Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:10

Paşinyan: 'Heç kim bilmir bütün bunlar nəylə qurtaracaq'


Nikol Paşinyan Niderlandda, Klinqdeyl beynəlxalq münasibətlər institutunda
Nikol Paşinyan Niderlandda, Klinqdeyl beynəlxalq münasibətlər institutunda

Baş nazirin sözlərinə görə, Ermənistan ölçülüb-biçilmiş siyasət yürüdür və Yerevanın motivi Ermənistanın maraqlarıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 11-də Niderlanda səfəri zamanı deyib ki, ən yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır:

“Ən yaxın vaxtlarda sərhədin delimitasiyası və demarkasiyası üzrə nümayəndələrimizin, habelə xarici işlər nazirlərimizin görüşü planlaşdırılıb”.

Baş nazirinin rəsmi bəyanatında daha sonra deyilir:

"Biz çox məşəqqətlərdən keçmişik, amma mən bugün deyə bilərəm ki, düzgün yolda olduğumuza dərindən əminəm”.

Nikol Paşinyan və İlham Əliyev ötən ay Brüsseldə münaqişənin çözümü üçün sülh müqaviləsi bağlamağa hazır olduqlarını bəyan etdikləri vaxtdan bəri Ermənistan lideri müxalifətin kəskin tənqidləri və etiraz aksiyaları ilə üzləşir.

Tərəflər həmin görüşdə habelə iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası üçün birgə komissiyanın yaradılmasına dair də razılığa gəliblər.

Ermənistan müxalifəti Paşinyanı Qarabağı Azərbaycana güzəştə getməkdə ittiham edir.

“Azərbaycanın belə mövqeyinin öz arqumentləri var”

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Nikol Paşinyan Niderlandda, Klinqdeyl beynəlxalq münasibətlər institutunda “Ermənistan-Niderland” mövzusunda oxuduğu mühazirənin ardınca səslənən suallara cavab verərkən Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa münasibətdə aqressiv siyasətini davam etdirməkdə günahlandırıb:

“Təəssüf ki, Azərbaycan Ermənistan və Dağlıq Qarabağa münasibətdə xeyli aqressiv siyasətini davam etdirir. Siz bilirsiniz ki, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı kontingenti var. Və Azərbaycan diplomatiyasının son aylardakı siyasəti bundan ibarətdir: Onlar Avropa İttifaqında deyirlər ki, Ermənistan rusiyayönlü ölkədir, amma Rusiyada bildirirlər ki, Ermənistan qərbyönlü ölkədir. Bəzən də deyirlər ki, Ermənistana rəngli inqilab vasitəsilə yerləşdirilmiş hökumət Rusiyaya qarşı çıxış edir”.

Paşinyan bildirib ki, onun qənaətinə görə Azərbaycanın bütün bunlardan məqsədi aqressiv siyasətini həm Qərbə, həm də Rusiyaya qəbul etdirməkdir.

Lakin o vurğulayıb ki, Azərbaycanın belə mövqeyinin öz arqumentləri də var:

“Obyektiv reallıq bundan ibarətdir ki, belə mövqeyin əsaslandırılmasının öz arqumentləri var. Çünki Ermənistan Rusiyanın strateji müttəfiqidir, ODKB, Avrasiya İttifaqının üzvüdür və Rusiya ilə çox isti və sıx əlaqələri var. Digər tərəfdən Ermənistanla Avropa İttifaqı və Aİ üzvü olan ölkələr arasında münasibətlər dərinləşir, çünki demokratik islahatlar sahəsində Avropa İttifaqı Ermənistanın əsas partnyorudur”.

“Ermənistan kimi ölkələr üçün belə zamanlar çox təhlükəlidir”

Paşinyan ona verilən suallardan birinə cavab verərkən deyib ki, Ermənistan çoxtərəfli siyasət yürüdür, çünki Ermənistana qarşı da çoxtərəfli siyasət yürüdülür:

“Biz nənki çoxtərəfli siyasət aparmalı, hətta bu çoxtərəfli siyasətin yaratdığı riskləri idarə etməyi də bacarmalıyıq”.

Baş nazirin sözlərinə görə, Ermənistan ölçülüb-biçilmiş siyasət yürüdür və Yerevanın motivi Ermənistanın maraqlarıdır.

O vurğulayıb ki, bütün münasibətlər mühümdür, amma bu da mühümdür ki, bu münasibətlər başqalarının hesabına olmasın:

“Dünya nizamı göz önündə dəyişməkdədir, heç kim bilmir ki, bütün bunlar nəylə qurtaracaq. Mən demək istəyirəm ki, Ermənistan kimi ölkələr üçün belə zamanlar çox təhlükəlidir. Bunu başa düşmək və qəbul etmək lazımdır. Bizim üçün ölçülü siyasət yürütmək asan deyil, amma biz uğur qazanmaq üçün hər şeyi etməyə çalışırıq”.

Paşinyan görüş zamanı bunu da deyib ki, Brüsseldə keçirilən danışıqlarda İlham Əliyev ona erməni əsirlərin daha bir qrupunun azad ediləcəyini vəd etsə də, bu, hələki baş verməyib.

XS
SM
MD
LG