Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:58

'BP Azərbaycanda korrupsiyaya göz yumur' (Araşdırma)


...təxminən elə həmin vaxtlarda dövlət şirkətlərindən birinin direktoru və onun arvadı Mayamidə dəyəri 10 milyon dollardan çox olan dəbdəbəli mülklər alıblar.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) yenicə dərc olunmuş təhqiqat hesabatında deyilir ki, sızmış sənədlərdən Şahdəniz-2 qaz yatağından 1.7 milyard dolların əldə olunması üçün Azərbaycanda iki dövlət şirkətinin yaradıldığı məlum olur.

Hesabatda deyilir ki, SOCAR-ın nəzarətində olan bu iki şirkət BP şirkətinin fəaliyyətinin Şahdəniz-2 yatağına genişlənməsindən mənfəətlənmək üçün saxta ödənişlərdən və qondarma kontraktlardan istifadə edib.

Bu da qeyd olunur ki, BP şirkətinə bu layihə ilə bağlı korrupsiya iddiaları ilə əlaqədar siqnallar verilsə də, BP iddialarla bağlı heç bir tədbir görməyib.

Hesabatda deyilir ki, pulun böyük bir hissəsinin hər hansı qaz gəlirləri Azərbaycanın dövlət büdcəsinə hələ daxil olmadan götürülməsi nəzərdə tutulmuşdu.

OCCRP yazır ki, təxminən elə həmin vaxtlarda bu dövlət şirkətlərindən birinin direktoru və onun arvadı Mayamidə dəyəri 10 milyon dollardan çox olan dəbdəbəli mülklər alıblar.

Yoxa çıxan milyonlar

Hesabat müəllifi qeyd edir ki, beləliklə Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil jurnalistika üzərinə hücumların davam etdirildiyi bir vaxtda ölkənin yüz milyonlarla dollarlıq vəsaiti yoxa çıxıb.

Daha sonra deyilir ki, 2013-cü ildə dəniz neft və qaz infrastrukturuna daxil dövlət Bos Shelf şirkətinin zavodlarından birinin yüzlərlə fəhləsi maaşlarının artırılması tələbi ilə tətil edirdilər.

Zavodun fəhlələrindən İqbal Dəmirov AzadlıqRadiosunun Azərbaycan xidmətinə demişdi:

“Maaşımız çox azdır. Tibb sığortamız yoxdur, əcnəbilər bizi ən adi səhvlərə görə sərt cəzalandırır, işdən qovur, təhqir edirlər”.

2013-cü ildə Bos Shelf şirkəti fəhlələrinin etirazı
2013-cü ildə Bos Shelf şirkəti fəhlələrinin etirazı

Bos Shelf LLC sahibi olan SOCAR bu şikayətləri araşdıracağını vəd etmişdi. Lakin 2017-ci ildə fəhlələr yenidən bu işə müdaxilə edilməsi və onlara maaşların verilməsində pozuntuların araşdırılması üçün prezident İlham Əliyevə müraciət etmişdilər.

Onlar baş direktor İxtiyar Axundovun adını xüsusilə vurğulayır, onun hər ay “milyonlarla dollar oğurladığını” və işə götürdüyü qohumlarına şişirdilmiş maaşlar verdiyini iddia edirdilər.

Fəhlələr bu barədə yazdıqları müraciətdə “zavodda qohumbazlığın, özbaşınalığın və qanqsterliyin” olduğunu, “bu ədalətsizliyə etiraz edən fəhlələrin işdən qovulduğunu” bildirirdilər.

Direktor uzaq sahillərdə

Həmin illər ərzində Bos Shelf Britaniyanın neft nəhəngi BP-nin Xəzər dənizində əməliyyatlarının çoxmilyardlarla dollarlıq genişlənməsi prosesində aparıcı podratçı şirkət idi.

Hazırda Şahdəniz-2 adlanan yataqdan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz nəql olunur.

OCCRP-nin hesabatında iddia olunur ki, fəhlərlərin güc-bəla ilə dolandığı vaxtlarda Bos Shelf gəlir götürürdü.

