Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:52

"Altı ailəni bədbəxt eləyirlər" - Jurnalistin ölüm işi


Rasim Əliyevin döyülməsi
Rasim Əliyevin döyülməsi

►"Müstəntiq gəlib deyir ki, "siz hələ sevinin, üstünüzə əlavə narkotik ittihamı qoyulmayıb"

"Nə var ki, iş prezidentin nəzarətindədir deyə, hamı qorxur. Həqiqəti üzə çıxarmırlar. Altı ailəni bədbəxt eləyirlər".

Bunu jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə həbs olunanlardan Camal Məmmədov məhkəmədə son sözündə deyib.

Bu iş üzrə təqsirləndirilən beş nəfərdən ikisi - Arif Əliyev Kənan Mədətov ötən məhkəmə iclasında son sözünü demişdi.

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində digər üç nəfər də çıxış edib.

“1-2 TƏPİKLƏ ADAÇ ÖLSƏYDİ...”

Camal Məmmədov bildirib ki, bu iş üzrə istintaq və məhkəmə obyektiv aparılmayıb:

"Bu iş əvvəldən düz aparılmayıb. Müstəntiq Kürdəxanıya yanımıza gələndə dedi ki, "siz xuliqanlıq eləmisiz, amma adam öldürməmisiz, amma inanın, mənlik heç nə yoxdur". Belə bir vəziyyətdə mən nə son söz deyim?! Mən onun ölümündə özümü təqsirli bilmirəm. Əgər 1-2 təpiklə adam ölürsə, onda gərək dünyada idmançı qalmasın ki..."

Camal Məmmədov deyir ki, Rasim Əliyev həkimlərin təqsiri üzündən dünyasını dəyişib, amma onlar məsuliyyətdən kənarda saxlanıldı:

"Prokuror elə danışır ki, elə bil həkimlərin vəkilidir. Hə olursa, kasıba olur axı... Həkimlərin günahı hər cür sübut olundu. Yoldan keçəni çağırıb dindirdilər, amma həkimləri yox. Biz Bin Laden deyilik. Bir təpiyə görə adama 12 il həbs cəzası istəyərlər? Xuliqanlıq eləmişəmsə, cəza da buna görə olmalıdır. Gəlin bircə gün Kürdəxanıda qalın, görün ki, heç nədən 12 il iş istəmək nə deməkdir. Xuliqanlıq eləmişəm, cəzamı da buna görə verin. Cinayətkar deyiləm, amma Allah ömür versə, burdan çıxa bilsəm, ola bilərəm. Mən razı ola bilmərəm ki, anam 10-12 il heç nədən gözü yaşlı qalsın..."

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“VİDEO OLMASAYDI, YƏQİN GÜLLƏLƏNMƏ İSTƏYƏRDİ”

Camal Məmmədov çıxışının sonunda Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasından ədalətli qərar çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Samir Mustafayev son sözündə, ümumiyyətlə, günahsız olduğunu deyib. Qeyd edib ki, hadisə gününə qədər təqsirləndirilən digər dörd nəfərin heç birini tanımayıb, onlarla əlaqəsi olmayıb:

"Bu, müstəntiqin xam xəyallarla yazdığı bir cinayət işidir. Müstəntiqin elədiyini indi də dövlət ittihamçısı davam etdirir. Videodan görünür ki, mən onu döyməmişəm, əksinə, kömək eləmişəm, mənə 11 il 6 ay cəza istəyir. İndi görün, video olmasaydı, mənə yəqin güllələnmə istəyərdi. Həmin gün Pərvizin işi olmasaydı və zəng edib məndən dayısıoğlugilə "Bayıl market"in yerini göstərməyi xahiş etməsəydi, orada nə işim vardı?! Bir-birini tanımayan adamlar necə mütəşəkkil cinayətkar dəstə ola bilər?! Mənim o hadisədə rolumun nədən ibarət olduğunu görməmək üçün kor olmaq lazımdır".

Samir Mustafayev də çıxışının sonunda ədalətli qərar çıxarılmasını xahiş edib. (Ardı aşağıda)

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

“ALTI AİLƏ BƏDBƏXT OLDU”

Digər təqsirləndirilən Elşən İsmayılov ilk növbədə ona verilmiş oğurluq ittihamına münasibət bildirib. Deyib ki, Rasim Əliyevin pul kisəsini götürməsi barədə yazılanlar tamamilə yalandır:

"Əgər pulqabını götürmüşəmsə, atama lənət, yoxsa, boynuma oğurluq atıb, məni şərləyənlərin..."

Elşən İsmayılov qeyd edib ki, Rasim Əliyevlə ana söyüşünə görə aralarında mübahisə düşsə də, onunla görüşməyə öldürmək niyyətilə getməyib:

"Belə bir niyyətim olsaydı, heç o biri uşaqlarla gedib, onları da bədbəxt eləməzdim. Elə başıma maska keçirib, əlimə də bıçaq alıb, gedib öldürərdim. Rəhmətliyin özü bizi tora salıb, kameranın altında görüşə çağırıb. Heç nədən altı ailə bədbəxt oldu".

“HAKİM KATİBİNİ TANIMAYA BİLƏRMİ?”

Elşən İsmayılov da istintaqın qeyri-obyektiv aparılmasından şikayətlənib:

"Müstəntiq gəlib deyir ki, "siz hələ sevinin, üstünüzə əlavə narkotik ittihamı qoyulmayıb". Həkim ifadəsində yazır ki, "əməliyyatda adını xatırlamadığım tibb bacısı". Belə şey olar?! Məsələn, hakim öz katibini tanımaya bilərmi?"

Özünü qismən təqsirli bildiyini deyən Elşən İsmayılov məhkəmədən hökm çıxararkən onun gəncliyi, özünün polisə gedib təslim olması, səmimi ifadə verməsi kimi halların nəzərə alınmasını xahiş edib.

Məhkəmə müşavirəyə gedib və hökm aprelin 1-də elan olunacaq.

Rasim Əliyev Facebook sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Onlardan ikisinə - Arif Əliyev və Elşən İsmayılova həm də CM-nin 177-ci (oğurluq) maddəsilə ittiham verilib.

Prokuror Elşən İsmayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay olmaqla, təqsirləndirilən şəxslərə ümumilikdə 63 il həbs cəzası istəyib.

Cavid Hüseynovun işi isə ayrılıb. Ona CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə də məhkəmə davam edir.

Buna da bax: Jurnalistin ölümüylə bağlı məhkəmədə qalmaqal düşüb

Jurnalistin ölümüylə bağlı məhkəmədə qalmaqal düşüb
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

XS
SM
MD
LG