Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:12

1.7 milyard nəfər aclıq və yoxsulluq astanasında


Buğda
Buğda

Quterres “varlını varlandıran, yoxsulu kasıblaşdıran” dünya maliyyə sistemini dəyişəcək qlobal islahatlara çağırıb

Ukrayna böhranı bəşəriyyətin beşdə birini, yəni 1.7 milyard nəfəri aclığa, səfalətə sürükləyə bilər. Bunu BMT-nin Baş katibi Antonio Quterres Çex Respublikasında çıxan “Seznam Zpravy” nəşrinə müsahibəsində deyib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb Moskvaya sərt maliyyə sanksiyaları açıqlayıb.

Qiymətlər onsuz da qalxırdı...

“Ukraynada yaşanan faciəni hamımız görürük. Amma sərhədlərin o tayında müharibə inkişaf etməkdə olan dünyaya sakit hücuma keçib. Böhran bəşəriyyətin beşdə birindən çoxunu, 1.7 milyard nəfəri onillərlə görünməmiş miqyasda yoxsulluq və aclığa sürükləyə bilər”, – Quterres vurğulayıb.

Onun sözlərinə görə, dünyada buğda və arpa istehsalının 30 faizi, qarğıdalının beşdə biri, bütün günəbaxan yağının yarıdan çoxu Ukrayna və Rusiyanın payına düşür. Dünyada 45 ən az inkişaf etmiş ölkələrin idxal etdiyi buğdanın isə 33 faizindən çoxu Rusiya və Ukraynadan gedir.

BMT-nin Baş katibi deyir ki, Ukrayna böhranı dənli bitkilər ixracını önləyir, təchizat zəncirini pozur, qiymətlər sürətlə qalxır. 2022-ci ilin əvvəlindən buğda və qarğıdalı 30 faiz bahalanıb, Brent neftinin qiyməti 60 faizdən çox, qaz və gübrənin qiyməti isə 50 faizdən çox qalxıb.

Qlobal islahatlar

Quterres “varlını varlandıran, yoxsulu kasıblaşdıran” dünya maliyyə sistemini dəyişəcək qlobal islahatlara çağırıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) başçısı Kristalina Georgiyeva ötən həftə deyib ki, Ukrayna münaqişəsi bu il 143 iqtisadiyyat üçün proqnozların azalmasına səbəb olacaq. Bu iqtisadiyyatlar isə qlobal ÜDM-nin 86 faizini təşkil edir.

BVF, Dünya Bankı, Dünya Ərzaq Proqramı (WFP) və Dünya Ticarət Təşkilatı (DTT) ötən həftə birgə bəyanatda, hələ də davam edən COVID-19 pandemiyası və Ukrayna böhranı fonunda ərzaq təhlükəsizliyini yoluna qoymaqdan ötrü təcili, koordinasiyalı addımlara çağırıb

XS
SM
MD
LG