Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:31

44 milyonun tarixçəsi: 'Özünü prezidentin ögey qardaşı kimi təqdim etdi'


Dollar
Dollar

Neft məhsulları və avadanlıqlarının xarici ölkələrə ixrac-idxalı ilə məşğul olan şirkət rəhbəri Rişad Vəliyev deyir ki, keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevə inanıb "Bank Standard"a 40 milyondan artıq vəsait yatırıb. Onun sözlərinə görə, 2016-cı ildə bankın lisenziyası ləğv ediləndə orada 44 milyon 227 min dollar pulu qalıb. Həmin vəsaiti də indiyə qədər ala bilməyib.

"51 faizi prezident Əliyev və ailəsinə məxsusdur"

Sabiq nazirlə vaxtilə Kiyev Dövlət Universitetində birlikdə təhsil aldıqlarını deyən Vəliyev bildirib ki, münasibətləri sonradan da davam edib. 2000-ci illərin əvvəllərində pullarını başqa banklarda saxlasa da, 2011-ci ildə keçmiş tələbə yoldaşı onu inandırıb ki, əmanətlərini "Bank Standard"a köçürsün. Şirkət rəhbəri vurğulayıb ki, onu bu bankın perspektivli olacağına inandıran bir əsas məqam olub: "Heydər Babayev mənə demişdi ki, bankın 49 faizi ona, 51 faizi isə prezident İlham Əliyev və ailəsinə məxsusdur. Hətta özünə məxsus 49 faizi mənə 70 milyon dollara satmağı da təklif etdi. Dedim ki, yox, buna pulum yoxdur. 2015-ci ilin dekabrına artıq "Bank Standard"da 41 milyon dollarım vardı...".

Vəliyevin adına olan əmanətlər sığortalı olmadığına görə bankın lisenziyasının ləğvindən sonra ləğvedici – Əmanətlərin Sığortalanması Fondu onu qaytarmaqdan imtina edib. Vəliyev "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olub.

Məhərrəmov kimdir

Vəliyevin şikayəti əsasında həbs edilən polis polkovniki Eldar Məhərrəmov isə deyir ki, Vəliyev yalan danışır. O iddia edir ki, "Bank Standard"dakı pullar Vəliyevin özünün deyil, xarici şirkətin ona etibar etdiyi vəsait olub.

71-yaşlı Məhərrəmov 80-ci illərin əvvəllərindən müxtəlif orqanlarda, o cümlədən Nəqliyyatda Baş Polis İdarəsində, Gəncə Şəhər Baş Polis İdarəsində, Naxçıvanda baş müstəntiq və başqa vəzifələrdə işləyib. 2007-ci ildə polis polkovniki kimi təqaüdə çıxıb. O, "Bank Standard"dakı pulunu çıxarmağa kömək etmək adıyla Vəliyevi aldatmaqda, saxta sənədlər hazırlayıb 44 milyon 227 min manatı özü üçün çıxarmağa cəhddə suçlanaraq, 2021-ci ilin martında həbs olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və bugünlərdə hökm çıxarılıb.

Zərərçəkmiş qismində dindirilən Vəliyev deyib ki, "Bank Standard" bağlananda xaricdə olub. Bakıya qayıdandan sonra Əmanətlərin Sığortalanması Fonduna getsə də, pulunu ala bilməyib. Bir müddət sonra məhkəməyə üz tutsa da, bu cəhdi də nəticəsiz qalıb - yerli məhkəmələr iddiasını təmin etməyib. Hazırda şikayəti Avropa Məhkəməsinin icraatındadır.

Özünü İlham Əliyevin qardaşı kimi təqdim edib

Eyni zamanda, tanışlarına da bankda pulunun qaldığını danışıb. Tanışlardan biri təklif edib ki, "yuxarılar"la əlaqəsi olan bir nəfər var, (Eldar Məhərrəmov nəzərdə tutulub-red.) bəlkə ondan kömək istəsinlər. O da razılaşıb. Bir neçə gün sonra onlar görüşüblər. Bu görüşdə Vəliyev və Məhərrəmovdan başqa adamlar da olub: "İlk görüşümüzdə Eldar Məhərrəmov özünü Heydər Əliyevin qanundankənar oğlu, Prezident İlham Əliyevin ögey qardaşı kimi təqdim etdi. Prezidentlə münasibətləri olduğunu, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubovu, həmin vaxt DTX-nın rəisi olan Mədət Quliyevi, Vitse-prezident Mehriban xanımı, onun atası Arif Paşayevi tanıdığını dedi. Bildirdi ki, əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, hazırda isə beynəlxalq təşkilatın Azərbaycan üzrə nümayəndəsi, beynəlxalq vəkildir".

Zərərçəkmiş iddia edir ki, Məhərrəmov adlarını çəkdiyi şəxslərlə əlaqə saxlayıb pulun alınmasında ona köməklik edəcəyinə vəd verib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs həmin vaxt işə başlamaq üçün ondan avans istəsə də, verməyib, deyib ki, pulunun qaytarılmasına kömək etsə, ümumi məbləğin 30 faizi onundur: "Mənə dedi ki, amma bu prosesdə müxtəlif dövlət orqanlarına gedib-gəlmək lazım gələcək, səni də heç kim tanımır, mənə etibarnamə ver, bu işin dalınca düşə bilim. İnandırmaq üçün dedi ki, artıq Mehriban xanımla mənim məsələmi danışıb. Telefonunda "Arif Paşayev" yazılmış bir nömrə də göstərdi. 44 milyon 227 min manatı idarə etmək üçün etibarnamə verməkdən imtina elədim. Dedi ki, yaxşı, onda depozit müqaviləsi və başqa sənədləri ver. Razılaşıb verdim...".

5 milyon dollarlıq dələduzluq

Vəliyev deyir ki, bundan sonra da bir neçə dəfə Məhərrəmovla görüşüblər. Bu görüşlərdə başqa adamlar da iştirak edib. Onun sözlərinə görə, Məhərrəmov təkbətək görüşməyi də təklif edib, lakin o razılaşmayıb: "Günlərin birində zəng eləyib dedi ki, yüksəkvəzifəli şəxslərdən biri bankdakı pulu xarici şirkətin vasitəsilə qaytarmağı təklif edib. Yəni depozitdəki pulların keçmiş - 2010-cu il tarixi ilə xarici şirkətlərdən birinə investisiya məqsədilə etibar olunduğu sənədləşdirilsin. Bu yolla qaytarılmasına prezidentin köməkçisi Natiq Əmirov kömək edəcək. Onda başa düşdüm ki, məni aldadır və onun köməyindən imtina etmək qərarı verdim".

Vəliyev əlavə edib ki, bundan sonra Məhərrəmov bir neçə dəfə ona zəng edib, mesajlar göndərsə də, heç birinə cavab verməyib. Bir müddət keçəndən sonra ona Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən zəng gəlib, müstəntiq ondan Eldar Məhərrəmovu tanıyıb-tanımadığını soruşub: "Onu hüquqşünas kimi tanıdığımı dedim. Müstəntiq bildirdi ki, onun oğlu haqqında 5 milyon dollarlıq dələduzluqla bağlı cinayət işi onun icraatındadır. Atası da həmin cinayət işində ziyanın ödəniləcəyini deyib və istintaqa ona aid bank sənədlərini təqdim edib. Deyib ki, bankdakı 44 milyon dollar guya onundur.. Bildirdim ki, yalandır, o pul mənimdir".

