Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:50

Rejissorların 10 səhvi


Kino
Kino

Nofilmschool saytı yazır ki, heç bir rejissor ideal deyil. Bu xüsusilə də yeni başlayan rejissorlara aiddir.

"Kinematoqrafiya karyeranızın ilk bir neçə ilində etdiyiniz səhvlər çox və utancvericidir. Ancaq əgər layihələriniz üzərində işləyən zaman konkret olaraq nəyi axtardığınızı bilirsinizsə, bu geniş yayılmış kobud səhvlərdən yan keçə bilərsiniz", – sayt yazır.

Yazıda daha sonra müstəqil kino ustası, rejissor Marina Bruno-nun göstərdiyi 10 səhv sadalanır.

  • Kifayət qədər hazırlığın olmaması. Film çəkən zaman hazırlıqlı olmaq son dərəcə vacibdir. Ancaq çox zaman sənətə yeni gələn rejissorlar məhz nəyə hazırlaşmalı olduqlarını bilmədikləri üçün bu səhvə yol verirlər. "Siyahı uzundur, ən əsas məqamlarsa bunlardır: əlinizdə çoxlu doldurulmuş batareyanız olsun, geyim, kostyum və təchizatın qeydiyyatını aparın, havanı yoxlayın, icazələrinizi tamamlayın, rahat ayaqqabı geyinin.
  • Pis səs. istənilən təcrübəli kinorejissor sizə deyəcək ki, filmdə yaxşı səs yaxşı görüntülərdən daha vacibdir. Buna görə də, özünüzə yeni, müasir kamera axtarırsınızsa, əlinizdəki sərmayənin bir hissəsini audio avadanlığa yatırmaq haqda düşünün.
  • Kifayət qədər səs effektlərinin olmaması. Bu, klassik səhvdir. Səs effektləri auditoriyanı gördüklərinin, sadəcə, ekrana köçürülmüş səhnə deyil, real olduğuna inandırmaq üçündür. Filminizə zəngin, düzgün və yüksək keyfiyyətli səs effektləri əlavə edin.
  • Yarımçıq hekayə. Bu, əhəmiyyətinə görə birincidir! Hekayə hər şey deməkdir. Ona görə əgər layihəyə keyfiyyətsiz ssenari ilə başlayırsınızsa, filminiz də keyfiyyətsiz olacaq. Düz-əməlli hekayə yazmağa vaxt ayırın.
  • Keyfiyyətsiz aktyorlar. Otaq yoldaşlarınızı detektiv və ortayaşlı kişi rollarına çəkməyə son qoyun. Yalançı bığ və parik heç kimi aldada bilmir, layihənizə isə həvəskar filmi görkəmi verir.
  • Dialoqun olmaması. Layihənizə nə qədər dialoq əlavə edəcəyiniz çəkdiyiniz filmin növündən asılıdır. Komediya filmlərinə çox, drama filmlərinə isə daha az dialoq qatılır. Sayt filmə mümkün qədər az dialoq əlavə etməyi tövsiyə edir. Çünki yeni ssenaristlər və rejissorlar, adətən, hər şeyi lazım olandan çox izah edirlər. Bu isə tamaşaçının sevmədiyi maraqsız səhnələrlə nəticələnir.
  • Titrlərin çox uzun olması. Uzun titrlər "kul" görünür. Bəlkə də düşünürsünüz ki, onlar sizi əsl rejissor kimi göstərir. Ancaq əgər filmi, sadəcə, dostunuzla ikiniz çəkmisinizsə, məsələni çox uzatmamaq da olar.
  • Klişelər. Kinematoqrafçılıqdakı ilk illəriniz çox dəyərlidir. Çünki bu illər ərzində özünüzü rejissor kimi kəşf edirsiniz. Müştərilər, rəylər, yaxud filmoqrafiyanızı ömürlük ləkələmək haqda düşünmədən eksperiment edib yeni şeyləri sınaqdan keçirirsiniz. Məhz buna görə də, kiminsə tərzini təkrarlamaqdan yan keçin. Son nəticədə siz bənzəmək istədiyiniz adam deyilsiniz, özünüzsünüz.
  • Kompromisin olmaması. Film çəkmək də evlilik kimidir. Son günə qədər qarışıq və xaotik. Ancaq kompromisə açıq olmaq həm yetkinlik əlamətidir, həm də zərurət. Çünki bu işdə siz başqa insanlarla birlikdə çalışırsınız. Onların da öz fikri, təcrübəsi və səriştəsi var.
  • Çox danışmaq. Kino çəkmək haqda az danışın və, sadəcə, kino çəkin. Avadanlıq yoxdur? Telefonunuzu götürüb çölə çıxın və batmaqda olan Günəşin yavaşlatılmış görüntüsünü, təbiətin ağ-qara montajını çəkin.

Yeni başlayan rejissorların yol verə biləcəyi səhvləri göstərən və izah edən resurslar çoxdur. Onlarla tanış olmaq çox faydalıdır.

XS
SM
MD
LG