Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:12

Naxçıvanda 1 manat qazanıb, 5 manat xərcləyirlər


Naxçıvan
Naxçıvan

Naxçıvan Muxtar Respublikasında (NMR-də) ötən il 2.5 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM), 942 milyon manatlıq sənaye məhsulu, 429.4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bölgəyə 997 milyon manat investisiya yatırılıb və eyni zamanda 457.4 milyon ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. Bu məlumatı Ali Məclisin sədri Vasif Talıbov dekabrın 7-də muxtar respublikanın son 12 ayda 3-cü dəfə toplaşan deputatları önündə çıxışedərkən səsləndirib. Elə həmin gün təsdiqlənən 2017-ci il dövlət büdcəsi müzakirəsiz qəbul edildiyindən, gəlirlərdə yerli vergilərin nədən aşağı səviyyədə olması sualı cavabsız qalıb.

BÜDCƏ ÖTƏNİLKİNDƏN AZ FƏRQLƏNİR

NMR-in dekabrın 8-də yerli rəsmi mediada dərc olunan 2017-ci il dövlət büdcəsinin gəlir hissəsi 2016-cı il büdcəsindən az fərqlənir. Bu il fiziki şəxslərdən gəlir vergisi (18 milyon 310 min manat) 510 min, hüquqi şəxslərdən mənfəət vergisi 150 min manat az toplanacaq. Kiçik sahibkarlardan 2 milyon 120 min manat - ötənilkindən 620 min manat çox sadələşdirilmiş vergi yığmaq nəzərdə tutulur. Sənəddən bu da görünür ki, NMR-dəki on minlərlə avtonəqliyyat vasitəsindən yol vergisi heç alınmır.

Buna da bax-Büdcə: Kimə nə qədər çatacaq?

Bu il mərkəzi büdcədən Naxçıvana 278.9 milyon manat dotasiya ayrılıb. Başqa sözlə, Naxçıvanda 1 manat qazanıb, 5 manat xərcləyirlər.

Gömrük vergi və rüsumları üzrə 6 milyon 960 min manatın toplanması nəzərdə tutulur. Bunun yarıya qədəri NMR-in Dövlət Gömrük Komitəsinin saxlanmasına sərf olunacaq.

Manat
Manat

NAXÇIVANDA BÜDCƏYƏ RƏY VERİLMİR?

NMR Ali Məclisinin və icra hakimiyyəti orqanlarının saxlanılmasına 30 milyon 530 min manat – 2016-cı ildəkindən 290 min manat az xərclənəcək. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 53 milyon 778 min manat (+1.8 milyon), səhiyyəyə 36.6 milyon (+2.4 milyon), təhsilə 93 milyon (+10.3 milyon) manat pul ayrılıb.

Buna da bax-Hökumət islahatlara 697 milyon manat ayırdı

Bölgənin dövlət büdcəsinə nə Azərbaycan Respublikasının Hesablama Palatası, nə də bu qurumun NMR-dəki idarəsi rəy verir. Bu büdcəyə heç qeyri-hökumət təşkilatları da diqqət ayırmırlar. İqtisadçı Məhəmməd Talıblı AzadlıqRadiosuna deyib ki, hər bir halda bununla bağlı Hesablama Palatasının rəyi olmalıdır: «Hesablama Palatasınınmərkəzləşdirilmiş dövlət büdcəsi barədə rəyində Naxçıvan büdcəsi haqqında ayrıca qeydlərə yer verilməli, yaxud Palatanın NMR idarəsi buna dair özünün xüsusi rəyini yazmalıdır. Hər bir halda bu sənəd maliyyə yoxlamasının təsir dairəsində olmalıdır».

DSMF DƏ DOTASİYA İLƏ YAŞAYIR

Eyni gündə NMR Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi də qüvvəyə minib. Sənədə əsasən, yerli mənbələr hesabına fonda 53.3 milyon manat yığılacaq. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan (DSMF-dən) 81 milyon 750 min manat – ötənilkindən 10.7 milyon manat çox dotasiya ayrılıb. Maraqlıdır ki, təxminən 1 milyard manatlıq sənaye məhsulu buraxan muxtar respublikanın özəl bölməsi fonda ilboyu 17 milyon 180 min manat sosial sığorta ödənişi köçürəcək.

XS
SM
MD
LG