Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:12

Sədrin qardaşının hamam görüntüləri ilə şantajına görə 36 il 6 ay cəza


Tariyel Qurbanov
Tariyel Qurbanov

Prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, o cümlədən müxtəlif rayonların prokuroru olmuş Tariyel Qurbanovun şantaj olunması ilə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Qurbanovu hamam görüntüləri ilə hədələyib ondan pul almaqda ittiham olunan 7 nəfərdən ikisi azadlığa buraxılıb, qalanlarına isə 5 ildən 7 il 6 aya qədər - ümumilikdə 31 il 6 ay həbs cəzası verilib.

Bu hökm martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslər arasında yeganə qadın olan Sahilə Məmmədovanın himayəsindəki azyaşlı uşaq 14 yaşına çatana qədər onun 5 illik həbs cəzasının icrası təxirə salınıb. Məmmədova məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən Pərvin Yusifov isə hədə-qorxu ilə tələb etmə yox, dələduzluqda təqsirli bilinib. O, sabiq prokurora dəymiş ziyanı ödədiyinə görə onun barəsində cinayət təqibinə xitam verilib.

İttihamı qismən qəbul edirlər

Təqsirləndirilən şəxslər hökmdən əvvəl son sözlərində ittihamı qismən qəbul etdiklərini deyiblər. Onların bəziləri bildirib ki, özlərini şantaj yox, dələduzluqda təqsirli bilir, buna görə də çox peşmandırlar. Bir qismi isə, ümumiyyətlə, işin mahiyyətindən xəbərsiz olduğunu söyləyib.

"Borc pul istədim, gəlib bura düşdüm...", – 5 il azadlıqdan məhrum edilən Ələkbər Nuriyev son sözündə belə deyib.

Cinayət işinin materiallarında iddia olunur ki, Qurbanov Bakıxanov qəsəbəsində yerləşən "Hamam Plaza"da çəkilən görüntüləri ilə şantaj olunub. Təqsirləndirilən şəxslərdən biri – Quba sakini Ümman Əliyev vaxtilə həmin hamamda işləyib, prokuroru da oradan tanıyıb.

İddia olunur ki, Qurbanovdan pulu öncə onu aldadıb alıblar. Bir müddət bu üsuldan istifadə edəndən sonra prokurorun artıq pul vermək istəmədiyini görəndə onu fotolarla hədələyiblər.

İttihamda yazılıb ki, Ümman Əliyev yıxılıb xəsarət aldığını deyib, müalicə üçün ondan pul istəyib. Qurbanov bir dəfə 300, ikinci dəfə 1500 manat olmaqla, iki dəfə ona pul göndərib. Pullar poçt vasitəsilə göndərilib, yaxud da Əliyevin tanışlarının bank kartlarına köçürülüb. Növbəti dəfə Qurbanov pul verməkdən imtina edib. Bundan sonra onu hamamda çəkilmiş fotolarını yayıb biabır etməklə şantaj ediblər.

"Hamama gələnlərə çay, meyvə verirdim"

Prokuror şantajdan sonra 1000, 800, 1200 manat olmaqla, bir neçə dəfə pul verib. Sonuncu dəfə ondan 20 min manat tələb edəndə artıq şikayət etmək qərarına gəlib.

2001-ci ildə Qubadan Bakıya işləməyə gəldiyini deyən Əliyevin paytaxtda ilk iş yeri "Hamam Plaza" olub. Orada ofisiant işləyib: "Hamama gələnlərə çay, meyvə verirdim. Tariyel Qurbanovu da 2006-cı ildə oradan tanımışam. Ona bir ilə yaxın orada qulluq etmişəm".

Qurbanov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Lakin o, artıq təqsirləndirilən şəxslərdən şikayətçi deyil. O, məhkəməyə bu barədə ərizə də təqdim edib.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. Onun prokurorluq orqanlarında qulluq keçməsinə 2023-cü il yanvarın 16-da xitam verilib.

XS
SM
MD
LG