Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:49

'Onların islahatı məhz bundan ibarətdir'


Ə.Hacıbəyli
Ə.Hacıbəyli

Ötən həftə Baş Prokurorluğun bir sıra müxalif şəxsləri müdafiə edən vəkil Nemət Kərimli barədə Vəkillər Kollegiyasına şikayət verdiyi bildirilir. Bundan bir qədər əvvəl isə bəzi siyasi sayılan işlərdə müdafiəçi olan Şəhla Hümbətovanın Vəkillər Kollegiyasına verilən şikayət əsasında vəkillik fəaliyyəti dayandırılıb.

Hələ bu ilin əvvəlində Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində islahatlara dair fərman verib. Rəsmi şəxslər ölkədə islahatların həyata keçirildiyini iddia edirlər. Bəs belə olan halda bütün bunlar elan edilən siyasətlə ziddiyyət təşkil etmirmi?

«İslahat imitasiyası...»

Hüquqşünas Ənnağı Hacıbəyli hesab edir ki, əslində ölkədə heç bir sahədə ciddi islahat getmir: «Bütün görülən tədbirlər, islahat imitasiyası hakimiyyətin saxlanmasına hesablanmış yalançı tədbirlərdir. Konkret olaraq prokurorluq, polis, ədliyyə orqanlarında hər hansı gerçək islahat tədbiri sadalamaq mümkün deyil».

Vəkillik sahəsində vəziyyətə gəlincə isə, Ə.Hacıbəyli AzadlıqRadiosuna deyib ki, son illərdə Vəkillər Kollegiyasında rəhbərlik dəyişib: «Nə bilim sayt açırlar, hansısa tədbirlər keçirirlər, futbol yarışları təşkil edirlər, onların islahatı məhz bundan ibarətdir».

«Cəmiyyətin susdurulmasına yönəldilmiş siyasətin tərkib hissəsi»

Ə.Hacıbəyli deyib ki, əslində Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi (mərhum Azər Tağıyevin sədrlik dövrü nəzərdə tutulur. 2004-2017 ) vaxtında müstəqil vəkillərə qarşı bu qədər basqılar yox idi: «Bu basqıların da mahiyyəti, mənası yenə də siyasi müxalifəti, siyasi baxımdan fəal şəxsləri, aktiv vətəndaş cəmiyyəti üzvlərini müdafiədən məhrum etməkdir. Bu isə bütövlükdə cəmiyyətin susdurulmasına yönəldilmiş siyasətin tərkib hissəsidir».

«Keyfiyyətcə artım əvəzinə kəmiyyətcə artım»

Ə.Hacıbəyli deyib ki, son zamanlar vəkillərin sayının artırılması Avropa Şurasının tələbi idi: «Çünki Azərbaycan adambaşına düşən vəkil sayına görə nəinki Avropada, hətta dünyada ən sonuncu yerləri bölüşürdü. Vəkillərin sayının artırılması isə mütləq islahat hesab oluna bilməz.


Yeni qəbul edilən vəkillərin peşə hazırlığı vəkillikdən kənarlaşdırılan şəxslərin heç birinin peşə hazırlığı və peşəkarlığı ilə müqayisə oluna bilməz. Yəni, keyfiyyətcə artım əvəzinə kəmiyyətcə artım baş verir. Siyasi müxalifəti, hətta müxalifət olmasa belə, müdafiə etdiyi şəxslərin hüquqlarını vicdanla, dönmədən, qorxmadan müdafiə edən vəkilləri hətta vəkillikdən uzaqlaşdırırlar».

Hüquqşünas hesab edir ki, bəzən bu işlərin arxasında hansısa siyasət də dayanmır: «Sadəcə, istintaq öz işini asanlaşdırmaq üçün istənilən vəkil haqqında təqdimat yaza bilər. Vəkillər Kollegiyası isə öz üzvlərini müdafiə etmək əvəzinə vəkilləri dərhal vəkillikdən uzaqlaşdırır. Yəni, məsələ əslində bu qədər bəsitdir».

Bu fikirlərə, hələlik, Vəkillər Kollegiyası rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma qurumun rəhbərliyi vəkillərin müdafiəsiz qalması haqqında fikirləri bundan əvvəl açıqlamalarında qəbul etməyiblər.

Z.Oruc
Z.Oruc

«Bu, yalnız statistika deyil»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə «Turan» agentliyinə deyib ki, son illər vəkillik institutunun fəaliyyəti ilə bağlı hüquqi, təşkilati və qanunvericilik sistemi baxımından köklü addımlar atılır, bu inkaredilməzdir.

Z.Oruc vurğulayıb ki, Azərbaycan vəkil sayına görə Avropa Şurası ölkələri arasında o qədər də öz gücünə uyğun yerdə təmsil edilmirdi, bu isə vətəndaşların hüquqlarının müdafiəsinin mükəmməl qurulmasına da təsir göstərirdi: «Ən azı bəzi bölgələrdə bir vəkil belə yox idi. İndi isə artıq bu göstəricilər dəyişməkdədir və bu, yalnız statistika deyil. Digər tərəfdən, məhkəmə sistemində vəkillərin statusunun qəbul edilməsi, tərəf kimi sayılması yönündə işlər gerçəkləşdirilir».

«Hakimiyyətyönlü», «müxalifətyönlü» vəkil...

Z.Oruca görə, təəssüf ki, vəkillik institutu ətrafında siyasiləşmə əmsalı həmişə yüksək olub, ölkə reallığında «hakimiyyətyönlü», «müxalifətyönlü» vəkil anlayışı da uzun illər ərzində reallığın bir hissəsinə çevrilib.

Mərkəz rəhbərinin fikrincə, həmin o siyasi baxışlara malik olan qüvvələr istənilən xarakterli bir işi siyasiləşdirir: «Bu ətrafda da hüquq sistemi, qanunvericilik qalıb bir kənarda, əksər hallarda bu məsələlər siyasi müstəvidə cərəyan edib...».

Z.Oruca görə, Azərbaycan dövləti vətəndaşlarının hüquqi baxımdan müdafiəsinin həyata keçirilməsində, vəkillik institutunun ali bir kateqoriya kimi qəbul edilməsində, mənəvi nüfuzunun artmasında və maddi imkanlarının formalaşmasında maraqlıdır: «Əks halda, məhkəmə-hüquq sistemində islahatların bu şəkildə keyfiyyətli aparılmasına nail olmaq qeyri-mümkün olardı. Odur ki, ayrı-ayrı fərdi şəxslər üzərindən vəkillik sistemini gözdən salmaq, onların fəaliyyətinin yararsızlığını elan etmək və onları ancaq hakimiyyət kontekstindən qəbul etmək yanlışdır».

Xatırlatma

Son illər Vəkillər Kollegiyasına edilən şikayətlərlə bağlı bir sıra vəkillərin bu qurumda fəaliyyəti dayandırılıb. Onların arasında Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov, Yalçın İmanov və İradə Cavadova kimi vəkillər də olub.

Bir sıra hüquq müdafiəçiləri sözügedən vəkillərin Vəkillər Kollegiyasından xaric edilməsini siyasi sifariş nəticəsində müstəqil vəkillərin cəzalandırılması kimi dəyərləndiriblər.

Amma Vəkillər Kollegiyası vəkillərin cəzalandırılmasını onların qanunvericiliyin normalarını pozması ilə izah edir.

XS
SM
MD
LG