Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:04

Dünyanı gözləyən risklər


Dünya İqlim Dəyişikliyi Konfransı.
Dünya İqlim Dəyişikliyi Konfransı.

Ümumdünya İqtisadi Forumu «Qlobal Risklər Hesabatı-2016» adlı sənədi açıqlayıb. Bu hesabatda gələn onillikdə qlobal risklərin inkişafı və qarşılıqlı əlaqəsinə diqqət çəkilir.

Hesabatda vurğulanır ki, istiləşən iqlim bu il temperaturu sənaye erasından öncəyə nisbətən 1 dərəcə qaldıracaq. Dünyanın 24-cü böyük ölkəsinin əhalisinin sayı qədər, yəni 60 milyon adam məcburi köçkünə çevrilib. Kiber-cinayətlər isə qlobal iqtisadiyyata 445 milyard ABŞ dollarına başa gəlir ki, bu da bir çox ölkə iqtisadiyyatlarının gəlirlərindən artıqdır.

BİRİNCİ YERDƏ İQLİM DƏYİŞİKLİYİDİR

Bu anlamda, hesabat bütün bu risklərlə bağlı tədbir görməyə çağırır. Eləcə də, ortaya çıxan qlobal risklərin onsuz da gərilmiş cəmiyyətlərə təsiri araşdırılır. Qlobal risklərin biznes icmasına regional və ölkə səviyyəsində təsiri də öyrənilib.

Hesabat Qlobal Risklərin Qavranılması Sorğusunu hazırlayıb. Ümumdünya İqtisadi Forumundan 750 ekspert və qərarverici şəxs sorğuya qatılıb. Onlardan xahiş olunub ki, 29 qlobal riski nəzərdən keçirib təsirini dəyərləndirsinlər. İqlim dəyişikliyi ötən il birinci yerə çıxıb və gələn illərin də ən böyük riski sayılır. Hətta kütləvi qırğın silahları 2-ci yerdə, su böhranı isə 3-cü yerdədir.

İlk beşlikdə yer alan risklərdən biri də böyükmiqyaslı məcburi miqrasiyadır. İlk beşlikdə enerji qiymətlərindəki kəskin artım da yer alıb.

Artıq ikinci ildir ki, geosiyasi əndişələr də respondentlərin ağlından çıxmır. Bu səbəbdən hesabat beynəlxalq təhlükəsizlik mənzərəsini araşdırır və bunun təkamülünü, Dördüncü Sənaye İnqilabı və iqlim dəyişikliyinin bu amilə təsirini öyrənir.

ÖYRƏNİLƏN 3 ƏSAS RİSK

Hesabatda vurğulanır ki, risklərə qarşı müqaviməti artırmağın açarı cəmiyyətlərdə sabitliyin yaradılmasıdır. Burada rəqəmsallaşma erasındakı cəmiyyətlərin dinamikası öyrənilir. Səlahiyyətli(siz) vətəndaş fenomeni müzakirə edilir. Belə ki, texnologiya sayəsində vətəndaşlar daha çox informasiya əldə edir, bir-biriylə əlaqə yaradır və təşkilatlanır. Bu vətəndaşlar hüquqlarının özlərindən uzaq elita tərəfindən alındığını düşünürlər. Hesabatda bu məsələnin sosial sabitsizlik yaratma riski araşdırılır. İki varianta baxılır. Birincisi, hökumətlər və bizneslər repressiv tədbirlərə əl atırlar. Yaxud da, məlumatlı, hüquqlarını tələb edən vətəndaşlarla necə davranmağı bilmədiklərindən heç bir tədbir görmürlər. Hər iki halda etimad sarsılır, hər iki tərəf sərt reaksiyalara əl atır. Amma ikinci bir yol da var. Hökumətlər və bizneslər vətəndaşlarla işləməyin yollarını axtarır. Hesabatda bunun faydalarından söz açılır.

Ərzaq təhlükəsizliyi riski də əsas araşdırılan risk faktorudur. İqlim dəyişikliyinin, su böhranının ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatı istehsalına təhlükəsi tədqiq olunur. Son illər G-20 ölkələrində – Hindistan, Rusiya və Birləşmiş Ştatlarda iqlim problemlərini ortaya qoyub.

«Ebola» böhranının dərsləri, qlobal xəstəliklər üçüncü risk kimi öyrənilir. Xəbərdarlıq edilir ki, əhali artımı, sürətli urbanizasiya, ölkələrarası daşımaların artması coğrafiyalararası yoluxucu transmissiyaları da gücləndirir.

Hesabatda gələn onillikdə biznes qurmağın riskləri də öyrənilib. Respondentlər 140 iqtisadiyyatı əhatələyir. Həmin iqtisadiyyatların yarısında iki əsas risk önə çəkilib – işsizlik və enerji qiymətləri şoku. Biznes qurmağa digər əngəllər sırasında idarəçilik, maliyyə böhranları, kiber-hücumlar vurğulanır.

XS
SM
MD
LG