Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Rusiya Qara dəniz donanmasının komandanını dəyişib


Qara dəniz donanmasının yeni komandanı Viktor Sokolov
Qara dəniz donanmasının yeni komandanı Viktor Sokolov

Rusiya, baş qərargahı ilhaq edilmiş Krım yarımadasında yerləşən Qara dəniz donanmasının komandanını dəyişib.

Bu barədə xəbəri Rusiyanın dövlət mediası yayıb.

Bundan əvvəlki bir neçə gündə Krımın müxtəlif yerlərində silsilə partlayışlar baş vermişdi.

Rusiya indiyədək Krımı özünün Ukrayna ilə müharibəsində təhlükəsiz baza hesab edirdi.

Moskva avqustun 16-da Krımın şimalındakı sursat anbarında baş vermiş partlayışlara görə təxribatçıları ittiham etmişdi.

Bundan az sonra Rusiyanın Krımdakı daha bir hərbi bazasının tüstüləndiyi müşahidə edilib.

Reuters agentliyi yazır ki, Ukrayna bu partlayışlara görə məsuliyyəti rəsmən öz üzərinə götürməyib, lakin Kiyev rəsmiləri bəzi eyhamlar vurublar.

Belə görünür ki, Ukraynanın Rusiyanın işğalı altında olan ərazilərin dərinliyinə zərbələr endirə bilməsi bu müharibədə vəziyyətin radikal dəyişməyə başlamasından xəbər verə bilər.

Ötən həftə partlayışlar Rusiyanın hərbi hava bazasındakı təyyarələri məhv edib.

Rüsvayçı itkilər

RIA dövlət xəbər agentliyi avqustun 17-də mənbələrə istinadla bildirib ki, Qara dəniz donanmasının komandanı İqor Osipov yeni komandan Viktor Sokolovla əvəz edilib.

Əgər təsdiq olunarsa bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişində ən böyük komandan dəyişikliyi sayılacaq.

İqor Osipov
İqor Osipov

Rusiya bu müharibədə istər quruda, istərsə də dənizdə ciddi canlı itki və hərbi texnika itkiləri verir.

RIA bildirir ki, yeni komandan Qara dəniz donanmasının Sevastopoldakı hərbi şurasının üzvlərinə təqdim olunub.

Qara dəniz donanması Rusiyanın müharibələr tarixində xüsusi çəkiyə malikdir, lakin donanma prezident Vladimir Putinin elan etdiyi müharibədə bir sıra rüsvayçı itkilərə məruz qalıb.

Aprel ayında Ukrayna Rusiyanın Qara dəniz donanmasının bayraqdarı - Moskva kreyserini Neptun raketləri ilə batırıb.

Bu, son 40 ildə Rusiyanın məhv edilmiş ən böyük hərbi gəmisidir.

Ukrayna hərbi kəşfiyyatı bilirir ki, Krımda baş vermiş dağıdıcı partlayışlardan sonra Moskva özünün bir çox təyyarə və helikopterlərini Rusiya ərazisinə keçirib.

Reuters bildirir ki, bu xəbəri müstəqil qaydada təsdiq edə bilməyib.

XS
SM
MD
LG