Şirkətin Vəliyevi məhkəməyə verməsi

Zərərçəkmişin dediyinə görə, müstəntiq ona Məhərrəmovdan şikayətçi olmağı təklif etsə də, onun yaşını nəzərə alaraq bundan imtina edib. Amma onun özünə bununla bağlı iradını bildirib. Günlərin birində isə məhkəmədən çağırış gəlib ki, "VR Energie GMBH" şirkəti onu məhkəməyə verib. İddia ərizəsində göstərilib ki, Vəliyev adıçəkilən şirkətin maliyyəsi əsasında humanitar məqsədlərlə yaradılmış fondun məsləhətçisi olub. Azərbaycana aid vəsait – 50 milyon dollar 2010-cu ildə ona çatdırılıb ki, lazım olduqca layihələrə xərclənsin. İddia edilib ki, şirkət rəhbərliyi son vaxtlar Vəliyevlə heç cür əlaqə saxlaya bilməyib. Ona görə əvvəlcə şirkətin adından Əmanətlərin Sığortalanması Fonduna müraciət olunub ki, Vəliyevin "Bank Standard"dakı hesabında olan vəsait Məhərrəmovun "Kapitalbank"dakı hesabına köçürülsün. Lakin Fond bu müraciətə "yox" cavabı verdiyinə görə məhkəmədə iddia qaldırılıb. Lakin Səbail Rayon Məhkəməsi bu iddiaya baxmaqdan imtina edib. Əsas kimi isə vurğulanıb ki, iddia ərizəsində göstərilən halları təsdiqləyən sübutlar yoxdur. Apellyasiya instansiyası və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

"Mən, ümumiyyətlə, nə belə şirkət tanıyıram, nə də onun məsləhətçisi olmuşam. Heç Eldar Məhərrəmovun da bu şirkətlə əlaqəsi haqda heç nə bilməmişəm. Bir müddət sonra Eldar mənə mesaj yazıb hesabımdakı pula görə məni hədələdi. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət elədim", – zərərçəkmiş belə deyib.

50 milyon ianə?

Təqsirləndirilən Məhərrəmov isə deyir ki, zərərçəkmiş yalan danışır, onun "Bank Standard"dakı hesabında olan pul "VR Energie GmBH" şirkətinə məxsus olub. O danışır ki, təqaüdə çıxandan sonra hüquqdan mühazirə dediyi ali məktəblərdən birinin göndərişiylə Macarıstanda olanda bu ölkənin parlament üzvü Rudolf Adamla, onun da vasitəsilə "VR Energie GmBH"nin prezidenti Valentin Reytenbax və maliyyə direktoru Rudolf Kalanla tanış olub. Şirkət prezidentinin təklifi ilə bir müddət sonra bu qurumun maliyyəsi əsasında yaradılmış humanitar fondun Azərbaycan üzrə rəhbəri təyin olunub. 2009-cu ildə əvvəldən tanıdığı Vəliyevin də şirkətdə MDB dövlətləri, o cümlədən Azərbaycan üzrə müşavir-məsləhətçi vəzifəsinə götürülməsinə kömək edib: "Azərbaycana ayrılan 50 milyonluq ianəni 2010-cu ilin yanvarında Rudolf Kalan çarter reysi ilə İsveçrədən Bakıya gətirib. Rişad Vəliyevin təklifi ilə həmin pullar onun adına olan "Bank Standard"dakı hesaba yatırılıb, çünki mən onda xaricdə səfərdə idim. Bu barədə mənə şirkətin rəhbəri Reytenbax özü telefonla məlumat verib. 2016-cı ildə şirkət rəhbəri özü dedi ki, o vəsaitlərə nəzarət edim, çünki Rişad Vəliyevi tapa bilmirlər".

Saxta sənədlər və ... 3 il həbs

Məhkəməyə təqdim olunan iddia ərizəsi, həmçinin bu işə Bakı Apellyasiya Məhkəməsinə baxan hakimə ünvanlanmış müraciət də Reytenbax tərəfindən imzalanıb. Bundan başqa, onun adından notarial qaydada verilmiş etibarnamə də təqdim edilib.

Məhərrəmova qarşı dələduzluq işini araşdıran Bakı Ağır Cinayətlər Məhkəməsi isə belə nəticəyə gəlib ki, Vəliyevin xarici şirkətin nümayəndəsi olması, bankdakı vəsaitlərin də həmin şirkətə məxsusluğu barədə sənədlər saxtadır. Məhərrəmov bir neçə əcnəbi ilə birləşərək Vəliyevin bankdakı pulunu ələ keçirməkdən ötrü o sənədləri hazırlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Məhərrəmovu xüsusilə külli miqdarda dələduzluğa cəhd, saxta sənədlər hazırlama və onlardan istifadə kimi əməllərdə təqsirli bilsə də, ona cəmi 3 il həbs cəzası kəsib. Məhərrəmova münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub.

XS
SM
MD
LG