Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:25

Nardaran məhbusu: ‘İlham Əliyevin iki dəfə vəkili olmuşam...’


İlham Əliyevin Nardarana səfəri. 21 iyun 2016.
İlham Əliyevin Nardarana səfəri. 21 iyun 2016.

"Mən Heydər Əliyevin ayağının altında qurban kəsmişəm”, - Nardaran sakini Eldar Bünyadovun sözləridir.

"Mən Heydər Əliyevin ayağının altında qurban kəsmişəm. Azərbaycanda birinci Orucluq bayramını biz keçirmişik. O dövrdə Bakının icra başçısı olan rəhmətlik Rəfael Allahverdiyev prezidentdən icazə aldı, keçirdik. Zakir Qaralovla Vaqif Abdullayev 1992-ci ildə Məkkəyə göndərdilər. İndi mənə deyirlər ki, "terroristsən". Terroristi Məkkəyə göndərərlər?" - Nardaran sakini Eldar Bünyadovun sözləridir.

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

Silahları polislər özləri qoyub?

O, 2015-ci ilin noyabrında Nardarandakı əməliyyatdan bir neçə gün sonra həbs olunub. İkisi polis, dördü yerli sakin - 6 nəfərin həlak olduğu əməliyyat Eldar Bünyadovun mərhum qardaşının evində keçirilib. Əməliyyat zamanı yaralanan və nəticədə iflic olub hərəkət qabiliyyətini itirən, bir ildən çox həbsdə yatandan sonra dekabrda evinə göndərilən Əbülfəz Bünyadov onun qardaşı oğludur.

Eldar Bünyadov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan üçüncü qrupda təqsirləndirilənlər arasındadır. O, fevralın 13-də məhkəmədə ifadə verib.

Daha öncə məhkəmədə vəkillərin bir xeyli vəsatətləri olub. Təqsirləndirilən Əli Hüseynovun vəkili Zibeydə Sadıqova müvəkkilinin şüşə kabinədən çıxarılıb, yanında əyləşməsinə imkan yaradılmasını istəyib. O, Avropa Məhkəməsinin qərarlarında da şəxsin bu vəziyyətdə mühakimə olunmasının onun ləyaqətcə alçaldılması kimi qiymətləndirildiyini xatırladaraq deyib: "Üstəlik, gərək hər dəfə ağzımı və ya qulağımı şüşə qəfəsə yaxınlaşdıram. Bu, düzgün deyil”.

Buna da bax:​ Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'

Vəkil Bəhruz Bayramov təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silahların mənbəyinin müəyyənləşdirilməsi və bu məqsədlə məhkəmənin müəyyən qurumlara sorğular göndərməsi haqda vəsatət qaldırıb: "Biz hesab edirik ki, tutulan şəxslərin üzərinə və evlərinə silahları polis əməkdaşları qoyublar. Bunu sübut etmək üçün həmin silahların istehsal olunduğu zavoda sorğu göndərilməlidir ki, həmin nömrəli silahları hansı ölkənin hüquq-mühafizə orqanı sifariş verib və silahlar hansı orqana verilib?".

Təqsirləndirilən Ruzi İsmayılovun vəkili Şəhla Hümbətova məhkəmə prosesinin audio və videoyazılışına icazə verilməsini istəyib: "Bu iş ictimai maraq doğuran işdir. Məhkəmə iclası katibinin bütün deyilənləri protokola yazması mümkün deyil".

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Buna da bax:​ Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

"Bizi tutanları bura salmaq lazımdır"

Ardınca prokuror ittiham aktını açıqlayıb. Təqsirləndirilənlərin heç biri özünü günahkar bilməyib.

"Özümü təqsirli bilmirəm. Məni tutub işgəncə verənləri təqsirli bilirəm”, - təqsirləndirilən Elman Ağayev belə deyib.

Təqsirləndirilən Elxan Həsənov onların əvəzinə, onları tutanları bura salmaq lazım olduğunu söyləyib.

Ardından təqsirləndirilən şəxsləri dindirməyə başlayıblar.

Buna da bax:​ Taleh Bağırov və digərlərinə bəraət istənilir

"Utanmırsan, ağsaqqal adamın başına ayağını qoymusan?!"

Nardaranda icra nümayəndəsi olmuş Eldar Bünyadov ifadəsində deyib ki, 1952-ci ildən qəsəbədə yaşayır və 1994-cü ildə Heydər Əliyev Nardarana gələndə onun ayağının altında qurban kəsib. Elə Heydər Əliyevin göstərişi ilə qəsəbədə pirin tikintisinə qatılıb:

"Mən Heydər Əliyevin vəkili olmuşam. Onun təbliğatını mən aparmışam, hamısının çəkilişi var. İlham Əliyevin iki dəfə vəkili olmuşam. Axırıncı dəfə Nardaranda 84 faiz səs yığılıb. 4 dəfə deputat seçiləndə vəkil işləmişəm. Nardaranda Heydər Əliyev adına böyük park tikdirmişəm, 600 ağac əkmişəm orada. Məndən terrorist olar? Terrorist qapısına Azərbaycan bayrağı asar?

Mən Heydər Əliyevlə bir yerdə Şevardnadzeni qəbul etmişəm. Mən terroristə oxşayıram? Mən avtomat saxlayanam? Dedim ayıbdır, heç olmasa, yaxşı avtomat yaz mənim üçün, televizorda görəndə desinlər Hacı adamdır, imkanı var, təzə avtomatı var, yoxsa gülərlər mənim üstümə yazdığınız köhnə avtomata. Bir avtomat yazıblar, arxası açıqdır, əl girər içinə. Mən xəncər gəzdirən adamam? Yazıblar ki, xəncər olub məndə. Dedilər "Hacı, silahları qəbiristanlıqdan tapdığını yazmasan, aparacaqlar birinci mərtəbəyə, sənin üçün yaxşı olmayacaq, yaşlı adamsan". Orada vurub qabırğamı da əziblər".

Buna da bax:​ Amnesty International: ''Nardaran işi'nə yenidən baxılmalıdır'

Eldar Bünyadov prokuror və vəkillərin suallarını cavablayarkən necə həbs olunduğuna da toxunaraq deyib ki, dekabrın 1-də səhər yatdıqları vaxt polislər evə hücum edib, güllə ata-ata bütün pəncərələri sındırıblar: "Heç o pəncərələrin pulunu verib qurtara bilməmişəm. 40 nəfər girdilər evə, qapını, kompüter vardı - onu, stolu sındırdılar. Məni tanımırdılar, soruşdular “Eldar kimdir?”, - dedim, mən. Dedilər” uzan yerə”, uzandım, qollarıma qandal vurdular. Biri sol tərəf qabırğama təpiklə elə vurdu ki, 3 ay nəfəs ala bilmədim. Biri ayağını başıma qoymuşdu, bit zabit onu itələdi ki, “utanmırsan, ağsaqqal adamın başına ayağını qoymusan?!".

Müsəlman Birliyi Hərəkatının üzvü olmadığını söyləyən Eldar Bünyadov Taleh Bağırovu da çıxışlarından tanıdığını, onun dövlət əleyhinə çıxışlar etmədiyini bildirib.

Məhkəmə fevralın 20-də davam edəcək.

Buna da bax:​ ​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib.

Buna da bax:​ 'ANS-in 'Xoca' filmini aparıb məktəblərdə göstərirdik'

40 nəfərdən çox adama daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

XS
SM
MD
LG