Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:54

BMT rəsmisi: «Camaata ölmüş quşlara görə təzminat ödənilməlidir»


Hanaa Singerlə müsahibə
Hanaa Singerlə müsahibə
BMT-nin Azərbaycanda «quş qripi» virusu üzrə əlaqələndiricisi, UNICEF-in təmsilçisi Hanaa Singer «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- Xanım Singer, bugünlərdə dediz ki, «quş qripi»nin təxminən eyni nəslə - 16-21 yaş arasında olanlara və əsasən də qızlara yoluxması virusun eyni mənbədən keçməsini göstərir. Eyni mənbə dedikdə nəyi nəzərdə tuturduz?

- Türkiyədə «quş qripi»nin yeniyetmələrə və cavanlara keçməsinin səbəbi onunla bağlıydı ki, toyuq-cücəni qışda hində yox, evdə özləriylə birgə saxlayırdılar. Yeniyetmələr də ev heyvanı kimi onlarla oynayır, yaxın təmasda olurdular. O ki qaldı Azərbaycana, sonuncu tədqiqatlar göstərdi ki, xəstəliyə yoluxanların çoxu çöl quşları ilə ünsiyyətdə olublar. Biz də düşünürük ki, adətən quşların tüklərini gənc qızlar təmizləyirlər. Ona görə də Azərbaycanda əsasən gənc xanımların sözügedən virusa yoluxma səbəbini bununla izah edirik.


- Siz də, Səhiyyə Nazirliyi də virusun çöl quşları ilə təmasdan keçdiyini bildirirsiz, əhali isə bunu inkar edir.


- Hazırda biz xəstəliyin yoluxma mənbəyini hələ də araşdırmaqdayıq. Məncə, «quş qripi»nə yoluxmanın səbəbi çöl quşlarının lələklərinin təmizlənməsidir. Soruşursuz ki, bəs niyə camaat bunu inkar edir? Əslində, başqa ölkələrdə də belədir, tək Azərbaycanda yox. «Quş qripi» camaat arasında o qədər qorxu, xof yaradıb ki, onlar öz yaxınlarının bu virusdan ölməsini inkar etməyə çalışırlar. Çünki görürlər ki, xəstəliyə yoluxmuş quşları öldürür və daha sonra yandırırlar. Ona görə də virusdan ölənlərin yaxınları bir növ mərhumun da yandırılacağından qorxurlar. Məncə, problem bundadır. O ki qaldı, mənbənin müəyyənləşdirilməsinə, tədqiqatlar göstərir ki, virusun insandan insana keçməsi haqda hələlik məlumat yoxdur. Xəstəlik əsasən vəhşi quşlardan ev quşlarına və ya insana keçir…


- Azərbaycanda virusla mübarizəni necə qiymətləndirirsiz?


- Deməliyəm ki, Səhiyyə Nazirliyi bu proses zamanı çox əla reaksiya verdi. Xəstəliyin olduğu təsdiqlənən kimi qapı-qapı gəzməyə, sorğu-müayinələr keçirməyə başladılar. Şübhəli məlumatlar haqda lazımi addımlar atdılar. Bundan başqa, BMT və digər tərəfdaş qurumlarla əhalinin maarifləndirilməsi yönündə lazımi işlər aparılır. Məhz ictimaiyyətin maarifləndirilməsi ən böyük iş kimi qiymətləndirilə bilər.


- Maarifləndirmə işlərini indiki halda necə qiymətləndirirsiz ki?


- Yaxşıdır, amma hələ çox işlər görülməlidir. Bölgələrdə təbliğat müntəzəm şəkildə aparılmalıdır, fasilə verilməməlidir. Ən mühümü, hökumət camaata ölmüş və ya xəstə quşlara görə təzminat ödəməlidir. Hökumət bu kampaniyanı başlamalıdır ki, evdə saxladığı quşu xəstələnəndə vətəndaş dövlət qurumlarına müraciət etməyə çəkinməsin. Belə bir addım atılarsa, əhali biləcək ki, ona dəymiş zərərə görə, təzminat ödənəcək.


- Yeri gəlmişkən, elə camaatın başlıca narazılığı da təzminat məsələsi ilə bağlıdır. Onlar hökumətə heç olmasa, xəstə quşların yarı qiymətini ödəməyi təklif edirlər.


- Məhz buna görə mən fikirləşirəm ki, bu infeksiyanı aradan qaldırmaq üçün hökumət tərəfindən aydın proqram hazırlanmalıdır. Mən camaatla razıyam. Evdə xəstə quşu olan vətəndaş bu haqda baytarlıq idarəsinə məlumat verməkdən çəkinməməlidir. O, toyuğunun xəstə olmasından şübhələnən kimi hökumətə müraciət etməli və pul almalıdı. Amma bu gün o düşünür ki, bəlkə toyuğu xəstə deyil? Bəlkə bir az da gözləsin.


- Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan kimi 8 milyonluq ölkədə 5 adamın virusdan vəfatı böyük rəqəmdir və artıq həyəcan təbilini çalmaq lazımdır.

- Deməliyəm ki, bu, böyük rəqəmdir. Amma bu günə həm də sonuncu rəqəmdir. Məhz buna görə deyirəm ki, həm xəstə quşların, həm də xəstə insanların nəzarət altına alınması vacibdir. Azərbaycanda «quş qripi»ndən beş nəfərin ölməsi də balaca rəqəm deyil. Ancaq bir faktı da deyim ki, Almaniya kimi ölkədə ildə adi qripdən 15 min adam ölür. Bu baxımdan xəstəliyə qarşı mübarizə aparmaq mümkündür, sadəcə, deyilənlərə əməl etmək lazımdır.


- «Quş qripi» ilə Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bura bir neçə nazirlik də qoşulub. Ayrı-ayrı nazirlik və ya komitələrin deyil, bütünlükdə hökumətin «quş qripi» ilə mübarizəsində daha hansı addımların atılmasını vacib sayırsız?

- Məncə, hökumət çox mükəmməl bir plan işləyib hazırlamalıdır. Bu plana görə də hər bir nazirlik, dövlət qurumu neyləməli olduğunu bilməlidir. Bu günə kimi Səhiyyə Nazirliyi, Dövlət Baytarlıq Xidməti öhdəsinə düşəni edir. Amma bununla iş bitmir, hökumətin bütün qurumlarla bağlı planı olmalıdır. Məsələn, Maliyyə Nazirliyi bayaq danışdığımız təzminat məsələsini həll etməlidir. Hökumətin planı yoxdusa, nazirliklər də sistemsiz işləyəcəklər. Bir daha deyirəm, plan olmalıdır ki, hər kəs öhdəsinə düşəni etməklə xəstəliklə mübarizəyə yardım edə bilsin.


XS
SM
MD
LG