Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:09

Radio Azadi ‘həmişəkindən daha güclüdür’


Radio Azadinin vebsaytı bloklanıb
Radio Azadinin vebsaytı bloklanıb

AzadlıqRadiosu-nun əfqan xidməti – Radio Azadi Talibanın qadağalarına baxmayaraq proqramlarını genişləndirərək “həmişəkindən daha güclü olub”. Bunu AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly) deyir. Taliban hökuməti əfqan xidmətini efirdə və internetdə sıxışdırmağa çalışır.

“Taliban Azadi-ni efirdən çıxaranda Azadi daha da gücləndi, gündəlik efir vaxtını iki dəfə artıraraq 24/7 xidmətinə çevirdi. Əfqanlar iki onillik ərzində Azadi-yə ümid yeri kimi baxıblar, onlara çatmağın yollarını axtarmağa davam edəcəyik”, – Flay fevralın 8-də bəyanatında deyib.

24 saatlıq yayım

Bu həftə Radio Azadi-nin dari və puştu dilində vebsaytları Əfqanıstanda bloklanıb. Taliban bundan öncə – dekabrın 1-də, Azadi-nin yayımlarını AM və FM radio yayımını dayandırıb. Hazırda Azadi Əfqanıstanda orta və qısa tezliklərdə yayımlanır.

AzadlıqRadiosu bu qadağaya cavab olaraq yanvarın 30-da bəyan edib ki, AzadlıqRadiosu radio proqramlarını sutkaboyunca yayacaq. Yayımın 12 saatı orta dalğada, 12 saatı isə qısa dalğada gedir.

Bu proqram genişlənməsi Azadi-nin 21 illiyində elan olunub.

Taliban dekabrın 1-də efiri kəsəndə Fly bu qərarı “faciəvi” adlandırıb. O deyib ki, Azadi-nin proqramlarının qadağan olunması “on milyonlarla əfqan üçün kommunikasiyanın kəsilməsi” deməkdir.

Redaksiya siyasəti dəyişməyəcək

“AzadlıqRadiosu efirdə qalmaq üçün redaksiya siyasətini Talibanın tələblərinə uyğunlaşmaq üçün dəyişdirməyəcək. Təcrübəmizdən bilirik ki, izləyicilərimiz bizi böyük səy göstərərək tapırlar. Həqiqəti tamamilə boğmaq olmaz”, – Flay deyib.

ABŞ-nin Qlobal Media Agentliyinin (USAGM) sifarişilə bu yaxınlarda aparılmış sorğuya görə, Əfqanıstanda yetkin yaşlıların yarısı hər həftə Azadi kontentindən istifadə edir.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndən Azadi-yə təzyiqləri artırıb.

AzadlıqRadiosunun Kabil bürosu bağlansa da, dövlət mediasının gözardı etdiyi xəbərləri, Talibanın qadın hüquqları, mətbuat azadlığı, insan haqları məsələlərində sərt siyasətini işıqlandırır.

XS
SM
MD
LG