Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:41

Zatulin: Rusiya sülhməramlılarının Qarabağda nə işi var?


Konstantin Zatulin
Konstantin Zatulin

Erməni əhalisinin Dağlıq Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının bölgədə olmasının səbəbləri azalıb.

Bu fikri gazeta.ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) işləri üzrə komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan hələ də qoşunların çıxarılması məsələsini ona görə qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin: "Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi hələ də onların çıxarılması ilə bağlı sualları ancaq ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasının vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri azdır".

Bununla belə, deputat hesab edir ki, Rusiyanın sülhməramlı qoşunlarının Qarabağda olması erməni əhalisinin evlərinin toxunulmazlığına zəmanət verə bilər.

"Mən sülhməramlılarımızı, məsələn, erməni əhalisinin tərk etdiyi evlərə, beynəlxalq mahiyyət daşıyan tarix və mədəniyyət abidələrinə heç nə olmayacağına qarantiya kimi yerləşdirməyi məqsədəuyğun görürəm. Bəzi ermənilərin Dağlıq Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının olması çox çətindir. Yerli əhalinin Qarabağdan köçməsi onların orada olma səbəbini sarsıtdı", - Zatulin fikrini bitirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib (5 illik. Bu müddət yalnız tərəflərin razılığı ilə artırıla bilər).

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG