Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:00

Rusiyanın LGBT qanunu. 'Stalin dövründən də sağ çıxmışıq'


Japan LGBT
Japan LGBT

Noyabrın 27-də Rusiyada yeni muzey açılıb. Ancaq bu muzey heç bir həftə çəkməmiş bağlana bilər. Çünki Dövlət Duması noyabrın 24-də LGBT “təbliğatına” qarşı əvvəlkindən də sərt qanun qəbul edib. Qanunun dekabrın 1-i qüvvəyə minməsi gözlənilir.

Bu yeni qanuna görə, Rusiyanın ilk LGBT mədəniyyəti muzeyi qanunsuzdur.

Muzey necə yarandı

Muzeyin ziyarətçilərini girişdə bəstəkar Pyotr Çaykovskinin portreti qarşılayır. Onun imperiya dövründə Rusiyanın ən çox tanınan gey şəxsi olduğu deyilir. LGBT fəalı və tarixçi Pyotr Voskresenski də Klindəki Çaykovski muzeyini ziyarət edərkən LGBT muzeyi yaratmaq haqda düşünməyə başlayıb.

"Muzeyin açılmasının konteksti vacibdir. Çünki ölkəmiz total diktaturaya çevrilmə dövründədir. Və [bu diktatura] tarixin əsas rol oynadığı ideologiya üzərində qurulur. Hökumətə görə, keçmişimiz bizim gələcəyimizdir. Özü də bu xəyali keçmişin içində yalnız “ənənəvi dəyərlər” var, LGBT insanlar yoxdur”, – Voskresenski deyir.

Voskresenskinin kiçik muzeyində 40-dək eksponat var. Onların arasında onun illərlə topladığı dekorativ əşyalar, zərgərlik əşyaları və kitablar da yer alıb. Bu eksponatların məqsədi Rusiyada əsrlərlə geylərin olduğunu göstərməkdir.

"Ənənəvi dəyərlər təkcə böyük monoqam ailələr deyil. Bu mənzərənin içində kvir insanlar da olub”, – Voskresenski deyir.

Qanunda nələr var

Yeni qanun Rusiyanın 2013-cü ildə qəbul etdiyi LGBT “təbliğatı” qanunundan da sərtdir. Bu qanun “qeyri-ənənəvi cinsi münasibətlər və istəkləri təbliğ edən” reklamları, film, kitab, sənət əsərləri və digər materialları yasaqlayır. Qaydanı pozanlara qarşı cərimələrsə kəskin artırılaraq fiziki şəxslər üçün 800 min rubla (14 min dollar), hüquqi şəxslər üçünsə on milyonlarla rubla çatacaq.

“Eksmo-AST” nəşriyyat qrupunun prezidenti Oleq Novikov deyir ki, qanun hazırda Rusiya bazarındakı kitabların 50%-ə qədərinə təsir edə bilər.

Fəalların sözlərinə görə, yeni sənəd antigey nifrət nitqini və hərəkətlərini də leqallaşdıra bilər. Üstəlik, 2013-cü il qanunundan sonra olduğu kimi, ölkədə zorakılıq halları arta bilər.

“Sağ qalmışıq”

Voskresenski deyir ki, əslində, onun muzeyini Rusiyada ilk LGBT muzeyi adlandırmaq düzgün deyil. Çünki hələ XIX əsrdə Sankt-Peterburqda bənzər kolleksiya nümayiş etdirilib.

"Əlbəttə, biz istənilən repressiyadan sağ çıxacağıq. Muzeyin özü bizim indiyə sağ çıxmağımız faktının monumentidir. Biz kommunistlər və Stalin dövründən də sağ çıxmışıq. Nasistlərdən sonra da həyatda qalmışıq. Onların hamısından sonra sağ qalmışıq", – Voskresenski AzadlıqRadiosunun “Sever.Realii” portalına deyib.

Qanun qüvvəyə minərsə, Voskresenskinin muzeyi bağlanacaq və toplanaraq gizlədiləcək. Onun sözlərinə görə, muzey böyük ehtimalla "mühacirətə” gedəcək və yenidən Rusiyaya qayıda biləcəyi zamana qədər daha açıq bir ölkədə “qaçqın” həyatı yaşayacaq.

Ancaq o deyir ki, LGBT mövzuları Sankt-Peterburq muzeylərində göstərilməyə davam edəcək. Məsələn, yerli fəallar Dövlət Ermitaj Muzeyindəki “kvir incəsənəti”nə həsr olunmuş onlayn sorğu kitabçası düzəldiblər.

"Qoy onların hamısını qadağan etməyə çalışsınlar. Bacarmayacaqlar”, – Voskresenski deyir.

XS
SM
MD
LG