Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:26

Rusiya dəniz piyadaları Ukraynada iki Çeçen müharibəsində olduğundan 4 dəfə çox itki veriblər


Uqledar şəhəri yaxınlığında yanan Rusiya tankı
Uqledar şəhəri yaxınlığında yanan Rusiya tankı

Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzü başlanandan bəri Rusiya silahlı qüvvələri Sakit okean donanmasının 155-ci dəniz piyadası briqadası Kiyev və Donetsk vilayətlərində iki Çeçenistan müharibəsində olduğundan 4 dəfə çox itki verib.

Bu barədə məlumatı BBC-nin Rus xidməti və Mediazona saytı veriblər.

Qeyd olunur ki, 155-ci briqadanın ağır yaralılar və itkin düşənlər də daxil Ukraynadakı toplam itkiləri 1450 nəfərə çatıb. Bu, briqada heyətinin təxminən yarısı deməkdir.

Təhqiqatçı jurnalistlərin mediada dərc olunmuş başsağlıqlarına istinad edən hesablamasına görə 155-ci briqada Ukraynada 234 döyüşçü itirib.

Piyadaları məhkumlar əvəzləyir

Jurnalistlər həm də qəbirstanlıqlardakı məzarları öyrəniblər. Onlar belə bir nəticəyə gəliblər ki, briqadanın 470 əsgəri həlak ola bilərdi.

Bu da bildirilir ki, 155-ci briqada ən ağır itkilərini müharibənin əvvəllərində Kiyev vilayətində, habelə 2022-ci ilin sentyabrında Donetsk vilayətinin Uqledar şəhərinə hücum edərkən verib.

Jurnalistlərin məlumatına görə itkilərin arasında kapitandan polkovnikə qədər 18 zabit var.

Bu da vurğulanır ki, briqadanın itkilərinin üçdə birini səfərbərlər təşkil edirlər.

Briqadanın ağır itkilərini dolayısı ilə habelə bu birləşməyə Müdafiə Nazirliyi ilə müqavilə bağlamış keçmiş məhkumların cəlb edilməsi göstərir.

Ağır yaralılar, itkinlər...

Eyni zamanda ağır yaralı dəniz piyadalarının sayı 940 nəfər olaraq təxmin edilir. Statistikaya görə Ukraynada həlak olan hər əsgərə 1.7-2 ağır yaralı düşür.

Sosial şəbəkələrdə qohumları 155-ci briqadadan olan 42 itkini axtarıblar.

Ukrayna hərbiyyəsinin məlumatına görə Buça, İrpen və Qostomel şəhərlərinin işğalında məhz 155-ci briqadanın dəniz piyadaları iştirak ediblər. Bu şəhərlərin işğalı zamanı çox sayda dinc ukraynalı öldürülüb.

Briqada Kiyev vilayətində gedən döyüşlərdə şəxsi heyətinin yarısını itirib.

2022-ci ilin aprelində Ukrayna jurnalistləri 155-ci briqadanın bəzi hərbçilərinin şəxsiyyətini müəyyənləşdirdiklərini yazırdılar.

Jurnalistlər qeyd edirdilər ki, bu briqadaya daxil hərbçilərin bir qismi Suriyadakı əməliyyatlarda iştirak edib.

XS
SM
MD
LG