Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:03

Bakı tələblərinin qəbul olunduğunu deyir. Sonra nə olacaq?


AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın Qarabağda baş verən son hadisələrə həsr olunmuş məqaləsində bu böyük suala cavab axtarılır: Daha sonra nələr ola bilər?

O qeyd edir ki, Qarabağ erməniləri indilik Bakının tələbləri ilə razılaşmış kimi görünürlər.

Digər tərəfdən Azərbaycanın bu əməliyyatından sonra bütün dinamikanın Bakının tərəfində olduğu üzə çıxıb.

Müəllifin fikrincə indi Bakı mümkün beynəlxalq tənqidlərlə üzləşə biləcəyindən çəkinməyərək prosesi güc yolu ilə irəlilətməyin onun marağında olmasını hiss edib.

Kuçera yazır ki, Azərbaycan danışıqların ləngliyindən, Qarabağ erməniləri liderlərinin inadkarlığından yorulmuşdu.

Müəllif bu qənaətdədir ki, Azərbaycan həm də Ermənistanın əsas müttəfiqi olan Rusiyanın Ermənistan hökumətindən və baş nazir Nikol Paşinyandan üz çevirməsinin fərqindədir. Bundan başqa Bakı həm də güman edir ki, beynəlxalq aləmdə üzləşə biləcəyi tənqid və tədbirlər o qədər də ağrılı olmayacaq.

Əməliyyat gözlənilməz idimi?

Məqalədə deyilir ki, Bakının Qarabağda hərbi əməliyyata başlamasına 6 azərbaycanlının Xocavənd yaxınlığında minaya düşərək həlak olması əsas versə də, bu hərəkətlərə hazırlıq həftələrlə davam edib.

Kuçera yazır ki, Azərbaycan Qarabağdakı təmas xətti boyunca qoşun cəmləşdirib, üstəlik bəzi xəbərlərə görə Azərbaycan və İsrail arasında hava yolu ilə hərbi yük daşımalarının artması diqqət çəkib.

Bundan başqa son həftələrdə Bakının ritorikası da kəskinləşmişdi. Prezident İlham Əliyevin müşaviri Hikmət Hacıyev avqustun sonlarında bəyan etmişdi ki, Azərbaycan öz ərazisində onun idarə etmədiyi “hər hansı boz ərazinin” olmasına imkan verməyəcək.

Lakin Kuçera bunu da qeyd edir ki, ötən yay ərzində Azərbaycan hərbi hazırlıqlarını artırmaqla həm də diplomatik prosesləri sürətləndirəcəyinə ümid edirdi. Amma buna baxmayaraq Qarabağın erməni liderləri inadlarından dönmədilər və Bakı ilə reinteqrasiya məsələsini müzakirə etməkdən qəti şəkildə imtina etdilər. Müəllifin fikrincə belə görünür ki, Qarabağ ermənilərinin sentyabrın əvvəllərində yeni prezident seçkisi keçirməsi Azərbaycan üçün separatçıların yola gəlməyəcəyinə dair son işarə olub.

Amma Böhran Qrupu analitik mərkəzindən Cənubu Qafqaz üzrə təhlilçi Olesya Vartanyanın fikrincə Qarabağ liderlərinin mövqeyi Azərbaycanın tələblərinə tabe olmaq istiqamətində “təkamül” edirdi:

"Onlar Azərbaycanla görüşməyə və Bakının inteqrasiya prosesinə dair tələblərini müzakirə etməyə hazır idilər”.

Amma Bakıda mənzillənmiş Böhran Qrupunun təhlilçisi Zaur Şiriyevin fikrincə, “siyasi prosesin getməməsi və ya bu prosesdə durğunluq yaranması” Azərbaycan tərəfindən daha bir hücum riskini artırmışdı. Təhlilçi sentyabrın 15-də yazırdı:

“Qarşıdan gələn günlərdə Qarabağın ermənilər yaşayan ərazilərində hərbi eskalasiya baş versə, bunda təəccüblü heç nə olmayacaq”.

'Bu, Qarabağ faciəsinin son aktı idi' - Ekspertlər atəşkəsi şərh edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Paşinyan Putinin üç qırmızı xəttini pozub

Kuçera yazır ki, hadisələri Ermənistanın müttəfiqi Rusiya ilə münasibətlərinin korlanması sürətləndirib.

Rusiya Qarabağda 2000-lik sülhməramlı qüvvə yerləşdirsə də, bu qüvvə Azərbaycanın əraziyə göstərdiyi təzyiqlərin qarşısını ala bilməyib. Rusiyanın özü də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Yerevanın qarşısındakı öhdəliyini yerinə yetirməyib. Ermənistanı Azərbaycanın hücumundan qorumayıb.

Bütün bunlar Yerevan və Moskva arasındakı münasibətlərdə gərginliyi artırıb. Ermənistan hökuməti ilk baxışdan Rusiya ilə narazılığını ifadə edən bir sıra addımlar atıb.

Bunlardan biri də Paşinyanın xanımı Anna Hakobyanın Kiyevə humanitar yardım aparması olub.

Bundan başqa Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin tam üzvlüyünə yol açan Roma statutunun ratifikasiya olunacağını bəyan edib. Bu məhkəmə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Və nəhayət Yerevan KTMT-dəki nümayəndəliyini geri çağırıb.

Carnegie Europe təşkilatından təhlilçi Tom de Vaal deyir ki, beləliklə, Ermənistan Rusiyanın üç qırmızı xəttini aşıb.

Bakıda mənzillənmiş Topçubaşov Mərkəzindən Sücaət Əhmədzadənin fikrincə Azərbaycanı “məqamın indi olduğuna” Rusiya-Ermənistan ixtilafının faktoru inandırıb.

Paşinyan: 'Ermənistan razılaşma mətninin hazırlanmasında iştirak etməyib'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Dünyanın reaksiyası

Məqalədə deyilir ki, Azərbaycanın qarşısında zəifliyi artan Ermənistan beynəlxalq icmadan mümkün olan dəstəyi almağa çalışıb. Hindistandan silah alıb və münaqişə məsələsini müntəzəm olaraq BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa cəhdlər göstərib.

Müəllif yazır ki, bu hərəkətlərdən heç biri heç bir beynəlxalq gücü Azərbaycana qarşı sərt mövqe tutmağa sövq edə bilməyib.

Əhmədzadə bildirir ki, o “ermənilərin yerinə olsaydı, Qərbdən əhəmiyyətli bir dəstək gözləməzdi”.

Azərbaycanın 19 sentyabr əməliyyatına da beynəlxalq reaksiya çevik olsa da, bu reaksiya “narahatlıq” ifadəsi ilə məhdudlaşıb.

Həm ABŞ, həm də Avropa İttifaqı Qarabağda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar.

Ermənistanın xüsusi işlər üzrə səfiri Edmon Marukyan deyir ki, “birisi səni öldürməyə çalışırsa, bəyanatların faydası olmur”.

Sonra nə olacaq?

Məqalədə deyilir ki, Azərbaycan keçirdiyi əməliyyatla aylardır gözlədiyi güzəştləri əldə edə bilib.

Əsas tələb Qarabağdakı silahlı birləşmələrin tərk-silah edilməsi idi.

İndi Qarabağ ermənilərinin liderləri sentyabrın 21-də Yevlax şəhərində Bakı nümayəndələri ilə görüşə və müzakirəyə razılıq veriblər.

Qarabağ liderlərinin bəyanatında bu da qeyd olunur ki, bu görüşdə Azərbaycana mümkün reinteqrasiya və Azərbaycan Konstitusiyasının tələbləri çərçivəsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı müzakirə olunacaq.

Kuçera yazır ki, bu yaxınlaradək erməni liderlər bu məsələlərin müzakirəsini mümkünsüz hesab edirdilər, amma indi tələbləri qəbul etməkdən başqa yolları qalmayıb.

Məqalədə deyilir ki, Ermənistan tarixçisi Jerard Liparidyan özünün yeni kitabı – “Ümidsiz Ermənsitan” kitabı barədə ABŞ-da mühazirə oxuyub.

O deyib ki, Ermənistanın mövqeyi getdikcə daha da zəifləyəcək:

"Biz gözlədikcə təsir imkanlarımız azalır...Biz bugün hələ ötən il əldə edə biləcəyimizi ala bilmirik. Ötən il isə biz beş il əvvəl ala biləcəyimizi ala bilmirdik. Biz gözlədikcə Əliyev daha da sərtləşib”.

Xatırlatma

  • 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
  • Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Aİ-nin, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
  • 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
XS
SM
MD
LG