Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:10

10-yaşlı Nərminin qətlində müəmma: 'uşağın özü ilə meyitin qan qrupu fərqlidir'


Öldürülən Nərmin Quliyevanın qətli üzrə araşdırma niyə uzanır?
Gözlə

No media source currently available

0:00 0:10:08 0:00

Öldürülən Nərmin Quliyevanın qətli üzrə araşdırma niyə uzanır?

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanması və ay yarım sonra yanmış vəziyyətdə meyitinin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Məlum olub ki, azyaşlının anası yanmış meyit tapıldığı ilk vaxtlarda qızının başına gələnlərə görə Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovu suçlayıb. Hətta hüzr mərasimində onların arasında qalmaqal yaşanıb.

Uşaq sonuncu dəfə evdən çıxaraq gödəkcəni aparmaq üçün əmisigilə gedib. Onlardan çıxandan sonra isə itkin düşüb. Həmin əmisi Arif Quliyev oktyabrın 20-də məhkəmədə dindirilib.

Quliyev deyir ki, Nərmin günorta saat 15:00 radələrində gəlib, onlarda təxminən bir dəqiqə dayanıb və gedib. Təxminən bir saat sonra Nərminin özündən iki yaş böyük bacısı Şəbnəm gəlib. (əmi məhkəmədə qardaşının bu qızının adını yadına salıb deyə bilmədi-red.) Bacısı Nərminin orada olub-olmadığını soruşub, onun evə qayıtmadığını bildirib.

Nərmin haqda danışmayıblar

Əmisi deyir ki, axşam saat 18:00 radələrində Nərminin atası Şərif Quliyev onlara gəlib, qonşu kənddə toy öncəsi keçirilən "ciyər axşamı"na gediblər. Axşam saat 20:00 radələrində isə qayıdıblar. Baxmayaraq ki, günortadan artıq azyaşlı uşaqdan xəbər yox idi, Arif Quliyev deyir ki, axşam birlikdə olduqları vaxt aralarında Nərmin haqda heç bir söhbət olmayıb.

Həmin gün uşağı bir dəqiqə ərzində gördüyünü deyən Arif Quliyev qardaşı qızının əynində olanların hamısını məhkəmədə təsvir edib: cins şalvar, boğazlı qırmızı köynək, idman ayaqqabısı... Amma qardaşı Şərif Quliyevin əynində olanlara diqqət yetirmədiyini, bu üzdən yadında saxlamadığını söyləyib.

Nərminin anası Aynurə İsmayılova ötən məhkəmə iclasında dindiriləndə isə demişdi ki, qızı evdən çıxanda əynində məktəb paltarları (ağ köynək, ətək və s.) olub.

Azyaşlının axtarışları zamanı əhliləşdirilmiş itlərdən istifadə olunub. İtlər Arif Quliyevin ailəsinin, onlarla bir həyətdə yaşayan anasının və yan həyətdə yaşayan qonşunun evinə girib, axtarış aparıb.

Ana polis rəisi ilə niyə dalaşıb

Vəkillər Quliyevdən yas mərasimi zamanı Nərminin anası Aynurə ilə Tovuzun ovaxtkı polis rəisi Şirzad Əsgərov arasında nə baş verdiyini soruşanda şahid sualı sonadək dinləmədən "onlar dalaşanda mən olmamışam" cavabını verib. Sonradan isə fikrini dəyişərək onların dalaşmadığını bildirib.

Quliyevin istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğuna görə növbəti məhkəmə iclasında onun dindirilməsinin davam etdirilməsi, istintaqdakı ifadəsinin tədqiq olunmasına qərar verilib.

Azyaşlının oğurlanıb öldürülməsində suçlanan Dondar Quşçu kənd sakini İlkin Süleymanovun qardaşı Adil Süleymanov AzadlıqRadiosuna bildirib ki, Aynurə İsmayılovanın polis rəisinin yaxasından yapışıb onu günahlandırmasının xeyli şahidləri var: "Bunu kənd camaatı da görüb. Maraqlıdır ki, bunu demək üçün Aynurə İsmayılovanın nə əsası vardı? Necə olur, əmisi bir dəqiqə gördüyü Nərminin geyimini tam xatırlayır, axşam daha uzun müddət gördüyü qardaşının nə geyindiyini xatırlamır? Anası deyir ki, uşağın əynində yubka vardı, əmisi deyir ki, cins şalvar. Bu işi düzüb-qoşanlar anlayırlar ki, ziddiyyətlər ortaya çıxır, ona görə çalışırlar ki, boşluqları aradan qaldırsınlar. Tapılan meyitin əynində cins şalvar olub...".

Qan qrupu, meyitin ölçüsü

Süleymanov vurğulayıb ki, cinayət işinin materialları ilə tanışlıq zamanı müdafiə tərəfində dəfn olunan meyitin Nərmin olmasına şübhələr yaranıb. O, şübhələrə əsas verən məqamları da açıqlayıb. Məsələn, Quliyeva ilə bağlı tibb müəssisələrindən alınmış sənədlərdə, onun şəxsiyyət vəsiqəsində qan qrupu IV göstərilib. Lakin ekspertiza dəfn olunan meyitin qan qrupunun II olması barədə rəy verib. "İş materiallarında meyitin ölçüləri olmalıydı, ekspert mütləq bunu yazmalıydı. Amma meyitin boyunun uzunluğu yoxdur. Amma işdəki fotoşəkillərdən görünür ki, həmin meyitin ölçüsü Nərminə - 10-yaşlı uşağa uyğun deyil, xeyli uzundur. Fotoşəkil əsasında kompüter vasitəsilə aparılan mütəxəssis tədqiqatı da bunu ortaya qoyub", – Süleymanov belə deyir.

Qan qrupları arasındakı ziddiyyət, meyitin boyunun ölçüsü barədə dediklərini vəkil Əlibaba Rzayev də təsdiqləyib. Müdafiəçi bildirib ki, məhkəmədə sənədlərin tədqiqi mərhələsində bu məsələləri qaldırıb ziddiyyətlərə aydınlıq gətirməyə çalışacaqlar.

Baş Prokurorluq təkzib edir

Baş Prokurorluq isə Nərmin Quliyeva ilə dəfn olunan meyitin qan qrupları arasında fərq olması haqda deyilənləri təkzib edib. ​"İstintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib, zəruri istintaq hərəkətləri keçirilib. İş materiallarında hər hansı ziddiyyətli hallar mövcud deyil", - Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları oktyabrın 27-də davam edəcək.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG