Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:54

The Wall Street Journal: Priqojinin qətlinin təşkilatçısı Patruşev olub


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev

Kreml dekabrın 22-də ABŞ-da çıxan The Wall Street Journal (WSJ) qəzetini “detektiv uydurmada” ittiham edib.

Qəzet yazmışdı ki, Rusiya muzdlularının başçısı, qiyamçı Yevgeni Priqojinin həlak olduğu təyyarə qəzasını Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təşkil edib.

WSJ-nin məqaləsində deyilir ki, Priqojinin təyyarəsinin qəzasına təyyarənin qanadı altında yerləşdirilmiş kiçik bombanın partlayılşı səbəb olub.

Vaqner özəl hərbi şirkətinin sahibi olan Priqojin bu ilin iyun ayında Vladimir Putinə qarşı qiyam qaldırsa da, sonradan qiyamı yarımçıq dayandırmışdı.

O avqustun 23-də təyyarə qəzasında həlak olub.

Qəzet bunu da iddia edib ki, Priqojinin qiyamı zamanı Rusiya kömək üçün Qazaxıstana müraciət edib, amma prezident Kasım-Jomart Tokayev Moskvaya dəstək verməkdən imtina edib.

The Wall Street Journal qəzetinin yazdığına göprə Patruşev artıq 2022-ci ilin yayından Putinə Priqojinin getdikcə artmaqda olan nüfuzunun yaratdığı təhlükə barədə xəbərdarlıq etmişdi.

Priqojin Putinə zəng edərək kobud danışıb

Məqalədə deyilir ki, o vaxt prezident Putin xəbərdarlığa məhəl qoymayıb, çünki Vaqner döyüşçüləri Kremlin fikrincə Ukrayna müharibəsində uğur qazanırdılar.

Qəzetin mənbəyi, keçmiş Rusiya kəşfiyyatçısı deyib ki, situasiya 2022-ci ilin oktyabrından dəyişməyə başlayıb.

Mənbənin sözlərinə görə həmin vaxt Priqojin Putinə zəng edərək kobud şəkildə sursat çatışmazlığından şikayət etmişdi.

WSJ yazır ki, Priqojinin zəng etdiyi vaxt Patruşev də Putinin kabinetində olub.

Mənbənin sözlərinə görə məhz bu telefoin zəngindən sonra Priqojinin Vaqner muzdlularına sursat verilməsinə dair tələblərinə, o cümlədən Priqojinin Müdafiə Nazirliyi ilə çəkişməsinə Putin tərəfindən məhəl qoyulmayıb.

Patruşevin qərar anı

Qəzet yazır ki, 2023-cü ilin iyununda Priqojinin üsyanı başlananda Patruşev bunda itaətsiz biznesmendən həmişəlik izal olmaq imkanı görüb və bu məsələnin “yoluna qoyulmasını” öz üzərinə götürüb.

WSJ Qərb xüsusi xidmətlərindəki mənbələrə istinadla yazır ki, Vaqner qrupunun qiyamı zamanı Rusiya hakimiyyəti əgər canlı qüvvədə çatışmazlıq olarsa, Qazaxıstanın dəstəyinə bel bağlamaq istəyib. Amma Kasım-Jomart Tokayev belə bir dəstəyi verməkdən imtina edib.

Yeri gəlmişkən Tokayevin mətbuat katibi Berik Uali WSJ-nin məqaləsini şərh edərkən, Moskvanın kömək üçün müraciətinə dair informasiyanı təkzib edib.

Qəzet yazır ki, nəticədə qiyamın çözülməsi üçün vasitəçilik Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanın üzərinə düşüb.

Lukaşenkanın vasitəçiliyi ilə qiyamçıların Belarus ərazisinə keçməsi barədə razılaşma əldə edilib. Putin bunun müqabilində qiyamçılara qarşı cinayət təqibinin olmayaağını vəd edib.

Qəzet yazır ki, məhz bundan sonra Patruşev Priqojinin aradan götürülməsi planını işləməyə başlayıb.

“Putin plana etiraz etməyib”

Mənbələrin sözlərinə görə bu planlar sonradan Putinə göstərilib və o etiraz etməyib. WSJ-nin məlumatına görə Vaqner rəhbərinin istifadəsində olan Embraer-135 təyyarəsinin qanadına kiçik bomba Şeremetyevo hava limanında uçuşa hazırlıq zamanı yerləşdirilib.

Təyyarə havaya qalxdıqdan yarım saat sonra Tver vilayəti üzərində qəzaya uğrayıb. Nəticədə təyyarədəki 10 nəfərin hamısı həlak olub. Şahidlər deyirlər ki, partlayış təyyarənin içərisində baş verib.

The Wall Street Journal bundan əvvəl adları çəkilməyən ABŞ məmurlarına istinadla yazmışdıl ki, Priqojinin təyyarəsi Priqojinin məhv edilməsi məqsədilə qəzaya uğradıla bilərdi.

Qəzet bunu da yazır ki, təyyarənin düşdüyü yeri buldozerlərlə şumlayıblar.

Kreml Priqojinin ölümü ilə hər hansı əlaqəsini inkar edir.

Priqojinin dəfni demək olar ki, tam xəlvətlik şəraitində keçirilib.

Priqojinin qiyamı zamanı Rusiya ordusunun bir neçə helikopteri və bir təyyarəsi vurulmuşdu. Həmin helikopterlərin və təyyarənin ekipajları həlak olublar.

Daha sonra təyyarənin qəzaya uğramasını şərh edən Putin İstintaq Komitəsinin versiyasına istinadla bildirmişdi ki, təyyarə onun sərnişinlərinin sursatla ehtiyatsız hərəkətinə görə partlayıb. Rəsmi təhqiqat hələ başa çatmayıb.

XS
SM
MD
LG