OCCRP yazır ki, BP şirkətinə aid sənədlərin təhlili Bosf Shelf şirkətinin və SOCAR-ın digər törəmə şirkətinin Şahdəniz-2 yatağından hələ Azərbaycanın dövlət büdcəsinə hər hansı gəlir daxil olandan əvvəl, qondarma sənədlər və kontraktlarla 1.7 milyard dollar mənfəətləndiklərini göstərir.

İxtiyar Axundov
İxtiyar Axundov

Bu da vurğulanır ki, elə həmin vaxtllarda Bos Shelfin baş direktoru İxtiyar Axundov arvadı ilə birlikdə ABŞ-da, Mayami şəhərində dəbdəbəli sahil mülkləri alırdılar.

Hesabatda Şahdəniz-2 yatağında işləmiş üç nəfərə istinadən qeyd olunur ki, BP-yə korrupsiya iddiaları ilə bağlı dəfələrlə siqnallar verilsə də, tədbir görülməmişdi.

Daha sonra 2014-cü ildə bir nəfər ifşaçı BP-dən Birəşmiş Krallığın Ciddi Fırıldaqçılıqla Mübarizə İdarəsinə şikayət təqdim etmişdi.

BP və SOCAR təkzib edirlər

Lakin BP iddia etmişdi ki, hər hansı təhqiqata başlanması üçün ona kifayət qədər sübutlar verilməyib.

BP-nin sözçüsü kifayət qədər material olarsa, aparşırma aparılacağını bildirmiş və heç bir qanunsuzluğa yol verilmədiyini bəyan etmişdi.

Sözçü SOCAR-a aid şirkətlərlə bağlı iddialar barədə şərh verməmiş, həmin şirkətlərin özünə müraciət etməyi məsləhət görmüşdü.

Öz növbəsində SOCAR və onun sözü gedən iki şirkəti heç bir qanunsuzluğa yol verilmədiyini, partnyorları tərəfindən müntəzəm audit olunduqlarını bildirmişdilər.

SOCAR-ın verdiyi bəyanatda etirazların korrupsiya ilə bağlılığı mübahisələndirilir və bildirilirdi ki, işçilər sadəcə olaraq maaşlarının dollarla hesablanmasını tələb ediblər və bu tələb tez bir zamanda yerinə yetirilib.

OCCRP-in təhqiqat hesabatında deyilir ki, 2014-2015-ci illər arasında Şahdəniz-2 layihəsindən yüz milyonlarla dollar mənfəət götürülüb. Bu həmin vaxtlar idi ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin və müstəqil jurnalistikanın üzərinə hücumlar həyata keçirirdi.

Avropa Parlamentinin 2015-ci il hesabatında deyilirdi ki, Azərbaycanda son on ildə bütün Avrasiyada ədalətli idarəçilik ən böyük geriləməyə məruz qalıb.

Avtoritar rejimlərin investorları

“İqlim siyasəti” adlı kitabın müəllifi və İohannesburq Universitetinin eksperti Patrik Bond deyib:

“Böyük neft, xüsusilə də BP kimi şirkətlər dünyanın bir çox ən avtoritar rejimlərinin əsas və birbaşa partnyorudurlar. Bu rejimlər BP onların “investoru” olmadan mövcud ola bilməzlər. Qaz və neft kimi resurslardan əldə olunan gəlirlərdən militaristləşmə və ictimai müqavimətin əzişdirilməsi üçün istifadə olunur”.

Hesabatda deyilir ki, BP neft qiymətlərinin düşdüyü dövrdə tikilən Şahdəniz-2-ni böyük uğur adlandırmışdı.

33 milyard dollar dəyəri olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir və bugün Avropa İttifaqının Rusiyadan enerji asılılğının azaldıması üçün əsas amillərdən biri sayılır.

Lakin OCCRP yazır ki, Şahdəniz-2 layihəsinin erkən mərhələsinə aid emaillər, prezentasiyalar və məktublar bəzi BP rəsmilərinin layihənin ifrat bahalığı və layihədə işləyən şirkətlərin böyük məbləğdə əlavə xərclərini sual altına aldıqları görünür.

Burda söhbət həm də SOCAR-ın törəmə şirkətləri Bos Shelf və Star Gulf FZCO, habelə neft xidmətləri podartçısı Saipem şirkətindən gedir.

Sirli 25 faiz

Hesabatda deyildiyinə görə, xərclər xüsusən də BP üçün problemli idi, çünki şirkət Bos Shelf və Star Gulf şirkətləri ilə “qeyri-adi konrakt razılaşmasına” daxil olmuşdu.

Konsorsiumun ən böyük layihələrindən birinin Əsas Müqaviləsinə görə SOCAR-ın sözü gedən iki şirkətinə layihənin icrası zamanı ortaya çıxacaq bütün xərclərin 25 faizi üçün qarantiya verilirdi.

Bunun 9 faizi gəlir, 16 faizi isə “inzibati xərclər” kimi qeyd olunurdu.

Hesabatda deyilir ki, adətən IT, administrasiya və ofis təchizatı kimi xərclər layihənin ümümi xərclərindən asılı olmur. Lakin BP-nin bu iki şirkətlə bağladığı kontrakta görə əlaqəsi olmayan xərclərin artdığı hallarda da şirkətlərin gəlirləri və “inzibati xərcləri” avtomatik qalxırdı.

OCCRP yazır ki, BP-nin məlumatlarına görə Bos Shelf və Star Gulf şirkətlərinə bu üsulla artıq 2015-ci ilin ortalarınadək 500 milyon dollardan çox pul ödənmişdi.

Hesabatın təxminlərinə görə bu, Şahdəniz-2 layihəsinin davam etdiyi 2014-2021-ci illər üçün toplam 1.7 milyard dollar etməliydi.

Sözü gedən Əsas Müqaviləyə görə inzibati xərclər bunun 1.1 milyard dollarını təşkil etməliydi.

Hesabatda deyilir ki, BP-nin büdcəsinə “bek-ofis” xərcləri deyilən 400 milyon dollarlıq maddə daxil edilmişdi və bu əslində Star Gulf və Bos Shelf-in çəkməli olduğu xərclərin böyük bir hissəsini təşkil edirdi.

Pullar Azərbaycandan kənara axır

Maliyyə təhqiqatçısı və ABŞ-da McKinsey konsaltinq firmasının keçmiş baş iqtisadçısı Ceyms Henri OCCRP müxbirinə deyib ki, “belə kontraktlar adətən real xərclərlə əlaqəsi olmayan xərcləri və ya Azərbaycan elitasının nəzarətində olan şirkətlərə inzibati xərclər və gəlir kimi ayrılan 25 faiz kimi əlaqəsiz xərcləri əsaslandıran yayğın qaydalarla” dolu olur.

Ekspert bildirib ki, belə kontraktları “daxili dekorasiya” da adlandırmaq olar.

OCCRP yazır ki, BP sənədləri Star Gulf və Bos Shelf şirkətlərinə ödənilən pulların hara gedib çıxması ilə bağlı da suallar doğurur.

Hesabatda deyilir ki, ödəniş qəbznamələri bu pulların Azərbaycandan kənara - Star Gulf şirkətinin Dubaydakı, Bos Shelf şirkətinin isə Lüksemburdakı hesablarına axdığını göstərir.

“Dünyanın 10 ən xəlvəti maliyyə cənnətlərindən biri”

Məqalədə bu da qeyd olunur ki, Bos Shelf, belə görünür layihənin sualtı istehsal sistemlərinin qurulmasına cavabdeh olub.

Qeyd edilir ki, Star Gulf şirkətinin işçiləri və işlə bağlı xərcləri yoxdur və onun tikintidəki rolu naməlumdur. Lakin Star Gulf şirkəti Bos Shelf şirkətinin yarısına sahib olduğuna görə ona iki dəfə ödəniş edilib.

Hesabatda deyilir ki, OCCRP Star Gulf şirkəti haqqında çox da məlumat toplaya bilməyib. Məlum olan budur ki, şirkət Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçirilib.

Henri BƏƏ-nin “dünyanın ən xəlvəti on maliyyə cənnətindən biri” olduğunu deyir.

Baykonurdan 2.5 dəfə dəfə “ucuz”

Hesabatda deyilir ki, xərclər bir sıra hallada sözün əsl mənasında astronomik idi.

