Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:13

‘Xanstitusiya’: Orta Asiyada konstitusiyalar kimin üçündür


Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Berdiməhəmmədov

ABŞ-nin qurucu atalarından biri və ikinci prezidenti Con Adams (John Adams) belə demişdi: "Düşünürəm ki, idarəçiliyi bir məclisin əlində olan xalq nə uzun müddət azad, nə də əbədi xoşbəxt ola bilər”.

Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov 2020-ci ildə qanunverici oranın yuxarı palatasının yaradıldığını elan edəndə vətəndaşların "xoşbəxt həyatından” da söz açmışdı. Hərçənd onun əsas prioritetinin bu olması ehtimalı çox azdır.

O bu addımı daha çox prezidentliyi oğlu Sərdara ötürmək ərəfəsində özünə yeni yaradılan Halk Maslahatının (Xalq Şurası) sədri vəzifəsi verməkdən ötrü atmışdı.

Yuxarı palatanın qurulmasından iki ildən çox vaxt keçmiş dünyanın ən avtoritar dövlətlərinin birində ikipalatalı parlament eksperimenti sona çatır. Aşağı palata ləğv olunur, Halk Maslahatı isə hökumətin ən ali gücünə çevrilir. Dövlət mediası yanvarın 15-də ata Berdiməhəmmədovun bununla bağlı təklifi haqda məlumat dərc edib.

Ölkənin qanunverici orqanı və konstitusiyası ilə oynamaq və istədiyini etmək Orta Asiyada adi hala çevrilib. Burada diktatorlar hakimiyyətdə daha çox qalmaq üçün daim müxtəlif yollar axtarırlar.

Ata nəzarəti

Oğul Berdiməhəmmədov prezident qismində fərman imzalayaraq yanvarın 21-nə hökumət iclası təyin edib. İclasda onun öz postu belə atasının başçılıq etdiyi şuranın nəzarətinə keçəcək.

Türkmənistanlı siyasi müşahidəçi və təhlilçi Kumuş Bayriyeva AzadlıqRadiosuna deyib ki, bu təklif “Qurbanqulu Berdiməhəmmədovun əyilmiş eqosunu əks etdirir”.

“Onun üçün yuxarı palatanın sədri olmaq kifayət deyil. İndi o, özünü hakimiyyətin bütün qanadlarına sərt nəzarət edən, onları Xalq Şurası qarşısında hesabat verməyə məcbur edən ümummilli liderə çevirmək istəyir", – Bayriyeva bildirir.

Türkmənistanın qonşusu Özbəkistan isə bu yaz konstitusiya dəyişikliyi planlaşdırır. Bu o deməkdir ki, artıq regionun beş dövlətindən dördündə – Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda prezidentlik müddəti yeddi il olacaq.

5 və 7 illik prezidentlik müddətləri

Daşkəndlə Astana müstəqillik dövründə davamlı olaraq beş və yeddi illik prezidentlik müddətləri arasında get-gəl ediblər. Bu onların birinci prezidentləri İslam KərimovNursultan Nazarbayevin iradəsi idi.

2011-ci ildə Özbəkistan yenidən beş illik prezidentlik müddətinə qayıtmaq istəyəndə ölkə senatı bu dəyişikliyin Kərimovun "demokratik islahatların dərinləşməsi və vətəndaş cəmiyyətinin formalaşmasına” baxışını əks etdirdiyini, habelə “dünyanın əksər demokratik ölkələrində mövcud olan praktika olduğunu” bəyan etmişdi.

Bəs görəsən, Kərimovun xələfi Şavkat Mirziyoyevin komandası yenidən qeyri-demokratik dövlətlərin seçimi olan yeddi illik prezidentliyə keçidi necə əsaslandırır? Təbii ki, məsuliyyəti xalqa yükləməklə.

Mirziyoyev özünün ilsonu çıxışında deyib ki, gələn il (yəni bu il) referenduma çıxarılacaq yeni konstitusiya layihəsində "vətəndaşlarımızın ifadə etdiyi bütün təklif və istəklər nəzərə alınacaq”.

117 min dəyişiklik təklifi

Ancaq AzadlıqRadiosunun özbək xidməti ötən ilin yayında Daşkənd yaxınlığında bir əyalət şəhərində yerləşən zavodun fəhlələri ilə danışıb. Onlar deyiblər ki, müdiriyyət onları konstitusiya layihəsi üzərində işləyən deputatlara ünvanlanmış məktubu imzalamağa məcbur edib.

AzadlıqRadiosu əməkdaşlarının gördüyü məktubda deyilir ki, onu imzalayan əməkdaşlar Özbəkistanda "gerçəkləşən islahatlardan çox məmnundurlar” və prezidentlik müddətinin beş ildən yeddi ilə qaldırılmasını, “yaxud da dövlət başçısının ömürlük qalmasını” xahiş edirlər.

Özbəkistanın konstitusiya komissiyası 2022-ci il avqustun 1-dək 117 min 357 dəyişiklik təklifi aldığını bildirib.

Bir deputat artıq konstitusiya dəyişikliyinin Mirziyoyevin prezidentlik müddətini yenidən sayaraq üçüncü dəfə namizəd olmasına imkan verəcəyini deyib. Bu, mərhum Kərimovun da sevimli tryuku idi.

Qırğızıstan

Qırğızıstanda 2010-cu ildə aparılan konstitusiya islahatı Orta Asiya üçün unikal idi. Çünki islahat ölkənin daimi prezidentinin olmadığı vaxtda gerçəkləşmişdi.

Daha öncəki iki prezidentin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz ailələrini zənginləşdirdiyi açıqlandığından prezidentlik mandatı zəiflədildi, parlament və baş nazirə isə əlavə səlahiyyətlər verildi.

Ancaq bu dəyişiklik bir çox insanı məyus etdi.

Tənqidçilər deyirlər ki, seçki kampaniyalarını maliyyələşdirmək üçün çoxlu pulu olan biznesmenlərlə dolu parlament əsasən elitanın maraqlarına xidmət edirdi.

Atambayev

Qırğızıstanın yeni prezidenti Almazbek Atambayev tədricən parlamenti öz iradəsinə tabe etdirməyin yollarını tapdı. Bu əsasən onun təhlükəsizlik qüvvələrinə nəzarət etməsi ilə bağlı idi.

Buna baxmayaraq, Atambayev yenə də bəzi məhdudiyyətlərlə üzləşdi. Onun yenidən seçilməsinə qadağa qoyuldu və o bu qadağaya əməl edərək 2017-ci ildə müddətini tamamlayan kimi prezident kürsüsünü tərk etdi.

Ancaq bu qarışıq sistem Sadır Japarovun hakimiyyətinə davam gətirmədi. 2010-cu ildə qovulan hökumətin üzvü olmuş Japarov 2020-ci ildə insan oğurluğu ittihamı ilə həbsdə yatıb.

Tərəfdarları tərəfindən həbsxanadan prezidentliyə gətirilən Japarov iddia edirdi ki, korrupsiyanın kökünü kəsmək üçün konstitusiyanı dəyişmək vacibdir.

Nəticədə 2021-ci ildə konstitusiya referendum yolu ilə dəyişdirildi. Parlament hökuməti təsdiqləmək və buraxmaq səlahiyyətini itirdi. Tənqidçilər bu dəyişikliyi “xanstitusiya” adlandırdılar.

Yeni dəyişiklik prezidentlik səlahiyyətlərini icra edən şəxsin ikinci müddətə seçilmək hüququnu da bərpa etdi.

Elbası

Ötən ilin yanvar iğtişaşlarından öncə 82 yaşlı Nazarbayev də ümummilli lider, Elbası idi.

İyunda keçirilən konstitusiya referendumunda Nazarbayevin özünün seçib hakimiyyətə gətirdiyi Tokayev Elbasıya aid bütün hissələri konstitusiyadan çıxardı. Elbasının hüquqi və qərarvermə səlahiyyətlərini isə bu ay parlament qüvvədən düşmüş elan etdi.

Bu, Nazarbayevin yaxın ailə üzvləri üçün xüsusilə pis xəbərdir; bu qanun onlara xüsusi imtiyazlar verirdi.

Nazarbayevin özünün bütün cinayətlərə görə təqiblərdən immuniteti var. Bu müddəa keçmiş prezidentləri qoruyan ayrıca qanunda təsbit edilib.

XS
SM
MD
LG