Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:20

Rusiya-Ermənistan birgə ‘antidron’ təlimində Tovuz döyüşləri təhlil edilir?


Rusiyanın 2016-cı ildə Ermənistana verdiyi S-300 raketləri paradda (Foto arxivdəndir)
Rusiyanın 2016-cı ildə Ermənistana verdiyi S-300 raketləri paradda (Foto arxivdəndir)

İyulun 23-də Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başlanıb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Shushan Stepanyana istinadən yazır ki, təlimlərdən məqsəd kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsidir.

Xəbərdə deyilir ki, təlimlərdə Ermənistan və Rusiya zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edirlər.

Ermənistan itkilərini dron zərbəsi ilə izah edir

Azərbaycan Müdafiə Nazirliyi iyulun 22-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatının vurulduğunu bildirmişdi.

Bu da xəbər verilirdi ki, bu, Azərbaycan tərəfinin vurduğu sayca üçüncü dron idi.

Müxbirlər diqqəti belə bir məqama çəkirlər ki, bu təlim-məşqlər Azərbaycan və Ermənistan sərhədi boyunca ağır silahlardan, habelə dronlardan istifadə ilə toqquşmaların dərhal ardınca keçirilir.

İyulun 15-də Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Kocharian demişdi ki, erməni tərəfinin itkiləri, ehtimalən “kamikadze” tipli iki dronun zərbəsi nəticəsində baş verib.

Yerevan Hermes 900 vurduğunu iddia edib

İyulun 21-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinə məxsus olduğu iddia edilən dronların qırıntılarını nümayiş etdirmişdi.

Ermənistan bunu da iddia edirdi ki, Azərbaycan tərəfinin çoxfunksiyalı Hermes 900 dronu da vurulub. Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib etmişdi.

Bu dronlar İsrailin Elbit Systems şirkəti tərəfindən istehsal olunur.

Bu arada elə İsrailin Defense Update hərbi jurnalında Tamir Eshel yazır ki, Ermənistan tərəfinin Hermes 900 dronunu vurması Ermənistanın rəsmi dairələrinin paylaşdığı videolarda inandırıcı görünmür.

Məqalədə deyilir ki, Ermənistan tərəfi vurduğunu iddia etdiyi 13 Azərbaycan taktiki dronlarının qırıntılarını nümayiş etdirib, amma bu qırıntılar ən müasir Hermes-900 dronunun vurulduğunu iddia etməyə əsas vermir.

“Həvəskar video”

Tamir Eshel diqqəti belə bir məqama yönəldir ki, “Yerevan rəsmi dairələrinin” yaydığı və mobil telefonla həvəskar çəkilişə bənzəyən videoda uçan hədəf optik baxımdan görünür və hətta fokusla yaxınlaşdırılır.

Müəllif yazır ki, sözü gedən uçan obyekt V şəkilli quyruğu olan Hermesi yox, adi təyyarəni xatırladır. Bu an arxa plandan raket buraxılışına bənzəyən səs gəlir. Bundan sonra uzaqda partlayış parıltısı görünür və əl çalan adamların:

“Biz onu vurduq!” sədaları eşidilir.

Məqalədə deyilir ki, dronun vurulması bu cür görüntülənə bilməz. Üstəlik videoda vurulduğu iddia edilən obyekt Hermes 900 dronuna qətiyyən bənzəmir. Ekspertin qənaətinə görə bu “ikiturbinli dar gövdəli sərnişin təyyarəsinə” oxşayır.

İsrailli ekspertin mülahizəsi

Tamir Eshel yazır ki, Hermes 900 tipli strateji PUA-lar kəşfiyyat uçuşlarını bir qayda olaraq on cəbhə xəttindən mümkün qədər uzaqda, hava hücumundan müdafiə raketlərinin vuruş məsafəsi xaricində yerinə yetirir:

“Doğrudur Ermənistanın S-300 kimi yer-göy tipli raketləri vardır. Lakin belə raketlər hədəfi atıldığı yerdən uzaq məsafədə vurur ki, bu zaman belə bir vizual videoçəkiliş etmək mümkün olmamalıydı. Daha yaxınvuran raketlərlə, məsələn Ermənistanın yeni TorM2MK raketi ilə vuruş vizual ola bilərdi, amma Hermes 900-ün Tor raketlərinin vuruş dairəsinə girməsi ağlabatan deyil”.

Tamir Eshel-in firkincə videodakı partlayış da problemlidir. Ekspert yazır ki, Hermes 900 4500 metr yüksəlikdə uçur və vurulduğu təqdirdə onun od içində yerə tökülən parçaları aydın görünməli idi.

O bu nəticəyə gəlir ki, Hermes 900 dronunun vurulmadığına dair Azərbaycan tərəfinin təkzibi ilə razılaşmalı olur.

Planlı təlimin plandankənar dərsi: Tovuz döyüşləri

Eshelsual edir ki, görəsən Ermənistan tərəfi niyə belə bir iddia irəli sürüb? O bu qənaətə gəlir ki, Ermənistanın belə bir dronu vurmasını iddia etməsi Rusiya ekspertlərinin Yerevana gəlməsi və“əvvəlcədən planlaşdırılmış hava hücumundan müdafiə manevrlərinə” başlaması ilə bağlı ola bilər.

Məqalədə deyilir ki, son aylarda Rusiyanın SA-22 Pantsir S səyyar müdafiə sistemlərinin Liviyada Türkiyə dronlarından rüsvayçı zərbə almasından sonra Moskvanın “qalibiyyət tablosuna” ehtiyacı var.

Bu arada Eurasia Daily saytı Ermənistan Müdafiə Nazirliyinə istinadən yazır ki, iyulun 23-də başlamış Ermənistan-Rusiya birgə təlimləri zamanı Azərbaycan-Ermənistan sərhədinin Tavuş sektorunda baş vermiş döyüş əməliyyatları təhlil olunur.

Nazirlik bildirib ki, “bu döyüşlərin hava komponenti Ermənistan tərəfindən tamamilə sənədləşdirilib”.

Nazirliyin sözçüsü deyib:

“Hava hücumundan müdafiə tədbirlərinin çərçivəsində plandankənar qaydada obyektiv nəzarətin arxiv vəsaitlərinin təhqiqatı aparılır. Erməni tərəfi düşmənin taktikasını və Ermənistan hava hücumundan müdafiə birləşmələrinin hərəkətlərini təhlil edir”.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir

XS
SM
MD
LG