2014-cü ilin prezentasiyalarından birində deyilirdi ki, BP 41 aylıq müddətdə iş yeri qurğularından istifadə üçün 150 milyon dollar xərcləyəcək. Bu, ilə 45 milyon dollar demək idi.

Prezentasiyanın slaydlarından birində deyilirdi ki, “bu, Rusiyanın Baykonur kosmodromuna görə, onun dəmir və avtomobil yolları, 15 start qurğusu, 2 aerodromu, raket emalatxanaları, yaşayış kompleksləri və ofisləri ilə birlikdə Qazaxıstana ödədiyi icarə haqqından 2.5 dəfə azdır”.

OCCRP-nin hesabatında deyilir ki, ən qəliz məsələ işçi qüvvəsinə ödənən pullar idi.

2014-cü ilin fevralına aid BP məlumatlarından görünürdü ki, Bos Shelf şirkətinin adam/saat hesabı ilə xərcləri 15 milyon dollar şişirdilərək 25 milyon dollara çatdırlıb.

Hesabatda deyilir ki, 2015-ci ilin yanvarına aid başqa bir prezentasiya partnyorların 11 həftədə BP-dən 84 min adam/saat izafi ödəniş aldıqlarını göstərir.

Hesabatdan görünürdü ki, konsorsium həmin ay 10 saatlıq iş günü hesabı ilə 400-dək işçinin haqqına bərabər pul ödəyib, amma başqa bir məlumat həmin vaxt yalnız 144 nəfərin işlədiyini göstərib.

BP də boğaza yığılıbmış

OCCRP-nin yazdığına görə iş o yerə çatıb ki, BP məhsuldarlığın aşağı olmasını əsas gətirərək əlavə olaraq 30 min adam/saatın pulunu ödəməkdən imtina edib.

Hesabatda deyilir ki, mübahisə BP-nin əməkhaqqıların necə hesablanması barədə daha çox informasiya tələb etməsi ilə daha da qızışıb.

Bu da qeyd olunur ki, BP 2015-ci ilin aprelində konsorsiumla xərclərin azaldılmasına dair danışıqlar aparmağa çalışıb.

Hesabatda iddia olunur ki, BP SOCAR-ı öz tərəfində saxlamaq üçün siyasi oyun oynamalı olduğunu bilirdi.

Məxfi planlardan birində deyilirdi ki, “daha az təcrübəyə malik” konsorsiumun SOCAR-ın üzərindəki nüfuzu BP-nin nüfuzundan çox olub.

BP sözçüsü şirkətin SOCAR şirkətləri ilə fəaliyyətinin kontraktlar əsasında düzgün aparıldığını və xərclərin həqiqiliyinin onun özünün audit prosedurları ilə yoxlandığını deyib.

OCCRP bildirir ki, sözçü bu kontraktların detalları barədə şərh verməkdən imtina edib.

Maaşların kəsilməsi barədə iddialar

OCCRP yazır ki, Şahdəniz-2 layihəsindəki mənimsəmələr məsələsini təkcə BP işçiləri qaldırmırdılar.

2018-ci ildə Bos Shelf şirkətinin keçmiş administrasiya başçısı Xuraman Abil şirkət tərəfindən maaşının 214 min dollarının verilməməsindən və korrupsiyadan şikayət etdiyinə görə işdən çıxarılması ilə bağlı Bakı məhkəmələrindən birinə müraciət etmişdi.

Hesabatda deyilir ki, məhkəmə 16 il Bos Shelf şirkətində işləməsinə baxmayaraq Abilin iddiasını əsassız və gecikmiş kimi rədd edib.

Bu da qeyd olunur ki, Abil bu iş üzrə apellyasiya şikayətini “Azərbaycanın korrupsiyası ilə məşhur ədliyyə sisteminin” Ali Məhkəməsinədək çatdırıb. Nəhayət onun iddiası son instansiyada da rədd edilib.

Lakin hesabatda qeyd olunur ki, hələ Bos Shelf şirkətində çalışdığı vaxtlarda səhvən Abilə göndərilmiş maaş cədvəlləri tamam başqa mənzərədən xəbər verir.

OCCRP bildirir ki, Abilin maaşından tutulmasını BP sənədləri də göstərir:

Sənədlər göstərir ki, BP onun maaşı üçün Bos Shelf şirkətinə ayda 3300 dollar ödəyib. Lakin məhkəmə sənədlərində Abil bildirir ki, o yalnız 1100 dollar alıb və Bos Shelf həmin pulu da cəzalandırıcı məzənnə ilə 803 manata çevirərək ödəyib. Sənədlər BP-nin onun maaşı üçün Bos Shelf-ə ödədiyindən əhəmiyyətli məbləğdə az maaş aldığını göstərir.

Abil iddia edib ki, İxtiyar Axundov öz ailə üzvlərinə şişirdilmiş maaşlar verdiyi halda, bir çox işçilərin maaşını və məzuniyyət pullarını kəsib.

“Mən bilmirəm BP Azərbaycanda 30 il necə işləyib?”

O və Bos Shelf-in daha bir işçisi iddia edirlər ki, Bos Shelf mal və xidmətləri BP-yə şişirdilmiş qiymətlərlə satırdı.

Abil OCCRP-yə deyib:

“Deyək ki, bir malın və ya xidmətin qiyməti 1 manatdır, amma onların saxta sənədlərində eyni mal və xidmətlərin qiyməti 100 manat olaraq göstərilirdi. Mən bilmirəm BP Azərbaycanda 30 il necə işləyib? Ağlı başında olan şirkət bura gəlməz”.

Şirkətin zavodlarından birində çalışan Arif Cavadov iddia edib ki, o Bos Shelf-in işçilərinin mövcud olmayan şeylər – məsələn kran hissələri üçün pul aldıqlarının, sonra isə mənfəəti oğurladıqlarının şahidi olub.

Cavadov deyib ki, 2013-cü ildə İxtiyar Axundova oğurluqlar barədə anonim məktub gəlib. Cavadovun sözlərinə görə Axundov anbarlarda 2 milyonluq avadanlıq aşkar etsə də tədbir görməyib, əvəzində xəbərçilikdə şübhələndiklərini, o cümlədən Cavadovu işdən qovub:

“İxtityar Axundov beş anbarı yoxladı və aşkar olunmuş malları əsas anbara daşıtdırdı. O həmin şeyləri qaytarmadı. Malların daşındığı üç ay ərzində bir nəfər də cəzalandırılmadı. Hüquq-mühafizə orqanları müdaxilə etmədilər. Stalinin vaxtında belə işlərə görə güllələyirdilər”.

Hesabatda deyilir ki, SOCAR Cavadov və Abilin iddialarını təkzib edib və bildirib ki, onların hər ikisi işdən normal ştat dəyişikliyinə görə çıxarılıblar.

SOCAR sözçüsü əlavə edib ki, menecerlər bu iki nəfərin intizamını və iş fəaliyyətini qənaətbəxş hesab etməyiblər.

Axundov bu iddialarla bağlı sorğulara cavab verməyib.

Nə BP, nə hökumət tədbir görməyib

Cavadov və Abil bildiriblər ki, onlar korrupsiya barədə prezident İlham Əliyevin ofisi və SOCAR da daxil Azərbaycan nazirliklərinə və rəsmilərinə, habelə BP-yə dəfələrlə şikayət məktubları yazıblar.

Onlar bidlirirlər ki, BP bu məsələni araşdıracağını vəd etsə də, heç bir tədbir görməyib.

2017-ci ilə aid emaillərdən birində BP-nin rəsmilərindən biri Abilin BP rəhbəri Robert Dadliyə (Dudley) şikayətinə cavab olaraq bidlirib ki, onun maaş məsələsi “işəgötürənlə işçi arasında olan bir məsələdir”.

Həmin rəsmi Abilin korrupsiyaya dair iddialarını rədd edib.

OCCRP-nin hesabatında deyilir ki, Abil Bos Shelf şirkətindəki problemləri BP-də dəfələrlə qaldırdıqdan sonra Britaniya şirkətinin bunlardan agah olduğuna inandığını deyib. O iddia edib ki, “BP özü buna göz yumur”.

