Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:33

“Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğuna düşür- [video]


2010-cu ildə Meksika körfəzində baş vermiş Deepwater Horizon qəzası ilk onluğa düşmür
2010-cu ildə Meksika körfəzində baş vermiş Deepwater Horizon qəzası ilk onluğa düşmür

Dekabrın 4-də «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş yanğın dünyanın ən böyük neft fəlakətlərinin ilk onluğuna düşə bilər.

SOCAR-dan alınmış son məlumatda 29 neftçinin itkin düşdüyü bildirlir. 32 nəfərin xilas esildiyi bildirilir. 1 neftçinin ölümü rəsmən təsdiq edilib.

Belə fəlakətlərin acı təcrübəsi deməyə imkan verir ki, dekabrın 4-dən bəri itkin düşənlərin xilas edilə biləcəyinə ümid olduqca azdır.

Bu, itkinin hələlik bəlli sayını 31-ə çatdıra bilər. Kədərli statistika “Günəşli” qəzasını dünyanın ən fəlakətli qəzaların onluğuna çıxarır.

Bu qəzadan əvvəl fəlakət siyahısı aşağıdakı kimi idi:

1988-ci il, 6 iyul.Occidental şirkətinin Piper Alpha platforması partlayış və yanğın nəticəsində sıradan çıxıb. 167 işçi həlak olub. Platforma Şimal dənizində, Şotlandiya sahilindən 120 kilometr aralıda idi. Qəzanın mühəndis səhvi üzündən baş verdiyi nəticəsinə gəlinib. Bu qəzadan 62 nəfər, əsas etibarilə platformadan dənizə tullanmaqla sağ çıxıb.

1980-ci il, 27 mart. Norveç sahillərində Alexander L. Kielland üzən platformasının tufanlı havada aşması nəticəsində 123 nəfər həlak olub. Alexander L. Kielland iki işlək platformanın arasında üzən mehmanaxana tipli platforma idi. “Phillips Petroleum” şirkətinin Ekofisk yatağında işləyən bu üzən oteldən 89 nəfər sağ çıxıb. Hadisə zamanı xilasedici 7 qayıqdan yalnız ikisini işə salmaq mümkün olub. Qəzanın təxribat da daxil bir neçə səbəbi göstərilib.

1989-cu il, 3 noyabr. “Unocal” neft şirkətinin “The Seacrest” qazma gəmisi Cənubi Çin dənizində “Gay qasırğası” zamanı batıb. Gəmi heyətininin 91 üzvü həlak olub. Yalnız 6 nəfər Taylanda məxsus gəmi tərəfindən xilas edilib.Təhqiqat “qasırğa gözü”nün düz gəminin üstündən keçdiyini göstərib.

1982-ci il, 15 fevral. “Ocean Ranger” üzən platforması Hibernia yatağı üzərində güclü tufan nəticəsində batıb. Bu platforma 1976-cı ildə Yaponiyanın Mitsubishu şirkəti tərəfindən ODECO neft şirkətinin sifarişi ilə tikilmişdi. 1980-ci illərdə dünyanın ən böyük üzən platformalarından biri sayılırdı. Platforma ən sərt qasırğalara dayanmalı idi. Fevralın 14-də sahildən 200 kilometr aralı olan Hibernia yatağındakı bütün platformalara qasırğa proqnozu verilmişdi. Buna baxmayaraq dalğaların zərbəsi ilə “The Ocean Ranger” platformasının “xilasetmə salı” dənizə düşmüşdü.

Yaxınlıqdakı gəmi və platformaların bütün cəhdlərinə baxmayaraq “The Ocean Ranger” platformasındakı 84 nəfərlik heyət batıb. Onlardan yalnız 22-nin cəsədləri tapılıb.

1983-cü il, 25 oktyabr. ARCO neft şirkətinin “Glomar Java” dəniz qazma gəmisi Cənubi Çin dənizində, “Lex” qasırğası zamanı batıb. 81 nəfərdən ibarət bütün heyət həlak olub.

