Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:17

Nemtsovu da, Navalnını da FSB-nin eyni əməkdaşları izləyib


Boris Nemtsov
Boris Nemtsov

Boris Nemtsovun qətlinə görə Çeçenistandan beş nəfər mühakimə olunub, 11 ildən 20 ilədək həbsə məhkum ediliblər. Qətlin təşkilatçıları və sifarişçiləri tapılmayıb

2015-ci il fevralın 27-də Kremlin yaxınlığında qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovu izləyən FSB əməkdaşları Aleksey Navalnını, Dmitri Bıkovu, Vladimir Kara-Murzanı zəhərləyən qrupdan olub. Bu haqda Bellingcat, The Insider və BBC-nin yeni araşdırmasında deyilir.

Araşdırmaçılar biletlərin bron sistemindən məlumatlara əsaslanırlar. 2014-cü ilin mayından 2015-ci ilin fevralınadək Nemtsovu FSB-nin azı üç əməkdaşının izlədiyi bildirilir. Onlar “Valeri Suxarev”, “Dmitri Suxinin”, “Aleksey Krivoşekov”dur.

Valeri Nikolayeviç Suxarevin adına pasportu olan şəxs Boris Nemtsovu Rusiyada azı 13 səyahətdə izləyib. Həmin şəxsin Vladimir Kara-Murza, eləcə də Bıkov və Navalnını zəhərləyən qrupun üzvü olduğu ehtimalı var. “Krivoşekov” isə 2020-ci ildə Navalnının zəhərlənməsi vaxtı FSB-nin Kriminalistika İnstitutunda prosesə nəzarət etdiyi güman edilir.

Nemtsovla qarşılaşmamaq üçün

FSB əməkdaşları adətən görüş yerinə Nemtsovdan bir neçə saat, bəzən bir gün əvvəl gediblər. Ondan az əvvəl, ya da dərhal sonra çıxıblar ki, yolda qarşılaşmasınlar, təhqiqatda belə deyilir.

Boris Nemtsov Rusiya Prezidenti Vladimir Putinin dostlarına qarşı sanksiyaların genişləndirilməsi üçün fəal lobbiçiliyə başlayan kimi onu izləməyə girişiblər. İzləmə fevralın 21-də dayandırılıb, bir neçə gün sonra siyasətçi Kremlin yaxınlığında güllələnib. FSB əməkdaşları sonuncu görüş yerinə getməyiblər.

Nemtsovun güllələnməsinə iki gün qalmış onlar Putinə qarşı sanksiyaların digər lobbiçisi Vladimir Kara-Murzanı izləməyə keçiblər, onu iki dəfə zəhərləyiblər, araşdırma müəllifləri qeyd edirlər.

Nemtsovun qətli üzrə rəsmi təhqiqatda FSB-nin Kriminalistika İnstitutunun ekspertizasına istinad edilir. Siyasətçini izləyənlərin biri isə birbaşa bu institutla əlaqəli olub.

“Tapılmayan” şübhəlilər

Boris Nemtsovun qətlinə görə Çeçenistandan beş nəfər mühakimə olunub, 11 ildən 20 ilədək həbsə məhkum ediliblər. Qətlin təşkilatçıları və sifarişçiləri tapılmayıb.

Medizaona və Scanner Project birgə araşdırma nəticəsində çeçen batalyonunun keçmiş komandir müavini Ruslan Geremeyevin fotosunu dərc edib. Nemtsov ailəsinin vəkilləri məhz onu qətlin sifarişçisi hesab edir. İstintaq Komitəsi isə Geremeyevin yerinin bəlli olmadığını deyərək ona ittiham irəli sürməyib.

Araşdırmaçılar sosial şəbəkələrdə Ruslan Muhudinovu da tapıblar. O, siyasətçinin qətlinin birbaşa təşkilatçısı kimi beynəlxalq axtarışa verilib. Muhudinov Geremeyevə sürücülük edib, Nemtsovun qətlində təqsirli bilinənlərin qaldığı, qərargah kimi istifadə etdiyi mənzilin alınması ilə məşğul olub.

2020-ci ilin fevralın 27-də Boris Nemtsovun qətlinin beşinci ildönümündə, Putin senator Süleyman Geremeyevi 2-ci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib.

XS
SM
MD
LG