Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:45

Pensiyaçı: 'Xəstəyəm və acam'


Pensiya neçə günə çatır?- [Eksperiment]
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Pensiya neçə günə çatır?- [Eksperiment]

«Ac qalıram, quru çörəyə də möhtacam. Özüm də yataq xəstəsiyəm, dərmanlarımı ala bilmirəm. İki bank hər ay pensiya kartımı «silib-süpürür». Çörəkpulu da saxlamırlar, insafsızlar...».

Aclıqdan və xəstəlikdən əziyyət çəkən Tovuz sakini 65 yaşlı Səfurə İsmayılovadır. O, «Qaynar xətt»ə danışır ki, iki il əvvəl müalicəyə görə iki bankdan götürdüyü kreditləri vaxtında qaytara bilmədiyi üçün hər iki bank aylıq borcları onun pensiya kartından çəkir:

***Buna da bax-Kənddə bankomat olmadığından...

«MƏN CANIMLA ƏLLƏŞƏNDƏ...»

«Əvvəllər vaxtında ödəyirdim. Sonra xəstəliyim gücləndi, iynə-dərmana ehtiyacım bir az da artdı. Bu dəfə heç bir bank mənə borc vermədi, dedilər, iki krediti ödəməmiş üçüncünü verə bilməzlər. Mən də məcbur qaldım pensiyamı dərmana verməyə... Eyni vaxtda həm kreditləri, həm dərmanların xərcini ödəyə bilmədim, gecikdirmələr başlandı. Düşdüm quyunun dibinə, indi də bu yaşımda ha çabalayıram, çıxa bilmirəm. Bir köməyim yox, bir adamım yox, xəstəlikdən çürüyürəm, bir tərəfdən də müalicə oluna bilmirəm, üstəlik də aclıq...».

Səfurə xanım deyir, ondan xəbərsiz keçirilən məhkəmədə gecikdirmələrə görə cərimələr də hesablandığından yükü birə-beş artıb:

***Buna da bax-'Mən bilən gecənin müəyyən vaxtında bankomatlar boşaldılır'

«Heç olmasa, cərimələri keçəydilər, ödəməli olduğum kreditin öz məbləğindən də çoxdur, ola bilməz ki, qanunlarımızda belə bir güzəşt olmasın. Bu cərimələri mənə niyə yükləyiblər axı, imkanım olsaydı, elə borcu qaytarardım, daha cərimə nədir... Allah o banka da, o hakimə də insaf versin, heç olmasa, pensiyaçı, yataq xəstəsi olmağıma güzəşt edəydilər. Çörəyim yox, dərmanım yox, mən neyləyim?.. Mən Bakıda xəstəxanalarda canımla əlləşəndə, bunlar burda məni cərimələrlə yükləyib pensiya kartımla məşğul olublar».

MAKSİMUM 50 FAİZİ

Hüquqşünas Vaqif Alıyev deyir, borclu öhdəliyi yerinə yetirib krediti vaxtında ödəmirsə, bank məhkəmə yolu ilə həmin məbləğin əməkhaqqına və ya pensiyaya yönəldilməsinə görə müraciət edə bilər. Ancaq bu şəkildə yox. Hüquqşünas:

«Borclunun aylıq gəlirinin (maaşı, pensiyası və s.) maksimum 50 faizi məhkəmə qərarı ilə tutula bilər. Bu zaman borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu toxunulmazdır. Yəni, borclunun gəlirinin yalnız sözügedən yaşayış minimumundan artıq hissəsi tutula bilər. Əgər vətəndaşın problemi iki bankladırsa, o zaman məhkəmə vətəndaşın aylıq gəlirinin yalnız 50 faizini həmin iki bank arasında bölə bilər - yəni hərəsinə 25 faiz olmaqla...».

Hüquqşünas bildirir ki, bankların məhkəmə qərarı olmadan borcluların gəlir kartına müdaxiləsi qanunsuzdur. Əgər bank bu işi məhkəmə yolu ilə görübsə və vətəndaşın kartından gəlirin 50 faizdən çoxu çıxılırsa, vətəndaş məhkəməyə müraciət etməlidir.

XS
SM
MD
LG