Axtarışlar nəticəsində 36 cəsəd tapılıb, onlardan yalnız 31-ni sahilə çıxarmaq mümkün olub. Qalan 45 nəfər itkin düşdüyünə görə “ölmüş” elan edilib.

1979-cu il, 25 noyabr. Çin Neft Nazirliyinin Bohai 2 “jack-up” özünüqaldıran tipli gəmi-platforması Çin dənizinin Bohai körfəzində batıb. Güclü qasırğa şəraitində baş vermiş qəzada heyətin 74 üzvündən yalnız 2 nəfər sağ qalıb.

1986-cı il, 6 noyabr. Şimal dənizində “Shell” şirkətinin Brent yatağından Şetland adasına uçan
Boeing BV234 (Chinook) helikopteri qəzaya uğrayaraq suya düşüb. Britaniyaya məxsus helikopterdəki 47 nəfərdən 45-i həlak olub. Qəzaya səbəb helikopterin iki mühərrikindəki nasazlıq olub.

1984-cü il, 16 avqust. Braziliyanın Petrobras şirkətinin “Enchova Central Platform” üzən platforması Rio de Janeyro sahillərində qəzaya uğrayıb. Burada quyunun qəfil püskürməsi nəticəsində əvvəlcə partlayış, sonra isə yanğın baş verib. İşçilərin əksəriyyəti evakuasiya edilib, lakin xilasetmə qayığı suya endirilərkən platformadan asılı qalıb. Sonra 20 metrlik hündürlükdən dənizə çırpılan qayıqda 42 nəfər həlak olub.

1964-cü il, 30 iyun. “C. P. Baker” qazma barkası Meksika körfəzinin Yucin adası yaxınlığında batıb. Barkas 1962-ci ildə 1945-ci il istehsallı iki hərbi gəminin konstruksiyası üzərində tikilmişdi.

Qazma zamanı quyuda baş verən sızma 5 dəqiqədən sonra partlayışa səbəb olub. Partlayışdan sonra başlanan güclü yanğın bütün gəmini bürüyüb. Gəmi 30 dəqiqə ərzində batıb. 43 nəfərlik heyətdən 22 nəfəri həlak olub. Yalnız 8 meyit tapılıb.

2005-ci il, 27 iyul. “Oil and Natural Gas Corporation” şirkətinə aid Bombay High North platformasında baş vermiş partlayış və yanğın dünyanın ən cəfəng qəzalarından biri sayılır.Hind okeanının Ərəb dənizi sahəsində işləyən platforma 7 mərtəbəli idi və səkkiz qaz ixracı borusu vardı. İyulun 27-də Platformanın yanında iki köməkçi gəmi lövbərlənmişdi. “Samudra Suraksha” gəmisinin aşpazı xörək hazırlayarkən ehtiyatsızlıqdan iki barmağının uclarını kəsmişdi və Musson mövsümü olduğundan helikopterlər uçmurdu. Buna görə də, aşpazı əməliyyat üçün platformaya qaldırmaq qərara alınmışdı. Lakin bu zaman köməkçi gəmi platforma ilə toqquşmuş, partlayış və yanğın baş vermişdi.

Platformanın və gəminin 384 işçisindən 362-si evakuasiya edilmiş, lakin 22 nəfər həlak olmuşdu. Onlardan yalnız 11-nin cəsədləri tapılıb.

2007-ci il, 23 oktyabr, Meksika körfəzi.“Perforadora Central Usumacinta” özünüqaldıran platformasının ona bağlı köməkçi platforma ilə toqquşması nəticəsində partlayış və yanğın baş verib. 1982-ci ildə tikilmiş platforma qaz və neft çıxarırdı.

“Usumacinta” platformasını işlədən PEMEX şirkətinin məlumatına görə, 86 nəfərlik heyətdən 58-i evakuasiya olunub. 22 nəfər həlak olub, meyitlərdən biri tapılmayıb.

Beləliklə, “Günəşli” yanğını barədə ən son məlumat nəzərə alınmaqla bu qəza 10 ən pis fəlakətin arasında 7-ci pilləni tutacaq.

XS
SM
MD
LG