BP sözçüsü Abil və Cavadov barədə suallara cavab olaraq bildirib ki, BP öz vəzifələrini lazımınca icra edib və korrupsiyaya dair iddialar BP-nin partnyorlarına ünvanlanmalıdır.

Rauf Həbibli (Həbibov)
Rauf Həbibli (Həbibov)

Uğursuz icra başçılığından subpodratçılığa

OCCRP-nin hesabatında deyilir ki, Şahdəniz-2 layihəsində şişirdilmiş qiymətlərlə iş görən yalnız Bos Shelf və Star Gulf deyildi.

Bütün böyük neft və qaz layihələrində olduğu kimi burada da müxtəlif sahələr üzrə ixtisaslaşmış kiçik subpodratçı şirkətlər vardı.

OCCRP bu şirkətlərə ödənən pulların haralara gedib çıxdığını da araşdırmağa çalışdığını bildirir.

Belə şirkətlərdən birinə - Caspian Business Services (CBS) adlanan şirkətə İxtiyar Axundovun yeznəsi Rauf Həbibli rəhbərlik edib.

Hesabatda deyilir ki, o 2012-ci ilədək Quba rayonunun icra başçısı idi, amma yerli camaat barədə aşağılayıcı çıxış etdiyinə görə vəzifəsindən rüsvayçılıqla çıxarılmışdı.

Onun həmin çıxışı rayonda 25 nəfərə qarşı cinayət işinin qaldırılması ilə nəticələnmiş qiyama yol açmışdı.

Abil OCCRP-yə bidlriib ki, CBS 2013-cü ildən sonra böyüməyə başlayıb. Həmin vaxt bu şirkətə Şahdəniz-2 layihəsinin ofis binasının yenidənqurulması tapşırılmışdı.

Abil iddia edir ki, şirkət ofisin içərisindəki ara divarların sökülməsi və başqa ağır işlərdə çarəsiz köçkün adamları işlədirdi.

Abil bu barədə deyib:

“Mən bunu öz gözlərimlə görmüşəm. Onlar heyvan kimi işləyir, çox az pul alırdılar…Rayondan Bakıya işləməyə gələn hər işçiyə 17 saatlıq işin müqabilində 16 manat pul verilirdi”.

Lüzumsuz ayaqyolu

Abil bunu da bildirib ki, CBS Şahdəniz-2 layihəsində işləmək üçün heç bir tenderdən keçməyib. OCCRP bu barədə BP sənədlərinin arasında da heç bir məlumat tapa bilmədiyini yazır. Buna baxmayaraq sənədlər göstərir ki, Bos Shelf bu şirkəti terminalın yeni dəniz bazasının müxtəlif hissələrində işləmək, binalar və infrastruktur tikmək üçün kirayələmişdi.

Hesabatda deyilir ki, emaillər BP əməkdaşlarının bu şirkətə verilən sifarişlərlə maraqlandığını göstərir.

Bunlardan biri dəyəri 60 min manat (76,500 dollar) olan lüzumsuz ayaqyolu blokunun, digəri isə bəzi hissələrinin tikintisinin dəyəri 50 faiz şişirdilmiş emalatxana üçün verilən sifarişlər idi.

BP-nin məktublarından birində deyilridi ki, CBS-in iş təklifində beton bünövrələrin tikintisinin detalları, o cümlədən işlədilən materiallar və tələb olunan adam/saat, maaşların necə ödənəcəyi barədə məlumatlar yoxdur.

Buna baxmayaraq BP həmin kontraktı təsdiqləmişdi.

OCCRP-nin hesabatında deyilir ki, BP-nin sözçüsü sızmış sənədləri görmədən Şahdəniz-2 layihəsinin subpodratçıları haqqında şərh verməkdən imtina edib və bildirib ki, bu sorğular həm də müvafiq tərəflərə ünvanlanmalıdır.

OCCRP yazır ki, bu barədə sorğulara nə CBS-dən, nə də şəxsən Həbiblidən cavab almaq mümkün olmayıb.

