Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:47

Nardaran işi: 'Qarışıqlıqda bir dəyənək, bir də əl qandalımı itirdim'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

Nardaran hadisələri ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən ikinci qrupun işində zərərçəkənlərin dindirilməsi mərhələsidir. Zərərçəkən qismində tanınanlar isə polislərdir.

Aprelin 14-də keçirilən məhkəmədə Sabunçu Rayon Polis İdarəsinin dörd əməkdaşı - Şahid Abdullayev, Mehman Mədətov, Elnur Şərifov və Xətai Məmmədov dindirilib. Onlar 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması tələbi ilə bir qrup adamın Sabunçu RPİ-nin qarşısına toplaşması haqda danışıblar. Bildiriblər ki, həmin gün futbol üzrə Azərbaycan yığmasının oyununda asayişi qorumaq üçün stadionda olublar. Stadionda olarkən göstəriş gəlib ki, idarənin qarşısına qayıtsınlar. Çünki ora adamlar toplaşıb, Elçin Qasımovun azadlığa buraxılmasını tələb edirlər.

Buna da bax:​ 'Cavan oğlansan, üzə durmağı sənə yaraşdırmıram...'

İdarədən xüsusi geyim vasitələrini götürüb, kütlənin qarşısına çıxıblar, həmin vaxt arxa tərəfdən daş atılıb.

ŞİKAYƏT VƏ TƏLƏBLƏRİ YOXDUR

Şahid Abdullayev deyir ki, atılan daşlardan biri onun ayağına dəyib, amma onu kimin atdığını görməyib.

Xətai Məmmədov isə qarışıqlıqda bir dəyənək, bir də əl qandalını itirdiyini, üz qoruyucusu və qoruyucu qandalının çatladığını söyləyib.

Mehman Mədətov Elnur Şərifov da onlara yüngül daş dəydiyini bildirib.

Amma onların heç bir şikayət və tələbləri yoxdur.

Buna da bax: Nardaran məhbusunun 'kars'a salındığı bildirilir

Polislərdən Şahid Abdullayev prokurorun suallarını cavablandırarkən deyib ki, ora toplaşanları tanımayıb. Amma sonradan eşidib ki, hazırda təqsirləndirilən şəxslər arasında olan Ağaəli Yəhyayev orada xüsusi fəallıq edənlərdən olub.

Vəkillərlə sual-cavabda məlum olub ki, bu polis Ağaəli Yəhyayevin əleyhinə ifadə versə də, onların arasında üzləşmə, tanınma kimi istintaq hərəkətləri keçirilməyib.

GECƏNİ DUSTAQ MAŞININDA KEÇİRİB

Vəkillər Şahid Abdullayevdən Ağaəli Yəhyayevi hardan tanıdığını soruşanda o bildirib ki, onu müvəqqəti saxlama yerində görüb. Amma polis özünün hansı əsasla müvəqqəti saxlama yerinə daxil olmasına aydınlıq gətirə bilməyib.

Buna da bax:​ Prokuror Məşədi Natiqə cəza istəyəcək

Bu zaman Ağaəli Yəhyayev bildirib ki, polis yalan danışır, o, ümumiyyətlə, müvəqqəti saxlama yerində olmayıb. Noyabrın 5-də saxlanıldıqdan, idarədə işgəncəyə məruz qalandan sonra gecəni dustaq maşınında keçirib, səhər də məhkəməyə aparılıb. Məhkəmədə qərar çıxarılandan sonra da Binəqədidə inzibati qaydada həbs olunanların saxlanıldığı təcridxanaya göndərilib. Ona görə də bu şəxsin onu Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində görməsi mümkün deyil.

Hakim Mayıl Bayramov Ağaəli Yəhyayevin sözünü kəsib, nəticədə təqsirləndirilən şəxslə hakim arasında mübahisə yaranıb. Bu mübahisə təxminən beş dəqiqə davam edib. Ağaəli Yəhyayev hakimi polisləri yönləndirməkdə, təqsirləndirilən şəxslərin hüquqlarını məhdudlaşdırmaqda suçlayıb. Hakim isə məhkəmənin obyektiv aparıldığını bildirib.

Məhkəmə aprelin 28-də davam edəcək.

Buna da bax:​ 'Nardaran işi-3': Təqsirləndirilənlərin yaxınları zaldan çıxarıldı

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ 'Nardaran işi-3': 'Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar'

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG