edib. Amma Ermənistanın Müdafiə Nazirliyi belə məlumatları "dezinformasiya" adlandırıb.

Laçından çıxan ermənilər hələ də Ermənistanda ev tapa bilmirlər
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Laçın dəhlizində

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Azərbaycan rəsmiləri onu da deyirlər ki, üçtərəfli bəyanata uygun olaraq Ermənistan silahlı qüvvələri Qarabağdan tam çıxarılmalıdır.

Ermənistan rəsmiləri isə Qarabağdan silahlı qüvvələrini tam çıxarmamaları ilə bağlı deyilənləri qəbul etməyiblər. Onlar Qarabağdakı "müdafiə ordusu"nun özlərinin silahlı qüvvələrinə aid olmadığını vurğulayırlar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG