Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:43

Qarabağ separatçıları ‘təhlükəyə’ girmək istəmirlər (VIDEO)


David Babayan
David Babayan

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Qarabağın separatçı liderlərindən David Babayan martın 19-da deyib ki, Sasna Tsrer partiyasının Qarabağın Ermənistanın tərkibinə daxil edilməsinə dair təşəbbüsü hazırkı vəziyyətdə “erməni dövlətçiliyi üçün təhlükə təşkil edir”.

Martın 18-də Sasna Tsrer partiyası bəyan etmişdi ki, “Dağlıq Qarabağın Ermənistanın tərkibinə vilayət kimi daxil edilməsi prosesinə başlayır”.

Bu partiyanın liderlərindən Zhirayr Sefilian bildirmişdi ki, “tələsmək lazımdır, çünki Qarabağın üzərindən “abxaziyalaşma təhlükəsi” asılıb” və Qarabağ “Rusiyanın nüfuzu altına düşə bilər”.

Lakin Qarabağ separatçılarının liderlərindən David Babayan deyib:

“Bəli biz öz müqəddəratını təyinetmə tərəfdarı kimi çıxış edirik. Azərbaycan bizi müharibəyə çəkib və biz bütün erməniliklə birlikdə qalib gəlmişik. Amma bir də var, ərazi mübahisəsi... Bu başqa məsələdir. Onlar (azərbaycanlılar – red) bunu istəyirlərmi?”

Azatutyun yazır ki, Sasna Tsrer Qarabağ sakinlərinin onun təşəbbüsünü bəyəndiklərindən əmindir.

Partiya inanır ki, bu prosesi Ermənistanın hazırkı hakimiyyəti də dəstəkləyərdi.

Sasna Tsrerin Dağlıq Qarabağda tərəfdarı azdır

Lakin Babayan düşünmür ki, bu ideya Qarabağ əhalisinin əksəriyyəti tərəfindən dəstəklənə bilərdi:

“Artsax (Dağlıq Qarabağ - red) beynəlxalq birlik tərəfindən tanınandan, münaqişə tamamilə tənzimlənəndən sonra baxarıq...”

David Babayan deyib ki, o Sasna Tsrer partiyasının bəyanatını gələn il Qarabağda keçiriləcək “prezident seçkisi” ilə bağlayır.

Bu partiya bildirib ki, rəsmi şəkildə Dağlıq Qarabağda da qeydiyyatdan keçib və onun məqsədi Qarabağdakı hakimiyyəti 2020-ci ilədək dəyişməkdir. Əgər alınmasa, partiya seçkidə iştirak edəcək.

David Babayansa deyib ki, Sasna Tsrerin Dağlıq Qarabağda həmfikirləri azdır:

“Təbii ki, ümumerməni dövləti olan Ermənistan hamımız üçün yaxşı ideyadır, amma bu şəkildə yox”.

Zhirayr Sefilian-ın məhkəməsi (2018)
Zhirayr Sefilian-ın məhkəməsi (2018)

Burada qeyd edilməlidir ki, Sasna Tsrer bir vaxtlar Dağlıq Qarabağda vuruşmuş qanunsuz yaraqlı dəstələrdən birinin əsasında yaradılıb və sonradan Ermənistanın Milli Məclisində təmsil olunub.

Yeri gəlmişkən, 2016-cı ilin aprelində baş vermiş dördgünlük müharibənin ardınca Serzh Sarkisiana qarşı küçə etirazlarının geniş vüsət almağa başladığı məqamda bu partiyanın üzvləri Yerevanda polis məntəqələrindən birinə silahlı basqın etmişdilər. O vaxt polislərdən biri ölmüşdü.

Uzun qarşıdurmadan sonra silahlı dəstə təslim olmuş və onun üzvləri həbs edilmişdilər.

Onların hamısı, sonradan, 2018-ci ilin iyununda həbsxanadan azad edildi.

Zhirayr Sefilyana gəlincə isə, o Şuşanın zəbt olunmasında aparıcı rol oynasa da, əslən qarabağlı yox, suriyalıdır.

Rəsmi Bakı münaqişənin əvvəlindən bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulmaması şərtilə Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsinə hazırdır, lakin bu bölgənin Azərbaycandan qoparılmasına heç vaxt yol verməyəcək.

Azərbaycan habelə Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirak etməsinə dair baş nazir Nikol Pashinianın təklifini də qəbul etmir və Dağlıq Qarabağdakı mövcud idarəçiləri separatçı qüvvə sayır.

Rəsmi Bakının mövqeyinə görə, yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər şəkildə danışıqlara qatıla bilər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-c ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətlərdir.

Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılır.

XS
SM
MD
LG