Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:29

'Sülhməramlılar danışıqları ləngitməyə çalışan Rusiyanın əlində ziyanlı alətdir'


Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) martın 7-də açıqlama yayaraq iki gün əvvəl silahlı insident baş verən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda yenidən hərbi təyinatlı daşımaların olduğunu bildirib. Vurğulayıb ki, "Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi texniki müşahidə vasitələri ilə qeydə alınıb".

Ermənistanın Müdafiə Nazirliyi isə bu məlumatı "dezinformasiya" adlandırıb.

Rusiya sülhməramlılarının fəaliyyəti…

Bütün bunlarla belə, AMN-in bu məsələlərdə Rusiya sülhməramlılarını ittiham etməsi bəzi müşahidəçilər üçün gözlənilməz olub. Çünki bundan əvvəl Azərbaycan prezidenti Rusiya prezidenti və bu ölkənin başqa rəhbər şəxsləri ilə görüşlərində sülhməramlılarının fəaliyyəti ilə bağlı, əsasən, müsbət fikirlər dilə gətirirdi.

A.Abbas
A.Abbas

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın "Turan"a bildirməsinə görə, yəqin ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərinin mətbuat üçün açıq olmayan hissəsində bu məsələlər müzakirə olunur, Putinin diqqətinə çatdırılır: "Amma bunun dəqiq olub-olmadığını deyə bilmərəm. Bunun üçün Müdafiə Nazirliyi var və Müdafiə Nazirliyi bəyanat verib. Yəqin ki, tədbirləri də görür".

Deputatın sözlərinə görə, sözügedən yoldan çoxdan istifadə olunur: "Dəfələrlə Qarabağı yaxşı tanıyan adamlar, keçmiş döyüşçülər belə bir yolun mövcud olduğunu Müdafiə Nazirliyin nəzərinə çatdırmışdılar".

"Belə getsə, bunun axırı yaxşı olmayacaq"

Komitə üzvü qeyd edib ki, sülhməramlıların maşınlarla daşıdıqlarına nəzarət imkanı yoxdur: "Gündə sülhməramlıların onlarla maşınları keçir. Onun içində nələr gətirdiklərinə nəzarət etmək imkanı varmı? Yox. Onlar da ya pul müqabilində, ya da öz məqsədləri üçün silah daşıya bilərlər. Hər halda üçtərəfli bəyanatının şərtlərinə əməl etməlidirlər, amma etmirlər. Belə getsə, bunun axırı yaxşı olmayacaq".

Bu fikirlərə, hələlik, Rusiyanin Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmi Moskva da Qarabağda vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib.

Z.Əlizadə
Z.Əlizadə

"Azərbaycanın sülhməramlıları bölgədən çıxarmağa gücü yoxdur"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, diplomatiya dili həqiqətləri kifayət qədər pərdələmək üçündür: "Yəni heç vaxt diplomatlar narazılıqlarını dilə gətirib açıq demirlər. Bəzən öz arxalarında kifayət qədər güc hiss edəndə deyirlər, bəzən isə zərurət olmadan hansısa hadisəni müsbət dəyərləndirirlər. İlham Əliyevin Putinlə görüşdə Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirməsinin sadə dilə tərcüməsi ondan ibarətdir ki, Azərbaycanın sülhməramlıları bölgədən çıxarmağa hələ gücü yoxdur".

Bununla belə, ekspertin fikrincə, həqiqətən, müharibənin dayandırılmasında, atəşkəsin bərpa olunmasında Rusiya sülhməramlılarının müəyyən xidməti olub: "Amma indi sülhməramlılar sülh danışıqlarını ləngitməyə çalışan Rusiyanın əlində ziyanlı bir alətdir. Azərbaycan bunu dərk edir, amma bunun qarşısını almaq üçün imkanları kifayət qədər deyil. Ən azı zamana ehtiyac var. 2025-ci il yaxınlaşdıqca Azərbaycanın təsir mexanizmləri daha artır".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər arasında, hələlik, sülh müqaviləsi imzalanmayıb. Üstəlik, martın 6-da Qarabağda silahların yenidən işə düşdüyü, hər iki tərəfdən itkilərin olduğu bildirilir. Tərəflər buna görə biri-birlərini günahlandırırlar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG