Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:23

Dağlıq Qarabağda 'Rusiya Şöhrət Xiyabanı' açılıb


Dağlıq Qarabağda Rusiya hərbçisi
Dağlıq Qarabağda Rusiya hərbçisi

“Rusiya Şöhrət Xiyabanı” layihəsinin rəhbəri heykəltəraş Mixail Serdyukovdur. Bu layihə çərçivəsində indiyədək Rusiya ərazisində görkəmli rusiyalıların mindən çox büstünün qoyulduğu bildirilir

Noyabrın 10-da Dağlıq Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açılıb. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

Serdyukovun layihəsi

AzadlıqRadiosunun Ermənistan xidməti xiyabanın açılışında Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Cənub hərbi dairəsinin komandan müavini, general leytenant Rüstəm Muradovun iştirak etdiyini yazır.

“Xiyabanın açılışı sülhməramlı qüvvələrin Dağlıq Qarabağa yerləşdirilməsinin birinci ildönümünə həsr olunub”, – Rusiyanın rəsmi TASS xəbər agentliyi xəbər verir.

“Rusiya Şöhrət Xiyabanı” layihəsinin rəhbəri heykəltəraş Mixail Serdyukovdur. Bu layihə çərçivəsində indiyədək Rusiya ərazisində, eləcə də Ukrayna, Belarus, Almaniya və ABŞ-da görkəmli rusiyalıların mindən çox büstünün qoyulduğu bildirilir.

Rus sülhməramlısına abidə

Xankəndində hərbi şəhərcikdə Rusiya sülhməramlısına da abidə qoyulub. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Abidənin açılış mərasiminə Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı Gennadi Anaşkin qatılıblar.

Bürünc abidə tam yaraqlı, çiynində avtomat Kalaşnikov olan hərbçinin və ona gül verən qızcığazın təsviridir.

Azərbaycan rəsmiləri nə Dağlıq Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın, nə də Rusiya hərbçisinə abidənin açılmasına münasibət bildiriblər.

Xatırlatma

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra regiona 5 il müddətinə Rusiya hərbçiləri yerləşdirilib. Bu, tərəflərin noyabrın 9-da imzaladığı atəşkəs bəyanatında nəzərdə tutulub. Sənəddə deyilir ki, tərəflərdən biri 5 ilin tamamına 6 ay qalmış kontingentin Qarabağdan çıxmasını istəməsə, bu müddət avtomatik uzadılacaq.

Rəsmi Bakı Qarabağın Azərbaycan ərazisi olduğunu, sülhməramlıların müvəqqəti yerləşdirildiyini bildirir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG