Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:05

Azərbaycanda pensiyaçılar azalır, qanunvericiliyə dəyişikliklə bağlı təkliflər var…


İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'

Azərbaycanda son bir ildə pensiyaçıların sayı 18 min 200, beş ildə isə 222 min 400 nəfər azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin əvvəlində onların sayı 1 milyon 114 min 200 idisə, bu ilin müvafiq dövründə 1 milyon 96 minə düşüb. Onların 64 faizi yaşa görə pensiya alır.

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək 65-ə qaldırılıb. Qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il altı ay artırılmaqla 65 yaşa çatdırılacaq.

Son illər dəfələrlə ölkədə pensiya yaşının aşağı salınması təklif edilsə də, bu yöndə dəyişiklik yoxdur. Amma pensiyaçıların heç də hamısı yaşa görə pensiya alanlar deyil.

Dünyada…

Əslində dünya ölkələrinin bir çoxunda da pensiya yaşı 65-i üstələyir. Məsələn, Yaponiyada bu, 70, Danimarka, Norveç, Almaniyada 67, ABŞ, Kanada, İspaniya, İsveç, İsveçrə və Belçikada isə 65 yaşdır. Amma həmin ölkələrdə orta ömür müddəti 78-82 yaşdır.

Azərbaycanın daxil olduğu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə gəlincə, Qazaxıstanda pensiya yaşı 63, Ukrayna, Belarus, Özbəkistanda 60, Gürcüstan və Ermənistanda 65-dir.

Azərbaycanda rəsmən orta ömür uzunluğu 73.6 göstərilir. Yəni, pensiyaya çıxanlar cəmi 8 il pensiya alır. Amma orta yaş həddi ilə bağlı rəsmi rəqəmə şübhələr var.

Vüqar Bayramov
Vüqar Bayramov

Deputat: "Yaşa görə pensiya alanlar azalmayıb"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Turan"a bildirib ki, 2022-cü ilin yekununda yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub: "2024-cü il yanvarın 1-də isə bu rəqəm 701 min 440 nəfər olub. Deməli, pensiya yaşı tamam olaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə, yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb".

Deputat qeyd edib ki, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayında azalma müşahidə olunur: "Bütövlükdə, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb".

"Xanımların daha tez pensiyaya çıxmasını təklif edirik"

O vurğulayıb ki, qadınlarla kişilərin orta aylıq əməkhaqqısı arasında fərq var, ona görə də pensiya yaşının differensial olaraq müəyyənləşdirilməsi təklif edilir: "Biz xanımların daha tez pensiyaya çıxmasını təklif edirik. Bu, bir sıra inkişaf etmiş ölkələrdə də var. Xanımların pensiya kapitalının xüsusi əmsala vurulması və ona uyğun hesablanması da məqsədəuyğundur. Təklifimiz ondan ibarətdir ki, xanımların 50 min pensiya kapitalı varsa, həmin o kapital 1.5 əmsala vurula bilər və bununla da onların pensiya kapitalı 75 minədək artırılar".

Natiq Cəfərli
Natiq Cəfərli

"Haqqı çatanların da pensiyaları ləğv olunmağa başladı"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, pensiya alanların azalmasının səbəbi bir tək yaş məsələsi deyil, həm də əvvəl təyin olunmuş pensiyalarla əlaqədar sonrakı qərarlarla bağlıdır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra səs-küylü hadisələrdən sonra müxtəlif pensiya növlərinin təyinatı ilə bağlı daha kəskin mövqe tutmağa başladı. Bu da daha böyük problemlər yaratdı. Yəni, rüşvətlə pensiyaya çıxanların pensiyalarını ləğv etməklə yanaşı, haqqı çatanların da pensiyaları ləğv olunmağa başladı".

N.Cəfərlinin fikrincə, bu məsələdə vəziyyət hələ də düzəlməyib.

O hesab edir ki, yaş ilə yanaşı, əsas problem pensiyaların həcminin az olmasıdır: "Azərbaycanda dövlət işində çalışan insanların sayı 900 mindir. Onlar heç pensiyaya çıxmaq istəmirlər. Onlar üçün pensiya yaşının az və ya çox olması o qədər də vacib deyil, çünki bilirlər ki, təqaüdə çıxanda maaşdan daha az pensiya alacaqlar və heç pensiyaya çıxmaq istəmirlər".

"20-30 minlik pensiya kapitalı batır"

İqtisadçı qeyd edib ki, digər əsas məsələ həyatdan köçən insanların pensiya kapitalıdır: "Həmin insanların ailələri onların pensiya kapitalına birbaşa çıxış əldə edə bilmirlər. Qanunvericilikdə dəyişikliklər edilməli və ailələr üçün bu pensiya kapitalı əlçatan olmalıdır. Pensiya fonduna yığılan pul bizim ödədiyimiz vəsaitdir və pensiya yaşına çatmamış həyatdan köçən insanın yığdığı 20-30 minlik pensiya kapitalı batır".

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda pensiya yaşını artırmağa demoqrafik ehtiyac yox idi: "Bizə həmişə Avropanın ən pis nümunələrini təqdim edirlər, dedilər, orada artırsa, bizdə də artmalıdır. Amma orada pensiya yaşı ona görə artır ki, doğum azdır, gənc nəsil işləməyə gəlmir, bizdə isə tərsinədir. Ona görə də pensiya yaşı məsələsi mütləq əlavə müzakirə olunmalıdır".

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG