Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:16

Qarabağdan Ermənistana 'axırıncı avtobus'un çatdığı bildirilir


Qarabağ erməniləri Kornidzora gedir
Qarabağ erməniləri Kornidzora gedir

Son günlər Qarabağdan Ermənistana qaçqın axınının intensivliyi azalıb, "proses məntiqi sonluğa çatır", – bunu oktyabrın 1-də Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Qarabağdakı rejimin "ombudsmana"ı Qeqam Stepanyanın sözlərinə görə, bazar günü Qarabağdan Gorisə qaçqınlarla dolu sonuncu avtobus çatıb. Avtobuda 15 nəfərin olduğu deyilir. Stepanyan deyib ki, könüllülər kənar kömək olmadan evdən çıxa bilməyənlərə yardım ediblər. O, Qarabağda qalmış tənha, köməksiz şəxslər barədə bilgisi olanları Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlamağa çağırıb.

Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gedib. İlin əvvəlinə Qarabağ əhalisinin sayının 120 min nəfər olduğu bildirilirdi. Ancaq dəqiq məlumat yoxdur. Keçmiş rejim rəsmiləri hazırda regionun praktik olaraq boşaldığını deyirlər.

250 dollarlıq yardım və aya 100 dollar

Baş nazir Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Ancaq Azərbaycan XİN bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Azərbaycan Prezident Administrasiyasının bazar günü bildirdiyinə görə, miqrasiya xidməti, Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları regionda işə başlayıblar. Onların məqsədinin Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına kömək göstərmək olduğu deyilir.

Hələlik, Azərbaycan hərbçilərinin Xankəndiyə, yaxud qondarma rejimin nəzarətində olmuş digər yaşayış məntəqələrinə girməsi haqda məlumat yoxdur.

Ermənistan hakimiyyəti isə Qarabağ köçkünlərinə yardım göstərir. Baş nazir Paşinyan hər köçkünə 250 dollar verilməsi, köçkün ailələrin yaşayış xərclərini qarşılamaq üçündə aya 100 dollar ayrılması haqda sərəncam verib. Proqram azı altı ay qüvvədə olacaq.

Ermənistan Azərbaycan əleyhinə iddia qaldırır

Bu arada Ermənistan Qarabağın separatçı liderlərinin hədəfə alınmasını önləmək üçün BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

Yerevan bildirir ki, Bakının Dağlıq Qarabağın indiki, yaxud keçmiş siyasi təmsilçiləri və ya hərbi personalına qarşı cəza tədbirlərindən çəkinəcəyini gözləyir.

Məhkəmə iddiasında tələb olunur ki, Azərbaycan ordusu və polisi mülki obyektlərə girməsinlər, Bakı nəzarətini bərpa etdiyi ərazilərdə Birinci Dünya müharibəsi vaxtı erməni soyqırımı qurbanlarının anım abidələrinin dağıdılmasının qarşısını alsın.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanın məhkəmə iddiasını qəbuledilməz sayır.

Nazirliyin sözçüsü Ayxan Hacızadə deyib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz siyasi gündəliyi üçün sui-istifadə edir.

"Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək", - o vurğulayıb.

Münaqişənin tarixçəsi

  • 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
  • Sentyabrın 28-də isə tanınmayan qurum özünü buraxdığını elan edib. Erməni əhaliyə Azərbaycan hakimiyyətinin qarantiyaları barədə düşünmək, tərk edilmiş evlərinə qayıtmağı nəzərdən keçirmək təklif olunub.
XS
SM
MD
LG