Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:30

Orhan Pamuk: 'Heç vaxt xoşbəxt ola bilmədiyim üçün yazıram'


O.Pamuk
O.Pamuk

«Qəzetlər və televiziya türk hökumətinin təbliğatı ilə dolu olduğu üçün bu gün Türkiyədə insanlar daha çox roman oxuyurlar. Bu, İstanbulda yazıçılar arasında yayılmış zarafatdır». Bu sözləri Nobel mükafatçısı Orhan Pamuk oktyabrın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərində keçirilən 38-ci Beynəlxalq Kitab Yarmarkasında deyib.

Pamuk özünü «xoşbəxt yazıçı» adlandırıb: «İlk vaxtlar yazılarım haqda müzakirələrdən məyus olurdum. İndi isə xoşbəxt yazıçıyam… Çox sayda yazıçı dostum Türkiyədə həbsdədir. Hələ də yaza bildiyim üçün xoşbəxtəm. Problemlərim haqda danışmağa utanıram».

Pamuk Türkiyədə cinayət işi ilə də üzləşməli olub, ölüm təhdidləri ilə də. 2005-ci ildə ölkənin ən çox satılan yazıçısına qarşı «türk kimliyini açıq təhqir etmək» maddəsi ilə cinayət işi açılıb. Hökumətin bu addımı Pamuk-un bir İsveçrə nəşrində «erməni soyqırımı» haqda söz açması ilə bağlı idi. Ultramillətçi qruplar ona qarşı nifrət kampaniyasına başlamışdılar. Yazıçıya qarşı açılan cinayət işinə 2006-cı ildə xitam verilib.

2006-cı ildə Pamuk Nobel mükafatına layiq görüləndə onun İstanbulu Dostoyevsky-nin Sankt-Peterburqu, James Joyce-un Dublini, yaxud Marcel Proust-un Parisi kimi əvəzolunmaz ədəbi əraziyə çevirməsi xüsusi vurğulanmışdı.

«Fərdilik qaçılmazdır»

Pamuk deyir ki, o, romançı olmaq qərarına gələndə və 1974-cü ildə yazmağa başlayanda Türkiyədə, demək olar ki, roman yox idi: «Çünki bizim avropalılar kimi fərdiyyətçiliyimiz yox idi».

«Qərb İntibah vasitəsilə bəşər məxluqunun diqqətlə baxan gözlərini və dünyanın ona görünən şəklini kəşf etdi. Onlar insanın fərdiliyi anlayışını kəşf etdilər. Bəzi mədəniyyətlər fərdiliyi yüksək qiymətləndirir, bəziləri isə itaət və icmaya xidmət tələb edirlər. Biz türklər Şərqlə Qərbin arasında yerləşmişik. Buna görə də fərdilik qaçılmazdır. Ancaq hər bir insan dəyərlidir. Bu mənim son 40 ildə çox düşündüyüm məsələdir», – Pamuk Şərcada keçirilən tədbirdə deyib.

«Pamuk-un osmanlı, ərəb və islam mədəniyyətlərinə marağı onun romanlarına əlavə etdiyi postmodern arxetiplərlə tarazlanır. Nəticədə onun işində, məsələn, osmanlı incəsənətini Borges, yaxud Italo Calvino çaları ilə birlikdə görə bilirik. Tənqidçilər və John Updike kimi yazıçı həmkarları …Pamuk-un işlərini Thomas Mann, James Joyce və Franz Kafka ilə müqayisə ediblər», - Dubayda çıxan gündəlik «Gulf News» qəzeti yazır.

Bu günədək Pamuk-un 13 milyon kitabı satılıb. Onun əsərləri dünyanın 63 dilinə tərcümə edilib.

Pamuk tədbirdə bədii yazı sənətindən danışarkən belə deyib: «Daxilimizdəki fitri hiss deyir ki, incəsənətlə hər hansı məqsəd güdmədən məşğul olmalıyıq. Sənətlə idman kimi məşğul oluruq. Ancaq biz insanıq. Buna görə də sənətdə məqsəd icad edirik. Bu səbəbdən sənət tamaşaya çevrilir».

Pamuk nə üçün yazır

Yazıçı «nə üçün yazırsınız» sualına belə cavab verib: «Mən digər insanlar kimi normal iş görə bilmədiyim üçün yazıram. Sizin hamınıza, hər kəsə qəzəbli olduğum üçün yazıram. Bütün günü otaqda oturub yazmağı xoşladığım üçün yazıram. Real həyatda yalnız onu dəyişməklə iştirak edə bildiyim üçün yazıram. Unudulmaqdan qorxduğum üçün yazıram. Kitabxanaların ölümsüzlüyünə və kitablarımın rəfdə qalmasına inandığım üçün yazıram. İçimdə belə bir hiss var ki, harasa getməliyəm, ancaq mən ora gedib çıxa bilmirəm. Bu hissdən qaçmaq üçün yazıram. Heç vaxt xoşbəxt ola bilmədiyim üçün yazıram. Xoşbəxt olmaq üçün yazıram».

1952-ci il iyunun 7-də İstanbulda zəngin, ancaq yoxsullaşmaqda olan mühəndis ailəsində doğulmuş Ferit Orhan Pamuk çoxlarına görə, Türkiyənin ən çox tanınan yazıçısı, ssenaristi və alimidir.

Pamuk portuqaliyalı Nobel laureatı José Saramago ilə birlikdə Avropa Yazıçılar Parlamentini yaradıb.

XS
SM
MD
LG