Öldürülən hər it üçün ödənən pul və fəhlə maaşı

Hesabatda deyilir ki, şişirdilmiş qiymətlə iş görən təkcə CBS olmayıb. Ödəniş qəbzləri Bos Shelf şirkətinin sahibsiz itləri öldürmək üçün bir şirkəti kirayələdiyini göstərir.

Bu qəbzlərə əsasən öldürülən hər it üçün 460 manat (270 dollar) ödənməli idi. OCCRP bildirir ki, həmin vaxt zavodda işləyən fəhlənin aylıq maaşı elə təxminən bu qədər idi.

Hesabatda deyilir ki, bu subpodratçı şirkətlər əsasən BP-dən müstəqil idilər.

OCCRP iddia edir ki, BP kağız üzərində buna nəzarət etməli və tendersiz 250 min dollardan çox məbləğdə sifariş almış şirkətləri yoxlamalı idi. Lakin BP-nin apardığı daxili təftişin sənədlərində qeyd olunurdu ki, “Bos Shelf-in hesabatvermə prosesi bizə hər hansı bir nəzarət imkanı vermir”.

Çirkli pulların yuyulması ilə mübarizə eksperti Erin Şornik bildirir ki, yalnız bir şirkətlə və “məhdud tenderlə” kontraktların bağlanması şəffaflıq və rəqabətin təməl prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir.

Onun firkincə belə hallarda, söhbət aralarında bundan əvvəl münasibətlər mövcud olan podratçılar və subpodratçılardan gedəndə potensial olaraq korrupsiya və favoritizmə şərait yaranır.

Balıqqulağı podratçılar

OCCRP bildirir ki, onun araşdırması Şahdəniz-2 layihəsində çalışan subpodratçıların bəzilərinin balıqqulağı şirkətləri olduğunu üzə çıxarıb və bu, çirkli pulların yuyulmasından şübhələr yaradır.

Hesabatda deyilir ki, BP-nin məsul əməkdaşlarından biri konsorsiuma gətirilmiş podraçıların birindən çirkli pulların yuyulması mənasında narahatlığını bildiribmiş.

BP rəsmisi yazdığı emaildə kabellər və qazma avadanlığı üçün konsorsium iştirakçısı olan subpodratçının verdiyi ödəniş tələbnaməsinin sual doğurduğunu bildirirdi. Gulf Stream adlı bu subpodratçı ünvanı kimi Latviyanı göstərirdi. Amma həmin şirkət Britaniyada qeydiyyatdan keçmişdi və oradakı şirkətlər reyestri bu şirkətin sahibinin Seyşel adalarındakı iki ofşor şirkətin olduğunu göstərirdi.

Hesabatda deyilir ki, Gulf Stream bundan əvvəl Yeni Zelandiyada qeydiyyatdan keçmişdi. Şirkətin direktoru kimi Emin Əliyev göstərilirdi. BP rəsmisi diqqət yetirmişdi ki, bu adamın adı Bos Shelf şirkətinin alış menecerinin adı ilə eyniyyət təşkil edir. Şirkətin vebsaytının olmaması və göstərilən telefonların işləməməsi həyəcan təbili çalmağa əsas verirdi.

Amma BP menecerlərindən biri səs-küy qaldırmağa həvəs göstərməmiş və məktuba cavab olaraq yazmışdı ki, “bu məsələni Bos Shelf-in qarşısında qaldırın, amma onlara yazdığınız mətndə ehtiyatlı olun”.

Həmin menecer yazırdı ki, “podratçının istifadə etdiyi hər bir şirkəti yoxlamaq bizim işimiz deyil, bizim işmiz odur ki, kontrakt tələblərinə və proseslərinə əməl olunsun”.

OCCRP-nin hesabatında deyilir ki, bu məsələ barədə hər halda BP-nin Britaniyadakı hüquq departamentinə müraciət edilmiş və Gulf Stream şirkətinin ödəniş tələbnaməsinə pul ödəməmək barədə qərar qəbul olunmuşdu.

OCCRP bildirir ki, bu barədə Gulf Stream-ə göndərilən emaillər geri qayıdıb.

Dəbdəbəli həyat

OCCRP-nin hesabatında deyilir ki, 2015-ci ildə İxtiyar Axundov SOCAR-ın dəstəklədiyi Oil & Gas Year jurnalında ilin adamı elan edilmişdi.

Elə həmin ildə o və arvadı Balacaxanım İsmayılova Mayamidə The Setai Residences adlanan dənizqırağı kompleksdə 3 milyon dollara mənzil almışdı.

İki il sonra Axundov Mayami sahilində 5.5 milyon dollara başqa bir mənzil də alıb. Bu mənzillərin alınması üçün heç bir ipoteka sənədlərinin göstərilməməsi onlar üçün nəqd pul ödəndiyini göstərir.

OCCRP yazır ki, Floridanın daşınmaz əmlak reyestrlərindən İsmayılovanın bir qədər şimalda Fort Loderdeyl deyilən yerdə 5 yataq otağı olan başqa bir mənzil aldığı və bunun üçün 2017-ci ildə 2 milyon dollar ödədiyi məlum olur.

Hesabatda iddia olunur ki, Axundov Floridada qeydiyyatdan keçmiş şirkətin sabiq meneceri kimi göstərilir. Bu şirkətin San Fransiskoda iki kommersiya mülkü var.

OCCRP bildirir ki, sosial mediada dərc olunmuş fotolar İsmayılovanın dəbdəbəli həyat keçirdiyini, Meksikada Tuluma, Kubada Havanaya, Fransada Parisə səfərlər etdiyini göstərir.

2016-cı ilə aid fotolardan birində Axundov və qızının Ritz Londonda Bos Shelf şirkətinin kommersiya meneceri Dominik Russat və onun ailəsi ilə birlikdə şam etdikləri görünür.

Bu qədər sərvət necə yaranıb?

OCCRP-nin hesabatında deyilir ki, Axundov ailəsinin bu qədər sərvəti necə topladığı məlum deyil. Onun maaşı BP-nin sənədlərinə daxil edilməyib. Amma bu sənədlərdən başqa vəzifəli menecerlərin ilə 470-500 min dollar qazandıqları görünür.

Axundovun arvadı İsmayılova hüquqşünasdır və 20 ilə yaxın müddətdə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığında işləyib.

O 2018-ci ildə anası, Azərbaycan Nazirlər Kabinetinin hüquq şöbəsinin keçmiş rəhbəri Həqiqət İsmayılova ilə birlikdə Crystal Law hüquq firmasını təsis edib.

Crystal Law firmasının göstərildiyi ünvanın qonşuları bura kiminsə baş çəkdiyini görmədiklərini deyiblər. Bir neçə nəfər bu mənzilin Axundova məxsus olduğunu və bir vaxtlar orada yaşadığını bildirib. Amma OCCRP bildirir ki, Azərbaycanda ictimai mülkiyyətin məlumat bazası olmadığından bunu təsdiq etmək mümkün deyil.

Axundov, İsmayılova və Crystal Law firması OCCRP-nin sorğularına cavab verməyiblər. SOCAR Axundovun maaşı və xərcləri barədə suala cavab verməyib.

BP qurtaran yerdən Total başlanır

Hesabatda deyilir ki, Şahdəniz-2 layihəsinin genişləndirilməsi artıq başa çatıb və deyilənə görə Bos Shelf Fransanın Total şirkəti ilə bərabər Azərbaycanın Abşeron neft-qaz yatağında çalışır. OCCRP yazır ki, Star Gulf “sakitcə” yoxa çıxıb.

Hesabatda deyilir ki, bu şirkət 2019-cu ildən SOCAR-ın sənədlərində göstərilmir və onu BƏƏ-də qeydiyyatdan keçmiş Bos Shelf International FZCO şirkəti əvəz edib.

OCCRP-nin əldə etdiyi yeganə sənəddə Bos Shelf International şirkətinin tam sahibi kimi İlham Nuriyev göstərilir.

Hesabatda deyilir ki, bu ad və soyadı olan şəxs 2020-ci ildə Bos Shelf-də işləməyə başlayıb.

OCCRP onunla Linkedin vasitəsilə əlaqə yarada bilib. Həmin şəxs bildirib ki, hər hansı suallara cavab verməkdə “maraqlı deyil”.

XS
SM
MD
LG