Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:58

'Olimpiada suallarını kosmosdakı insanlar hazırlayır?'


Müəllim. Foto arxiv
Müəllim. Foto arxiv

Təhsil Nazirliyi orta məktəblərdə bir qrup müəllim arasında «İstedadlı şagird üçün istedadlı müəllim» müsabiqəsi keçirib.

Nazirlik nəticələri açıqlamasa da, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

Bu nəticə mütəxəssislər, sosial media istifadəçiləri arasında birmənalı qarşılanmayıb, tənqid edilib.

Nazirliyin yanvarın 3-də verdiyi açıqlamaya görə, müsabiqə keçirməkdə məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında uğurlarının yüksəldilməsinə töhfə verəcək müəllimləri müəyyənləşdirmək olub. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qurumun nəticələri niyə açıqlamamasına dair sualdan yayınır. Amma o, AzadlıqRadiosuna deyir ki, müsabiqənin nəticələrini bəzi şərhçilər, ekspertlər kimi dəyərləndirmək doğru deyil, bu, xüsusi tipli yanaşmadır, «istedadlı şagirdlər üçün istedadlı müəllimlər»in seçilməsi ənənəvi dəyərləndirmə deyil. O, müəllimlərə spesifik, xüsusi suallar verildiyini və bunun daha dərin biliklər tələb etdiyini bildirir. «Burda məqsəd qoymamışıq ki, 100 müəllimin 50-i burdan keçəcək. Nəticənin ənənəvi qaydada tövsif edilməsi düzgün deyil», – nazirliyin sözçüsü qeyd edir.

Nazirliyin açıqlamasında dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlərin barmaqla sayıla biləcək qədər az olduğu qeyd edilir.

K.Əsədov
K.Əsədov

«Yaxşı, cavab verməsin onun 5 sualına, amma nəticələr 50 faizdən aşağıdırsa...»

Hərçənd, əksər təhsil ekspertləri nazirliyin açıqlamasını qənaətbəxş saymırlar.

«Təhsil Nazirliyi açıqlama verdi ki, müəllimlərə olimpiada sualları verilib. Başa düşmədim, olimpiada suallarını kosmosdakı insanlar hazırlayır? Hər bir müəllim ixtisası üzrə verilmiş suallara, ev tapşırığına cavab verməyə borcludur. Yaxşı, cavab verməsin onun 3 sualına, 5 sualına. Amma nəticələr 50 faizdən aşağıdırsa, 50 faizdən yuxarı cavab verənlərin sayı barmaqla sayılacaq qədərdirsə, bu o deməkdir ki, Azərbaycanda keyfiyyətsiz təhsil formalaşıb», – təhsil eksperti Kamran Əsədov deyir.

«Bəs indiyədək beynəlxalq olimpiadalardan qızıl medal gətirən uşaqlar kimlərin şagirdləridir? O uşaqların müəllimləri olimpiada suallarına cavab verə bilmirsə, şagird necə cavab verəcək?», - o, sual edir.

N.Qulamoğlu
N.Qulamoğlu

«Bisavad müəllimlər siyasi sistemin dayağıdır»

AzadlıqRadiosuna danışan təhsil ekspertlərinin hamısı bir məqamda həmrəydir: təhsilin başlıca problemi kadrlarla bağlıdır. Nabatəli Qulamoğlu bu məsələyə keçmiş təhsil nazirləri Misir Mərdanovla Mikayıl Cabbarovun da toxunduqlarını bildirir.

K.Əsədov iddia edir ki, bu gün Azərbaycanda orta məktəblərin buraxılış və ya ali məktəblərə qəbul imtahanlarındakı uğurlar nazirliyin yox, repetitorların, hazırlıq kurslarının nəticələridir. O sual edir: «Niyə nazirlik saxta diplomu olanların təhsildə qalmasında maraqlıdır? Niyə diaqnostik imtahanda 0, 1 bal toplamış müəllimlərin çalışmasında maraqlıdır? Siz onlardan nə umursunuz? Onlar ölkə təhsilinə hansı töhfəni verəcək? Pedaqoji göstəriciləri 80 faizdən aşağı olan müəllimlər məktəblərə buraxılmamalıdır».

Bu mövzuda danışan N.Qulamoğlu hesab edir ki, siyasi hakimiyyət bilərəkdən bu məsələni həll etmir, «bisavad müəllimlər siyasi hakimiyyətin dayağıdır» deyə düşünür.

«Onlara əsaslanıb seçkini saxtalaşdırırlar, qanunsuzluq edirlər. Hökumət ona görə də savadsız müəllimlərin məktəbdən tam uzaqlaşdırılmasının tərəfdarı deyil. Sual versən ki, beşi sıfıra böləndə neçə qalır, ibtidai sinif müəllimlərinin 50 faizi «ədəd sıfıra bölünmür» cavabını verə bilməyəcək. Nazirlik kadr məsələsini həll etmək istəyir, dövlət imkan vermir, məsələ bundadır», – N. Qulamoğlu söyləyir.

A.Mollazadə
A.Mollazadə

Deputat: «Maaş artırılmalıdır»

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə imtahan nəticələrinə təəssüfləndiyini söyləyir. Ancaq ümid edir ki, gələcəkdə belə imtahanlar keçirməklə müəllimlərin təkmilləşməsi istiqamətində addımlar atıla bilər: «Təhsilin güclənməyi məhz müəllimlərin səviyyəsindən asılıdır. Uzun illər toplanmış problemlər öz həllini tələb edir. Bu istiqamətdə addımlar atılır. Müəllimlərin ağır əməyi qiymətləndirilməlidir, maaşları artırılmalıdır».

Deputat «savadsız müəllimlərin siyasi sistemin dayağı olması» haqda fikriləri rədd edir və gülünc sayır.

«Sual olunmalıdır, axı, siz niyə zay məhsul hazırlayırsınız?»

Təhsil eksperti Nadir İsrafilov məsələyə radikal yanaşmanın əleyhinədir.

«Müsabiqə və qiymətləndirmələrdə uğursuz nəticə göstərən müəllimlərlə bağlı təmizləmə siyasəti aparılarsa, sabah uşaqlara kim dərs deyəcək? Onsuz da, orta məktəbdə nə qədər vakant yer var», – ekspert qeyd edir.

N.İsrafilov diqqəti səbəbə yönəldir, həmin müəllimləri hazırlayan ali məktəblərin üzərinə getməyin zərurətindən danışır: «Sual olunmalıdır, axı, siz niyə zay məhsul hazırlayırsınız?».

N.Qulamoğlu isə hesab edir ki, təhsilə, kadr hazırlanmasına pul xərcləmək lazımdır, amma hökumət bunu istəyirmi, o, başqa məsələdir.

XS
SM
MD
LG