Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:28

"Kompüterləri veribsiz ki, üzünə tamaşa edək?"


İllüstrasiya
İllüstrasiya

►“Qəşədlilərin dünyadan xəbəri yoxdur."

“Bu kompüterləri üzünə tamaşa etmək üçün veriblər bizə? İnternetimiz olmayandan sonra bu kompüterlər nəyimizə lazımdır axı?””

Bunu deyən Ağsu rayonunun Qəşəd kənd məktəbinin müəllimi Osman Qurbanov AzadlıqRadiosunun “Qaynar xətt”inə hələ də kəndin telefonlaşdırılmamasından gileylənib.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dəfələrlə məktubla müraciət etməsinə baxmayaraq, kəndə telefon xətti çəkilmir. Bu da müasir dövrdə interneti əhali üçün əlçatmaz edib:

“Qəşədlilərin dünyadan xəbəri yoxdur. Şəxsən mən utanıram deyəm ki, “bizim kənddə telefon, internet yoxdur”. Hansı zəmanədə yaşayırıq axı... Özüm riyaziyyat müəllimiyəm. İndi təhsil sistemi belədir ki, məktəbdə də, evdə də əlimin altında mütləq internet olmalıdır. Mən haradan məlumatlanım? Yenilikləri haradan alım?”

Müəllim 10 ildir ki, yazır. Və 10 ildir cavab alır ki, “darıxma, gün gələr, sizin də kənddə telefon, internet olar”. İş orasındadır ki, qonşu kəndlər çoxdan telefonlaşdırılıb. Yalnız Qəşəd və qonşuluğundakı bir kənd qalıb.

Buna da bax: Deyir, “Gəncə şirniyyatı” dükanını əlindən alıblar

TEXNİKİ MƏSƏLƏLƏR VAR

İki il əvvəl Əmək və əhalinin sosial müdafiə naziri kənddə olarkən kənd məktəbinin açılışında iştirak edib. Kənddə telefon olmamasından təəccüblənib və müəllimin deməsinə görə, nazir söz verib ki, yaxın günlərdə kəndə telefon da çəkiləcək, internet də... Müəllim də tənbəllik etməyib, Səlim Müslümova məktub yazıb yadına salıb ki, yaxın günlərin üstündən nə az, nə çox – düz 2 il keçib. Hətta belə bir məzmunda cavab da alıb ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etsinlər.

Ağsu Telekommunikasiya Qovşağından bildiriblər ki, 1-2 kəndi çıxmaqla, rayonun, demək olar bütün kəndləri telefonlaşdırılıb. Qəşədə gəlincə, kəndin telefonlaşdırılması layihəsi var və bəzi texniki məsələlər həllini tapdıqdan sonra kənddə telefonlaşdırılmamış ünvan qalmayacaq.

Kənd müəllimi də o günü səbirsizliklə gözləyir – dünyadan xəbər tutmaq üçün...

XS
SM
MD
LG